Erməni hakimiyyəti üçün Qarabağ imtahanının son mərhələsi…

8 Fevral 2019 18:40 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğalçı Ermənistan daxilində ziddiyyətlərin getdikcə özünün pik həddinə çatması müşahidə olunmaqdadır. Ermənistan baş naziri Nikol Paşinyanın vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı” ilə çəkişməsinin dərinləşməsi fonunda bu hal özünü daha qabarıq formada büruzə verir.

Yaranmış vəziyyətdə erməni mətbuatı iddia edir ki, Paşinyan Qarabağ məsələsində çox ciddi güzəştlərə hazırdır və danışıqlar məhz ilk olaraq Ermənistanın Qarabağ ətrafında işğal etdiyi ərazilərin azad olunması ilə bağlı aparılır. Qeyd olunur ki, ABŞ və Rusiyadan artan təzyiqlər, regionda yaranan yeni vəziyyət də Paşinyanı buna vadar edir.

“İravnuk” qəzeti hətta yazır ki, Moskvada Qarabağla bağlı çox ciddi planlar işlənməkdədir. Bildirilir ki, Rusiyanın bölgədə milli maraqları baxımından çox ciddi dəyişikliklər baş verib. Rusiya Türkiyə və Azərbaycanla yaxınlaşmağa və strateji əməkdaşlıq etməyə başlayıb. Artıq Rusiya üçün həm Azərbaycan, həm də Türkiyə ilə bu münasibətləri qoruyub saxlamaq çox önəmlidir. Eyni zamanda, Rusiyanın Ermənistanla münasibətlərində çox ciddi problemlər müşahidə edilir. O cümlədən də Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Qərbpərəst siyasətçilərin əsas dövlət vəzifələrinə təyin olunması prosesi baş verdi. Ona görə də təkcə beynəlxalq hüquq normaları deyil, artıq Rusiyanın milli maraqları da Qarabağ məsələsində mövcud durumu dəyişməyi diqtə edir. Bu dəyişiklik də erməniləri narahat edir. Bu dəyişiklik nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılacağı şansı yaranır. Lakin Ermənistan daxilində buna maneə yarada biləcək əsas tərəf qismində "Qarabağ klanı" çıxış edir.

Qeyd edək ki, elə Paşinyan da "Qarabağ klanı"ndan ehtiyat etdiyi üçün Qarabağ danışıqları barədə açıqlama vermir. Azərbaycanın əsas tələbi isə münaqişənin mərhələli həll planı üzrə nizamlanması ilə bağlıdır və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılmalıdır. Lakin "Qarabağ klanı" və müəyyən qüvvələr bu prosesə əngəl yaratmaq niyyətlərini gizlətmir. Məsələn, bu günlərdə “Daşnaksütyun” Partiyasının Xankəndidə böyük qapalı yığıncaq keçirməsi və Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət barədə burada nümayiş etdirilən mövqe göstərir ki, həqiqətən də ermənilər arasında konfliktlə bağlı ciddi ziddiyyətlər hökm sürür.

Daşnakların 30 il ərzində Qarabağda keçirdikləri ilk belə qapalı toplantıda Ermənistanın indiki rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyi müzakirə olunub. “Daşnaksütyun” partiyasının yeni lideri Armen Rüstəmyan həmin toplantının Nikol Paşinyana mesaj olduğunu gizlətməyib. Rüstəmyan Rusiyada mənzillənmiş “EurasiaDaily” erməni saytına müsahibəsində deyib ki, hazırda Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda ciddi fəallaşma müşahidə olunur. Onun bildirdiyinə görə, 30 il əvvəl olduğu kimi, indi də Ermənistan siyasətində mərkəzi mövzu Qarabağdır. Daşnakların lideri qeyd edib ki, onların partiyası Ermənistan parlamentində hazırda təmsil olunmasa da, Qarabağın taleyindən söhbət gedərsə, parlamentdəki və indiki hakimiyyətdəki bir çox şəxslərin daşnakların tərəfinə keçəcəyinə inanır: “O vaxt SSRİ-nin dağılmasından sonra Ali Sovet formalaşanda “Daşnaksütyun” ümumiyyətlə seçkilərdə iştirak etmirdi və parlamentdə təmsil olunmurdu. Amma o vaxt hakimiyyətə gələn qüvvə Dağlıq Qarabağın Ermənistanla birləşməsi ideyasından geri çəkilməyə başlayan kimi parlamentdə bizim partiyanı dəstəkləyən kifayət qədər iri deputat qrupu yarandı”. Rüstəmyana görə, vaxtilə “ərazilərin əvəzində sülh” variantına razılıq vermək istəyən Levon Ter-Petrosyan güclü müqavimətlə üzləşib istefa verdi. Ona görə də erməni reallığında kim məsələni bu yolla həll etməyə çalışsa Ter-Petrosyanın aqibətini yaşayacaq.

Daşnakların lideri Ermənistanın indiki hakimiyyəti ilə Dağlıq Qarabağdakı rejim arasında ciddi gərginliyin olduğunu inkar etməyib. Bildirib ki, bir qrup adamlar Ermənistanda 2018-ci ilin aprelində baş verənləri Dağlıq Qarabağda da təkrarlamaq istəyir: “Onlar hətta deyirlər ki, inqilab Qarabağı da əhatə etməsə, onu əsl inqilab saymaq olmaz. Bizim üçün bu qəti şəkildə yolverilməzdir. Qarabağda cəmiyyəti Ermənistandakı kimi “ağlara” və “qaralara” bölmək olmaz. Çünki ciddi təhlükəsizlik risqi var. Biz təhlükəsizlik qarantiyamızı azaltsaq, mövqelərimizi zəiflətsək, Azərbaycan bundan istifadə edib müharibəyə başlayacaq. Problem məhz bundadır. Bakını kimsə kənardan müharibəyə təşviq etməyəcək, biz özümüz düşünülməmiş hərəkətlərimizlə belə bəhanə verə bilərik. Bununla bağlı mən iki tarixi paralel aparmaq istərdim. 1990-cı illərin əvvəllərində hakimiyyətə gələn Ter-Petrosyan verdiyi vədlərdən geri çəkilib ölkədə elə böhran yaratdı ki, altını indi də çəkirik. İkincisi, yenə də 1990-cı illərin əvvəllərində Azərbaycandakı daxili qeyri-stabillik, çəkişmələr, didişmələr qonşu ölkənin müdafiə qabiliyyətini sarsıtdı. Biz isə elə həmin səbəbə görə Qarabağ cəbhəsində uğurlar əldə edə bildik. İndi biz Azərbaycana belə bəhanə verə bilmərik ki, hərbi əməliyyatlara başlamağa həvəslənsin”. Ekspertlər isə hesab edir ki, hazırda Ermənistanda tam hakimiyyətini bərqərar edən Paşinyan daşnakların bu təhdidinə, çətin ki, səssiz qalsın. Hesab olunur ki, o, "Qarabağ klanı" ilə bağlı niyyətlərini həyata keçirdikdən sonra daşnaklarla da ciddi surətdə məşğul olacaq. Amma qarşı tərəfin mümkün müqaviməti də ölkəni əhəmiyyətli dərəcədə zəiflədəcək.

Əksər araşdırmaçılar belə düşünür ki, indiki məqamda münaqişənin həlli istiqamətində qəti addım atılması, əslində Paşinyanın mövqelərini gücləndiər bilər. Ən azı o baxımdan ki, əvvəla, Ermənistan Qarabağ məsələsi üzündən daim başının üzərində olan təhlükədən qurtula bilər. Digər tərəfdən, artıq dəfələrlə deyildiyi kimi, bu hal Ermənistanın dövlət olaraq inkişafına ciddi təkan verərdi. Elə erməni cəmiyyətinin də istədiyi məhz budur. Proseslərin fərqli məcrada inkişafı isə yeni Qarabağ savaşını qaçılmaz edir və müharibə yenidən başlasa, Paşinyan Azərbaycanla mümkün əməkdaşlıq şansını ümumiyyətlə itirə bilər. Digər tərəfdən, Paşinyana o da aydındır ki, Azərbaycanın hərb varinatına əl atması qarşısında erməni ordusu qətiyyən duruş gətirə bilməz. Bunu erməni tərəfi özü də təsdiq edir.

Hətta diqqət ona da yönəldilir ki, Azərbaycan hərbə əl atsa, Ermənistan hansısa danışıqlar olmadan əraziləri geri qaytaracaq. Bunun sübutu kimi Ermənistanda 3 il əvvəl baş tutan aprel döyüşləri xatırlanır. Çünki həmin vaxt ciddi hərbi zərbə alan ermənilər artıq mərhələli şəkildə əraziləri azad etməyə razılıq vermək üzrə idilər. Bunu erməni ekspert Vaan Badasyan da təsdiq edir. Belə ki, Dağlıq Qarabağın qondarma  “parlamentinin” keçmiş “deputatı” Vaan Badasyan keçmiş “müdafiə naziri” Samvel Babayanın 2016-cı ilin aprel müharibəsinin ardınca o vaxtkı Ermənistan prezidenti Serj Sarkisyanın bəzi əraziləri Azərbaycana qaytarmağı nəzərdən keçirdiyi haqda dediklərini təsdiqləyib. “Azadlıq” radiosunun erməni xidmətinə danışan Badasyan bildirib ki, 2016-cı il iyulun 16-da Serj Sarkisyan Xankəndidə Qarabağ separatçı hərəkatının təxminən 20-yə yaxın fəalı və “DQR” rəhbərliyinə daxil olan şəxslərlə görüşüb. Onlarla ərazilərin güzəştə gedilməsi məsələsini müzakirə edib.

Badasyanın iddiasına görə, Serj Sarkisyan cəmiyyəti bu güzəştlərə hazırlamağa cəhd edib. Amma həmin müzakirələrdən cəmi bir gün sonra-iyulun 17-də İrəvanda “Sasna Tsrer” yaraqlıları post-patrul polisi alayının qərargahına hücum edib: “Bəli, görüşüblər və ərazilərin güzəştə gedilməsini müzakirə ediblər. Doğrudur ki, orda biabırçı mövqelər olub, mən bu haqda bilirəm, amma adları açıqlamaq istəmirəm. Lakin söhbət əsasən güzəştlərdən gedib”. Qarabağlı siyasətçinin bildirdiyinə görə, görüşdə ”Madrid prinsipləri”nin reallaşmasından danışılıb: “Məsələ burasındadır ki, ”Madrid prinsipləri” qəbul edilmişdi və onlar həmin sənədin reallaşması üçün hər şeyi ediblər. Qarabağ ”hakimiyyəti” isə susmaqla buna razı olub, heç kim etiraz etməyib. İndi deyə bilərəm, açıqlayaram, amma artıq gecdir. Bu bizim üçün, bizim xalqımız üçün biabırçılıqdır, məğlubiyyətdir və orada göstərilməyib ki, məhz Azərbaycan güzəştə gedib. Orada erməni tərəfinin birtərəfli güzəştindən söhbət gedir”. Badasyana görə, Qarabağ erməniləri bu planı qəbul etməyəcəkdi. Amma fakt budur ki, ”rəhbərlikdən” heç kim həmin plana etiraz etməyib.

Qeyd edək ki, uzun illər danışıqlar predmeti olan ”Madrid prinsipləri”nə əsasən, nizamlama prosesinin birinci mərhələsində Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların 5-i boşaldılmalı, Dağlıq Qarabağa aralıq status verilməliydi. Daha sonra digər ərazilər boşaldılmalı idi. Amma erməni tərəfinin qeyri-konstruktivliyi səbəbindən  Dağlıq Qarabağ münaqişəsinin bu formada həlli mümkün olmayıb. Amma yuxarıda qeyd edilənlərdən həm də o aydın görünür ki, İrəvan hərbi müstəvidə konkret təzyiqlər gördükdən sonra Bakının istəkləri ilə razılışmağa məcbur olub. İndi də Paşinyan ölkəsi daxilində Qarabağ məsələsi ilə bağlı yaşanan ziddiyyətləri həll edib münaqişənin dinc müstəvidə həlli üçün yaxın tezlikdə əməli addımlar atmasa, Azərbaycan hərb varinatını yenidən işə salmalı olacaq. Bu zaman nəticənin necə olacağı heç kimə sirr deyil və Paşinyan özü də ölkəsinin ağır məğlubiyytə düçar olacağını yaxşı bilir. Hər halda indi seçim onundur. Paşinyan məsələnin həllinə zidd davranışlar sərgiləsə, ağır məğlubiyyətə də hazır olmalıdır. Bunun əksi üçün o, ilk növbədə ölkəsi daxilində məsələnin dinc müstəvidə həllinə qarşı olanları neytrallaşdırıb, ardınca zəbt olunmuş ərazilərin tədricən işğaldan azad edilməsinə start verməlidir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.