Qanunsuz dərman satışına qarşı sanksiyalar sərtləşdirilir...

11 Yanvar 2019 16:11 (UTC+04:00)

Adil Qeybulla: “Dərman vasitələrinin saxlanması, daşınması və istehsalına dair tələbləri pozan şəxslərin müəyyən məbləğdə cərimələnməsi vacibdir”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. Dəyişikliyə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.

Həmçinin, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslərin beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslərin min manatdan iki min manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulub.

Dərman satışı qaydalarına riayət etməyən şəxslərin qanun çərçivəsində cərimələnməsi ekspertlər tərəfindən də təqdir olunur.

Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bəzi dərman vasitələrinin istehsalından tutmuş, dövriyyəsinə qədər xüsusi qayda olmalıdır. Eyni zamanda, dərmanların satışında bəzi nüanslar nəzərə alınmalıdır: “Dərman vasitələrinin  saxlanması, daşınması və istehsalına dair tələbləri pozan şəxslərin müəyyən məbləğdə cərimələnməsi vacibdir. Bəllidir ki, hazırda dərman preparatları ilə bağlı müəyyən problemlər yaşanır. Əsas problem dərman preparatlarının saxlanması ilə bağlıdır. Onların hansı temperaturda saxlanmasına bəzən apteklər lazımi səviyyədə əməl etmirlər. Dərman vasitələrinin satışı zamanı xüsusi nüanslar var ki, onu gözləmək lazımdır. Elə preparatlar var ki, onlar psixotrop qrupa aid olduğu üçün, xüsusi resept əsasında satıla bilər. Eyni zamanda, istifadə müddəti bitməsinə az qalan dərmanlarla necə davranılması, həmçinin, istifadə müddəti bitən preparatlarla bağlı müəyyən qaydalar var. Hər bir kəs dərman vasitələri ilə davranış qaydalarına riayət etməlidir. Bununla bağlı ölkənin özünəməxsus qayda-qanunu olmalıdır. Bu kimi qaydalar Prezident tərəfindən imzalanan sərəncamda əks olunub”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, sərəncamda apteklərin fəaliyyətinə də toxunulub: “Adətən apteklərdə dərmanların satışı və saxlanması həyata keçirilir. Əczəxanalar dərman vasitələrini düzgün saxlamalıdırlar: “Apteklərdən dərman satışı yalnız resept əsasında həyata keçirilməlidir. Bu gün apteklər xəstənin istəyi əsasında, resept olmadan ona antibiotik verir. Bu düzgün deyil. Satış, gəlir xatirinə müəyyən qaydaları pozmaq olmaz. Sərəncamda dərman vasitələrinin satışı məsələsinə də toxunulub. Resept olmadan dərman satan şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq cərimələnməlidirlər. Bu səbəbdən də hesab edirəm ki, yeni imzalanan sərəncamda apteklərin fəaliyyətinə nəzarətin tətbiq olunması düzgün qərardır”.

Günel CƏLİLOVA