Türkiyə Suriyada intensiv əməliyyat hazırlıqlarına başladı

11 Yanvar 2019 14:36 (UTC+04:00)

Türkiyə Respublikasının Müdafiə Nazirliyi Suriyada keçiriləcək yeni əməliyyata intensiv hazırlıqlara başlaması barədə açıqlama yayıb.

Baki-xeber.com-un TASS-dan aldığı xəbərə görə, açıqlamada Müdafiə naziri Hulusi Akarın əməliyyatın əsas hədəfi olaraq Menbiç və Fərat çayının şərq hissəsini təyin etdiyi xəbər verilir. Akar deyib ki, artıq bununla bağlı bütün planlar işlənib hazırlanıb. Türkiyənin milli Müdafiə naziri onu da deyib ki, ordu bu əməliyyatda da əvvəlkilərdə olduğu kimi hərəkət edəcək və “terrorçuları elə həmin xəndəklərə göməcək”. Lakin o, əməliyyatın başlanma tarixi barədə konkret bir söz deməyib.

Xatırladaq ki, dekabrın ortalarında Türkiyə prezidenti Ərdoğan Ankaranın “yaxın günlərdə” Suriyada, Fərat çayının şərq sahillərində kürd qruplaşmalarına, konkret “Xalq üzünümüdafiə qüvvələri”nə qarşı əməliyyata başlayacağını bildirmişdi. Eyni zamanda qeyd etmişdi ki, Ankaranın məqsədi Menbiçin kürd silahlı birləşmələrdən təmizlənməsi və şəhərin ərəb ailələrinə təhvil verilməsidir. Əməliyyata hazırlıqlar isə Trampın ABŞ ordusunun Suriyadan çıxarılması barədə göstərişinin ardından daha intensiv xarakter alıb.

Bundan öncə Türkiyə Suriyada iki uğurlu əməliyyat aparıb ki, onlardan biri “Fərat qalxanı”, digəri “Zeytun budağı” adlanırdı. Bu əməliyyatlar nəticəsində sərhədyanı Azez və Cerablus şəhərləri və kürdlərin yaşadığı Afrin bölgəsi arasında bufer təhlükəsizlik zonası yaranmışdı.