Rusiya Ermənistana təzyiqlərini işə salır – son və həlledici təzyiqin Qarabağla əlaqədar olacağı deyilir

10 Yanvar 2019 18:50 (UTC+04:00)

Rusiya və Ermənistan arasında sürətlə pisləşən münasibətlər fonunda Moskvanın artıq İrəvana qarşı müəyyən təzyiq vasitələrini işə salması müşahidə olunmaqdadır. Belə görünür ki, Rusiya-Ermənistan münasibətlərinin Nikol Paşinyan dönəmində yaxşılaşmasına ümid olmadığından, Moskva artıq təzyiq üsulunu özü üçün daha məqbul sayır. Hesab edilir ki, Rusiyanın Ermənistana təzyiqləri genişspektrli olacaq və bura iqtisadi prosedurlardan tutmuş siyasi məsələlərə qədər çoxsaylı məqamlar daxil olacaq.

Bundan başqa, Rusiyanın Ermənistana hərbi müstəvidə, eləcə də Dağlıq Qarabağ münaqişəsi vasitəsilə təzyiqlər göstərməsi proqnozlaşdırılır. Məhz Qarabağ kartı ilə İrəvanın cəzalandırılması Ermənistanda mövcud hakimiyyətə qarşı etiraz dolu mövqenin yaranmasına təsir göstərəcək ən önəmli faktorlardan sayıldığından, Kremlin bundan mütləq şəkildə yararlanacağı gözlənir. İndilikdə isə Rusiya Ermənistana cəza tədbiri kimi iqtisadi rıçaqlardan başlayıb. Elə rusiyalı ekspert Sergey Aleksaşenko da vurğulayır ki, Rusiyanın Ermənistan üçün qaz qiymətini artırması İrəvanı “məxməri inqilaba” görə cəzalandırmaqdır: “Bu qərar xalqın etirazı ilə prezidentin istefaya getməsinə görə kəsilən cəzadır. Vladimir Putin üçün belə şeylər yolverilməzdir. Putin hesab edir ki, buna görə həmin ölkə cəzalanmalıdır”. “Kommersant” qəzeti isə yazır ki, Rusiyanın “Qazprom” dövlət şirkəti Ermənistana sərmayə qoyuluşunu azaltmağı planlaşdırır. Qeyd olunur ki, indiyə qədər “Qazprom”un Ermənistanda fəaliyyət göstərən “Qazprom Armeniya” törəmə şirkəti ölkənin infrastrukturuna sərmayə qoyurdu, lakin artıq vəziyyət dəyişəcək: “Şirkət Ermənistana qaz nəql edən yeganə tədürükçüdür. İrəvanın İrandan aldığı təbii qaz isə elektrik enerjisinin əldə edilməsinə sərf olunur. 2018-ci ilin hakimiyyət çevirilişindən sonra İrəvanla Rusiyanın dövlət qurumları arasında münasibət mürəkkəbləşib. Ötən ilin iyulunda Ermənistanın Dövlət Gəlirlər Komitəsi “Qazprom Armeniya” və “Avtoqaz”ın fəaliyyətin vergi ödənilməsində qanun pozuntuları aşkarlayıb. Bu isə Moskvada qıcıq yaradır və Ermənistana qoyulan sərmayələrin azaldılmasına təsir edir. Elə bu səbəbdən “Qazprom” Ermənistanla aparılan danışıqları şərh etməyib. Ermənistan baş naziri səlahiyytlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyanın sözlərinə görə, tarifin qorunması ilə borcların yığılmasına və erməni aktivlərinin Rusiya tərəfinə güzəştə getməsinə ehtiyac qalmayacaq. O əlavə edib ki, Ermənistan qaz almaq üzrə İranla danışıqları davam etdirəcək. Ermənistandakı yeni hakimiyyətin “Qazprom”un törəmə müəssisəsinə sərt münasibətindən sonra dövlət şirkətinin bu ölkədə resurslarını saxlaması qəribə görünər. Bu isə Ermənistanı Rusiya sərmayələrindən məhrum edir”.

Erməni mediası isə təzyiq məsələsinin başqa bir tərəfinə nəzər salır. “İravnuk” yazır ki, Moskva cəza tədbirlərindən biri kimi keçmiş prezident Robert Köçəryan amilindən istifadəni nəzərdə tutur: “Ermənistanın indiki hakimiyyətinin tərəfdarlarla əməkdaşlıq etmək üçün rasional proqramı olmadığından, cinayətkar-oliqarx sistemə nüfuzu ilə təsir edir. Ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan isə məhz bu fonda Rusiya prezidenti Vladimir Putinlə görüşdə Robert Köçəryan məsələsini gündəlikdən çıxara bilməyib. Paşinyan Rusiya-Ermənistan məsələsini Köçəryanın kölgəsindən çıxarmaqda hələ də acizdir. Rəsmi Moskva İrəvana kölgə təzyiqi kimi Robert Köçəryandan istifadə edir. Robert Köçəryan erməni cinayətkar oliqarxiyasının qurucusu, hətta onun rəmzidir. Onun həbsi isə köhnə sistemin məhvi deməkdir. Elə bu şəraitdə sistemin Rusiyadan aldığı dəstəklə Paşinyana müqaviməti artır. Bu təzyiqlərə Paşinyanın nə qədər davam gətirəcəyi isə yaxın tezlikdə bəlli olacaq”.

Məsələyə başqa bir rakursdan toxunan “Kommersant” qəzeti isə yenidən diqqəti buna yönəldir ki, Moskva Paşinyandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) da heyfini çıxmaqda israrlıdır. Bildirilir ki, 2019-cu ildə KTMT-nin yeni baş katibinin kimin təyin olunmasından asılı olmayaraq, Paşinyanla bağlı Moskvada uyğunsuz tərəfdaş, hər şeyin gözlənilməsinin mümkün olduğu obrazı yaranıb. Qəzetə açıqlama verən adının çəkilməsini istəməyən rusiyalı məmurlardan biri Paşinyanın sistem adamı və dövlət xadimi olmadığını deyib: “Paşinyan dövlətlərarası münasibəti bazar elementinə çevirir. Ermənistanda şəxsi hakimiyyət rejiminin formalaşması narahatlıq yaradır. Belə ki, Aleksandr Lukaşenko və ya Nursultan Nazarbayevdən fərqli olaraq, Paşinyan qeyri-müəyyən şəxsdir”. Bütün bunlardan isə Paşinyanın artıq müəyyən qorxuya düşməsi də açıq qeyd olunur. Çünki KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun Ermənistanda 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunaraq vəzifəsindən kənarlaşdırılmasına, həbs edilərək yenidən sərbəst buraxılmasına rəğmən, son aylar Paşinyan hökuməti onun iştirakı ilə heç bir istintaq aparmayıb. Vəkil Miqran Poqosyanın sözlərinə görə, Kassasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarla bağlı verilən şikayətə baxması və ya imtinası üçün nəzərdə tutulan müddət artıq bitib, lakin hələ də ortada qərar yoxdur: “Təəccüblənmərəm ki, Kassasiya Məhkəməsi şikayətə baxmamaq qərarına gəlsin. Məhkəmə bu işə qiymət verməkdən qaçır”.
Erməni mediasında yayılan məlumata əsasən, telefon söhbətilə bağlı gizli səs yazısı yayıldıqdan sonra hər kəsə bəllidir ki, baş nazir səlahiyyətlərinin icraçısı Paşinyan ədliyyə sisteminə təzyiqlər və hakimlərin çıxardığı qərarlara birbaşa müdaxilə edir. Həmin səs yazılarında Paşinyan Rusiyanın qorxusundan Xaçaturovla bağlı məsələnin hələlik bir kənara qoyulmasını və diqqəti yayındırmaq üçün Robert Köçəryanın həbsi barədə işlərin sürətləndirilməsini tapşırmışdı. İstisna edilmir ki, Paşinyan Moskvanı növbəti dəfə qıcıqlandırmamaq üçün Xaçaturovla bağlı nə qərar verəcəyini dəqiqləşdirmədiyindən, əmr gözləyən hakimlər də hərəkətsiz qalıblar. Lakin qeyd olunur ki, bu hərəkətsizlik Moskvanı qane etmir və Rusiya cəza tədbirlərinin davam etməsində israrlıdır. Həmin cəza tədbirlərinin Qarabağ məsələsini də əhatə edəcəyini MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev də təsdiq edir. O, “Moskovskiy Komsomolets” qəzetinə müsahibəsində öncə Paşinyanın komandasının antirusiya mövqeli siyasətçilərdən formalaşdırılmasına diqqət çəkərək qeyd edir: “Rusiyanı narahat edən həm də budur ki, növbədənkənar parlament seçkilərindən sonra Ermənistan parlamenti bütülüklə Paşinyanın partiyasından və onu dəstəkləyən qüvvələrdən təşkil olunub. Belə vəziyyətdə Ermənistanda yenidən inqilab baş verə və Paşinyanın yerinə daha radikal adamlar gələ bilər. Bax, Rusiyanı narahat edən də budur. Üstəlik bu, Paşinyanın əhali arasında  populyarlığının sosial-iqtisadi problemlərin daha da dərinləşməsi üzündən azalması fonunda baş verir”. Rusiyalı ekspertə görə, belə vəziyyətdə ermənilər Azərbaycanın işğal edilmiş ərazilərini əldən verə bilər: “Çünki Gürcüstan və Ermənistandakı proseslərlə müqayisədə Azərbaycan “sabitlik adasıdır” və açıq-aşkar Qarabağı geri qaytarmaq planları qurur. Prosesdə Azərbaycana Rusiya da yardım göstərə bilər. Çünki Ermənistanda hazırda ABŞ və Böyük Britaniya çox yüksək fəallıq göstərir. Bunun özü də neqativ amildir. Neqativdir təkcə ona görə yox ki, biz həmin dövlətlərlə Ermənistanda rəqabət aparırıq. Ona görə ki, Rusiya ilə hərbi əməkdaşlığın zəifləməsi Ermənistanın ərazi bütövlüyünü şübhə altında qoyur. Təəssüf ki, indiki hakimiyyət bunu dərk etmir. Mən hələ Dağlıq Qarabağda vəziyyətin destablizasiyası cəhdlərini demirəm, bu cəhdlər Qarabağın bütünlüklə Azərbaycanın nəzarətinə qayıtmasına çıxara bilər”.

Yevseyev iddia edir ki, Ermənistana qarşı müxtəlif ölkələrin iddiaları var. Və Dağlıq Qarabağda irimiqyaslı əməliyyatlar başlasa münaqişə Ermənistan ərazisinə də keçə bilər. Onun sözlərinə görə, bunu Azərbaycan tərəfdən səslənən bəzi bəyanatlar da təsdiq edir. O cümlədən, Azərbaycan və Türkiyə qoşunlarının birgə əməliyyatı istisna deyil: “İndi sual yaranır: Ermənistandakı Rusiya hərbi bazası nə üçündür? Baza Ermənistanı Türkiyədən qoruyur. Ona görə də Rusiya ilə Ermənistan arasında hərbi müttəfiqliyin zəifləməsi Ermənistanı çox ciddi təhdid altında qoya bilər və onun özü təkbaşına bu təhdidin öhdəsindən gələ bilməz. Çünki əslində heç bir Qərb ölkəsi Ermənistanı müdafiə etməyəcək. Ermənistan Qarabağı itirsə, bu, bütün ermənilər üçün fəlakət olacaq. Söhbət bundan gedir, Rusiyanın Cənubi Qafqazda hegemon olmaq istəyindən deyil. Sadəcə olaraq, Rusiya ilə münasibətlər pisləşsə, Ermənistanın öz təhlükəsizliyini necə təmin edəcəyi məlum deyil. Ona nə NATO kömək edəcək, nə ABŞ, nə də Böyük Britaniya. Ermənistan çoxlu düşmənlərin əhatəsində tək qalacaq. Və əhalinin axışıb getdiyi bir vaxtda. İndiki Ermənistanın əhalisi cəmi 2.3 milyondur, Dağlıq Qarabağda 160 min erməni yaşayır. Onlar 10 milyonluq Azərbaycana qarşı dayana bilərmi? Necə düşünürsünüz?”. Burada haşiyəyə çıxıb qeyd edək ki, Azərbaycan və Türkiyə Ermənistan ərazisində hansısa hərbi əməliyyat həyata keçirməyi düşünmür. Sadəcə, belə məlumatların müəyyən ekspertlər tərəfindən dövriyyəyə buraxılması İrəvana əlavə təzyiq xarakteri daşıyır. Yevseyev isə bir daha bildirir ki, Qarabağda hərbi əməliyyatlar yenidən başlasa və Rusiya bu zaman İrəvana hansısa yardım göstərməsə ermənilərin Azərbaycana qarşı dayanması ümumiyyətlə mümkün olmayan məsələdir: “Və Ermənistanın Qarabağda hərbi iştirakının istənilən zəifləməsi təkcə ətraf rayonların yox, Dağlıq Qarabağın özünün də Azərbaycana qayıtmasına gətirib çıxarar. Dağlıq Qarabağdakı qüvvələr özünü müdafiə edə bilməz, çünki indiki şərtlərdə bu real deyil. Xüsusən də həmin məqama qədər indiki Ermənistan hakimiyyəti Rusiya ilə münasibətləri daha da pisləşdirməyə nail ola bilsə. Əvəzində isə Azərbaycanın Rusiya ilə münasibətləri sürətlə yüksəlməyə doğru gedir”. Bütün bunlar qarşıdakı dövr ərzində Qarabağ məsələsində Ermənistanı daha çətin vəziyyətin gözlədiyini deməyə əsas verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.