Makrondan jurnalistlərə repressiya yürüşü və cavabsız qalan antimedia siyasəti…

10 Yanvar 2019 17:25 (UTC+04:00)

Azər Həsrət: “Onlar Azərbaycan və bizim kimi dövlətlərə basqını artırmaq üçün söz azadlığı, jurnalist haqları ilə manipulyasiya edirlər”

 

Ötən ilin noyabr ayından başlayaraq Fransada baş qaldıran “sarı jiletlilər”in aksiyası hələ də səngiməyib. Ən diqqətçəkən məqamlardan biri də budur ki, hakimiyyət etirazçılarla çox sərt davranır. İndiyə qədər 10 minə yaxın insan saxlanıb, onların arasında öldürülənlər və vəhşicəsinə döyülənlər də az deyil.

Qeyd edək ki, Fransa hakimiyyəti bu sərt davranışı yalnız sosial haqlarını tələb edən etirazçılara qarşı nümayiş etdirmir. Onların döydüyü və hətta həbs etdiklərinin sırasında kifayət qədər jurnalist var. Ən maraqlısı isə budur ki, dünyanın beynəlxalq jurnalist qurumları və ən əsası da ATƏT-in media üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Fransada jurnalistlərə qarşı sərgilənən zülmə heç bir reaksiya vermir. Axı biz D.Miyatoviçin Azərbaycanda jurnalistlərlə bağlı baş verən hadisələrə tamamilə fərqli mövqeyini görmüşük. Onlar hətta Azərbaycanda fəaliyyət göstərən və jurnalistika ilə heç bir əlaqəsi olmayan internet aktivistlərini belə jurnalist kimi qələmə verib, xüsusi canfəşanlıqla müdafiə ediblər. Onların “ifasında” biz konkret cinayət əməlinə görə həbs edilən və peşəkar jurnalistika ilə heç bir əlaqəsi olmayan şəxslərin belə jurnalist kimi qələmə verilərək, Avropa miqyasında müdafiə olunduğuna dair səslənən “mahnılara” da qulaq asmışıq. Haqlı sual yaranır: beynəlxalq jurnalist qurumları və D.Miyatoviç Fransada təqib edilən və döyülən jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı niyə səslərini çıxarmırlar?

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, doğrudan da bu məsələdə qəribə mənzərə canlanır: “D.Miyatoviç və digər beynəlxaq jurnalist qurumlarının Fransada baş verən hadisələrə mövqeyini eşitmək maraqlı olardı. Amma həqiqət bundan ibarətdir ki, onların heç biri Fransada baş verən hadisələrlə bağlı məlumat vermirlər. Biz bu susqunluğu həm mediaya, həm də insan haqlarına aid olan məsələlərdə müşahidə edirik. Hətta həmin qurumların saytlarına baxsanız belə, görərsiniz ki, heç bir çağırış  etmirlər. Halbuki, biz kənardan Fransada jurnalistlərlə bağlı hansı dəhşətli mənzərənin üzə çıxdığını görürük. Fransa dövləti bütün arsenalını işə salıb,  nümayişçilərə divan tutmaqla məşğuldur. Üstəlik də yeni qanun qəbul edir ki, insanlar dinc etiraz aksiyalarndan maksimum istifadə edə bilməsinlər. Ancaq təəssüf ki, biz Azərbaycanda baş verən hər hansı xırda hadisəyə onların fərqli və qərəzli münasibətini görürük. Səbəb budur ki, qərəzli və ikili standartla hərəkət edirlər. Onlara jurnalist və insan haqları lazım deyil. Bu həmin dairələr üçün öz maraqlarından sonrakı planda gəlir. Bir daha sübut olunur ki, onlar Azərbaycan və  bizim kimi dövlətlərə basqını artırmaq üçün söz azadlığı, jurnalist haqları ilə manipulyasiya edirlər. Yalnız özlərinin olduqları yerlərdəki haqsızlığa göz yumurlarsa, bunun adı ikiüzlükdür”.

Azər Həsrətin sözlərinə görə, müasir dünya informasiya, internet əsri olduğu səbəbindən, heç kimin gözündən heç nəyi yayındırmaq mümkün deyil: “Fransada, ABŞ-da və digər ölkələrdə baş verən hər bir hadisə dünyanın gözü qarşısındadır. Bütün bunlarla bağlı qeyd edilən beynəlxalq təşkilatlara verilən sualların cavabında deyilir ki, həmin ölkələr demokratik ölkələrdir, onlarla bağlı problem yoxdur. Lakin sual yaranır: əgər onlar demokratikdirlərsə, bəs niyə ABŞ-da küçədə polis “təsadüfən” daim qaradərili gəncləri güllələyir? Necə olur ki, elə hər dəfə öldürülən gənc qaradərili olur? Yəni doğrudanmı oradakı qaradərililər hamısı vəhşidir, hamısı da polislərə hücum edirlər? Yaxud necə olur ki, Parisin küçələrində nümayişçilər qanına qəltan edilir, onlara hücum edilir? Necə olur ki, Fransada “Charlie Hebdo” satirik jurnalının redaksiyasına terror hücumundan sonra Parisdə davamlı olaraq fövqəladə vəziyyət elan edilir. Bütün Avropa strukturları, beynəlxalq təşkilatlar bunlara göz yumur, qınamır. Ancaq Türkiyədə terror aktları törədilir, fövqəladə vəziyyət elan edilir və buna görə Türkiyə dövləti qınanır ki, ölkədə repressiya var”.

Məhəmmədəli QƏRİBLİ