Ermənistan ordusu gəlirli biznes sahəsinə çevrilib – epidemiya, fərarilik yeni dalğada...

10 Yanvar 2019 15:26 (UTC+04:00)

İşğalçı Ermənistanda müşahidə olunan tənəzzül bu ölkənin Silahlı Qüvvələrində yaşanan anarxiyanın daha da genişlənməsi ilə müşayiət edilməkdədir. Ümumiyyətlə, real vəziyyət göstərir ki, dərin iqtisadi böhran içində olan Ermənistanda hərbi sahədə əsl xaos hökm sürür. Bunun nəticəsində orduda fərarililik, intihar hallarının sayı artır. Hərbi hissələrdə, həmçinin epidemiya tüğyan edir. 

Məlumatlar həm də onu göstərir ki, Ermənistan ordusunun bölmələrində özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı da artmaqda davam edir. Qeyd edək ki, təkcə ötən ilin dekabr ayı ərzində düşmən ordusu daha yeddi hərbçisini itirib.

Hazırda ən ağır şərait zəbt edilmiş ərazilərdə özünü qabarıq formada büruzə verir. Elə bundan irəli gəlir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən düşmən ordusunun bölmələrində ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən bezərək xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqda davam edir. Məsələn, bu günlərdə beşinci dağ atıcı alayının hərbi qulluqçusu Mesrop Vartanyan döyüş postunda növbədə olarkən silahını ataraq xidmət yerini özbaşına tərk edib. Xəbərdə bildirilir ki, şəxsi heyət çatışmazlığı səbəbindən gənc əsgərləri hətta təlim kursu başa çatmamış döyüş mövqelərinə yerləşdirirlər. Bu isə fərarlik hallarını daha da artırır. Eyni zamanda artıq valideynlər də belə vəziyyətdə övladlarını hərbi xidmətə göndərməkdən imtina edir. Elə bundan irəli gəlir ki, Ermənistanda çağırışçıları hərbi komissarlığa aparan avtobusa hücum edilib. Avtomobildə olan bir qrup gənc nəqliyyat vasitəsini əhatəyə alıb. Yol kəsişmələrindən birində onun dayanmasından istifadə edərək qapıların açılması tələbilə avtobusu yumruqlamağa başlayıblar.

“Armenianreport“ portalı yazır ki, insidentin səbəbkarları qapıları zorla açaraq içəridə olan komissarlıq nümayəndəsini döyüb, sürücüyə hücum ediblər. Bundan başqa, onlar yolda nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaradıb, ictimai asayişi pozub, eləcə də Müdafiə Nazirliyinin maşınına ciddi ziyan vurublar. Artıq polis insidenti törədənlərdən 40 yaşlı Qor Akopyanı və 22 yaşlı Merujan Vskanyanı saxlayıb. Hadisənin digər iştirakçıları isə gizlənib. Qor Akopyan dindirilmə zamanı bildirib ki, bu addımı bacısı oğlunun hərbi xidmətə aparılmasına etiraz olaraq atıb. Onun açıqlamasının cəmiyyətə mənfi təsir etməməsi üçün güc strukturları insidentə başqa don geydirməyə çalışır.

Hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, hökumət insanları elə bir həddə çatdırıb ki, artıq heç kim övladını, yaxınını əsgər görmək istəmir: “Ermənistan ordusunda xidmət yerini özbaşına tərk edənlərin də sayı artır. Hərbçilər bölmələrdəki ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən beziblər. Şəxsi heyət çatışmazlığı səbəbindən gənc əsgərləri hətta təlim kursu başa çatmamış döyüş mövqelərinə yerləşdirirlər. Son bir ildə 213 belə fakt qeydə alınıb. Bu da cəmiyyətdə orduya inamı azaldır“. Digər ekspert Vardan Arutunyan isə qeyd edir ki, erməni ordusu cinayətkar aləmin qanunları ilə idarə olunur. O bildirib ki, Ermənistanda ictimai-siyasi vəziyyət hakimiyyət dəyişiklyindən sonra da sabit deyil və bu da orduya təsirsiz ötüşmür: “Ölkədə hərbi hissələr həbsxanadan fərqlənmir. Hələ 1990-cı illərdə ordu formalaşdırılmağa başlananda struktur kriminal qaydada qurulub. Hərbi sahəyə qaranlıq keçmişi olan şəxslərin gəlməsi və kök atması uzun illərdir mənfi təsirini göstərir”. Digər ekspert Yuri Manvelyan da həmkarının fikri ilə razılaşır: “Ermənistan ordusu çiçəklənən biznes mühitini xatırladır. Gəncləri orduda xidmətə çağırırlar və Qarabağa göndərirlər. Bununla yanaşı, riyakarcasına onun bu dağlıq əraziyə könüllü getdiyini deyirlər. Guya qəfildən bu şəxsdə vətənpərvərlik hissləri oyanıb. Bu əsgərlərin valideynlərinin hər həftə Qarabağa qida məhsulları ilə qutular göndərməsi normaldır? Təbii ki, yox”. Ekspertlərin fikirlərini müdafiə edən mətbuat yazır ki, Ermənistanda ordu çox gəlirli biznesə çevrilib: ”İnsanı soruşmadan orduya çağırırlar və o, dərhal Dağlıq Qarabağa göndərilir. Sonra da onun Dağlıq Qarabağa “könüllü” getdiyi bildirilir. Hərbi komandanlıq hesab edir ki, əsgəri söymək, təhqir etmək, ac saxlamaq lazımdır. Belə olan halda əsgərin ailəsi onu ərzaq, paltar və digər lazımi əşyalarla təmin edəcək. Komandirlər sonra da bunun “həyat məktəbi” olduğunu iddia edirlər. Həbsxanalarda da yataq yeri və digər gündəlik tələbat malları pulla satılır. Burada da insanın söz demək, tələb etmək hüququ yoxdur. Bu böyük bir biznesdirsə, deməli, kimlərsə bundan yaxşı qazanc əldə edir. Elə bu səbəbdən ordumuz çökür. Bunun fəsadları Qarabağda özünü daha qabarıq göstərir”.

Tahir TAĞIYEV