Səfər Mehdiyev gömrük orqanlarında son islahatlar və onların nəticələri ilə bağlı geniş mətbuat konfransı keçirdi - FOTO

12 Sentyabr 2018 19:36 (UTC+04:00)

Sentyabrın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə “Gömrük orqanlarında son islahatlar və nəticələr” mövzusunda mətbuat konfransı keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev 2018-ci ilin 8 ayı ərzində görülən işlərlə bağlı hesabat nitqi ilə çıxış edib.

Komitə sədri bildirib ki, ölkəmizin gömrük orqanları öz fəaliyyətində kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrə, vətəndaşların gömrük orqanlarının işi və gömrük sistemində yeniliklər barədə davamlı məlumatlandırılmasına xüsusi diqqət yetirir. Səfər Mehdiyev kütləvi informasiya vasitələri ilə qurulan işgüzar münasibətlərin gömrük işinin səmərəli şəkildə təşkilinə, mövcud problemlərin dərhal aradan qaldırılmasına xüsusi töhfə verdiyini diqqətə çatdırıb və media nümayəndələrinə təşəkkürünü ifadə edib.

Bildirilib ki, gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verir. Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsi formalaşdırılır, sahibkarlıq subyektləri ilə səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir, qanunvericilik bazası ardıcıl olaraq təkmilləşdirilir.

Komitə sədri 2018-ci ilin son 4-5 ayı ərzində gömrük-sərhəd keçid məntəqələrinə təşkil edilən mediaturlar çərçivəsində fiziki şəxslərin sərhəddə keçid tezliyinin təmin olunması, idxal və ixrac olunan mal və nəqliyyat vasitələrinin qeydiyyatı, ölkəmizə gələn və ölkədən gedən turistlərin “Yaşıl dəhliz” və digər keçid zolaqlarından istifadə etməklə gömrük qanunvericiliyinə əməl olunması proseslərinin əyani şəkildə nümayiş etdirildiyini, bunun da ictimai nəzarətin nümunəsi olduğunu vurğulayıb.

Daha sonra struktur və kadr islahatlarının nəticələri üzrə görülən işlər barədə media nümayəndələrini məlumatlandıran Səfər Mehdiyev bildirib ki, Komitənin strukturuna daxil olan sərhəd və təyinat gömrük idarələrinin bazasında 5 Baş İdarə, Komitənin Aparatında yeni Baş İdarələr və İdarələr yaradılıb.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2018-ci il tarixli Fərmanının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Gəncə, Tovuz, Balakən, Yevlax gömrük idarələrinin bazasında Qərb Ərazi Baş Gömrük İdarəsi, Astara, Biləsuvar, Şirvan, Xudafərin gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsinin bazasında Şimal Ərazi Baş Gömrük İdarəsi, Enerji Gömrük İdarəsi və Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin bazasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi və Aksiz Baş Gömrük İdarəsinin bazısında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi yaradılıb.

Qeyd olunub ki, Komitənin Aparatında struktur islahatları aparılmaqla, bir sıra idarələrin fəaliyyət istiqamətləri yeni çağırışlara uyğun müəyyənləşdirilib, müasir standartlara cavab verən baş idarələr yaradılıb.

O cümlədən Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi, Əməliyyat-İstintaq Baş İdarəsi, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi, Gömrük Risklərinin İdarə olunması və Audit Baş İdarəsi, Gömrük Sərhəd Buraxlış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi yaradılıb və bu qurumlar yeni əsasnamələrlə funksiya və vəzifələrinin icrasına başlayıblar.

Eyni zamanda, digər müstəqil idarələrin də strukturu dəyişdirilərək beynəlxalq standartlara  cavab verən təşkilati struktura malik idarələr formalaşdırılıb.

Komitə sədri onu da vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin strukturlarının Avropa standartlarına uyğunlaşdırılması, şəxslərə yeni idarəetmə prinsipləri ilə gömrük xidmətinin göstərilməsi ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək. Aparılan genişmiqyaslı struktur islahatları, davamlı olaraq vəzifələrə daha bacarıqlı, mütərəqqi intellektə və biliyə malik peşəkar kadrların təyinatı idaərəetmənin çevikliyini, eyni zamanda, hüquqi və fiziki şəxslərlə ünsiyyətdə gömrük xidmətinin operativliyini, bu xidmətdən yararlananların məmnunluğunu təmin edəcək.

Gömrük nəzarətinin təşkili sahəsində aparılan islahatlar barədə də məlumat verən Səfər Mehdiyev bu islahatların ilk növbədə biznes subyektlərinin, əsasən də kiçik və orta sahibkarlığın inkişafı üzrə bir sıra tədbirlərin görülməsini şərtləndirdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, 60-a yaxın iqtisadi operatorla “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə icazələrin verilməsi təmin edilib. Bu buraxılış sistemi üzərindən həm Türkiyə, Gürcüstan, Ukrayna və İran ilə bağlanmış sazişlər nəticəsində əldə olunan, həm də əvvəlcədən elektron formada göndərilən qısa idxal bəyannaməsi vasitəsilə təqdim olunan məlumatlar əsasında aparılan gömrük nəzarəti və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük-sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi ilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışı həyata keçirilir. Bu da, öz növbəsində, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinə sərf olunan vaxt və xərclərin minimuma endirilməsinə şərait yaradır.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2017-ci il tarixli Sərəncamına əsasən, Ümumi Tranzit Proseduru haqqında Konvensiya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyanın idarəetmə orqanı olan Avropa İttifaqı - Avropa Azad Ticarət Assosiasiyasının Birgə Komitəsinin 2017-ci ilin dekabr ayında Norveçin Oslo şəhərində keçirilmiş iclasında Azərbaycan Respublikasına qeyd olunan konvensiyaların işçi qruplarında qeyri-formal müşahidəçi statusu verilməsi barədə qərar qəbul olunub.

Yaxın gələcəkdə ölkəmizin sözügedən konvensiyalara qoşulması və Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi respublikamızın ərazisindən keçən beynəlxalq gömrük tranziti prosedurunda daşınan malların həcminin artırılmasına səbəb olmaqla, ölkənin tranzit potensialının inkişaf etdirilməsində mühüm rol oynayacaq, Azərbaycan Respublikasında istehsal olunan - “MADE IN AZERBAIJAN” brendli malların Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin üzvü olan Avropa qitəsində yerləşən ölkələrin bazarlarına çıxışı və təyinat yerlərinə çatdırılması üçün imkan yaradacaq.

Beynəlxalq Yük Daşımaları Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası ilə tənzimlənən tranzit proseduru çərçivəsində həyata keçirilən daşımalar zamanı mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən elektron qaydada gömrük orqanlarına təqdim edilməsi məqsədilə TIR-EPD (Electronic Pre-arrival Declaration) sisteminin tətbiqi üçün müvafiq işlər davam etdirilir.

Dövlət Gömrük Komitəsi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) arasında əməkdaşlıq çərçivəsində BYD daşımaları zamanı ölkə ərazisinə gətirilən mal və nəqliyyat vasitələri barədə məlumatların öncədən elektron qaydada gömrük orqanları ilə mübadiləsini nəzərdə tutan TIR-EPD sisteminin tam şəkildə istifadəyə verilməsi gömrük orqanlarına təqdim edilən məlumatlara uyğun olaraq risklərin analizinin səmərəli şəkildə həyata keçirilməsi əsasında BYD daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sərhəddən daha sürətli və prioritet qaydada keçidi üçün şərait yaradacaq.

Komitə sədri 2016-cı ildən Avropa İttifaqının İnteqrəedilmiş Sərhəd İdarəçiliyi üzrə Şərq Tərəfdaşlığı Paneli çərçivəsində “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin tətbiqinə başlanıldığını, layihə üzrə yaxın zamanlarda tikintisi başa çatdırılması nəzərdə tutulan Ticarətin Asanlaşdırılması Mərkəzinin (Trade Facilitation Unit) sərhəd-buraxılış məntəqələrində əməliyyat və prosedurların daha da sürətləndirməsinə yardım edəcəyini, sanitar, fitosanitar, baytar və gömrük nəzarətinin sərhəd-keçid məntəqsindən kənarda, terminal ərazisində aparılmasına əlverişli imkanlar yaradacağını vurğulayıb.

Maliyyə intizamının gücləndirilməsi sahəsində aparılan islahatlar nəticəsində dövlət büdcəsi qarşısında illik proqnoz və öhdəliklərin yerinə yetirilməsi işində də mühüm nailiyyətlər əldə edildiyini bildirən Səfər Mehdiyev 2018-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün ilkin proqnozlaşdırılan 2 milyard 430 milyon manat proqnozun 760 milyon manat artırılaraq ümumilikdə 3 milyard 190 milyon manata çatdırıldığını, dürüstləşmə nəzərə alınmadan 2018-ci ilin 8 ayı ərzində 1 milyard 569 milyon 780 min manat proqnoza qarşı faktiki olaraq 2 milyard 270 milyon 964 min manat vəsaitin toplanaraq dövlət büdcəsinə ödənildiyini, bununla da büdcə öhdəliyinə 144,67 faiz və ya 701 milyon 184 min manat artıq əməl olunduğunu diqqətə çatdırıb.

Dürüstləşmədən sonra isə artım nəzərə alınmaqla büdcə öhdəliyi 2 milyard 131 milyon 45 min manat təşkil etməklə, faktiki toplanan 2 milyard 270 milyon 964 min manat gömrük vergi və rüsumlarına nisbətdə 106,57 faiz və ya 139 milyon 919 min manat artıq icra olunub.

Komitə sədri onu da bildirib ki, cari ilin ilin 8 ayı ərzində Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində 6155 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 458-i cinayət xarakterlidir və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 6 milyon 135 min manatdan çoxdur. Bu əməllərin törədilməsində şübhəli bilinən 496 nəfər barəsində müvafiq tədbirlər görülüb ki, bunlardan 392 nəfəri Azərbaycan vətəndaşı, 104 nəfəri isə əcnəbidir.

2018-ci ilin 8 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar aşkar olunan 150 fakt üzrə ümumilikdə 1 ton 19 kq 926 qram  narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları: 928 kq 996 qram heroin, 71 kq 601 qram tiryək, 12 kq 741 qram həşiş, 48 qram marixuana, 115 qram metadon, 2,7 qram oksikodon, 1,35 qram hidrokodon, 0,15 qram fenazepam, 1,05 qram ketazolam,  2,5 qram klobazam, 4,86 qram metilfenidat, 0,085 qram zolpidem, 0,625 qram alprazolam, 5 qram fenobarbital, 2,645 qram klonazepam, 1555 qram metamfetamin, 4 kq 845 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 169 nəfər: 143-ü kişi və 26-sı qadın olmaqla 132 nəfər Azərbaycan vətəndaşı və 37 nəfər əcnəbi (29 İran, 5 Rusiya, 1 Türkiyə, 1 ABŞ və 1 Qazaxıstan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 17 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

Gömrük işinin bütün sahələrində informasiya texnologiyalarının geniş şəkildə tətbiq edildiyini bildirən Səfər Mehdiyev Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi, məlumatların yoxlanılması və emalı, gömrük işi sahəsində fəaliyyətin qiymətləndirilməsi və biznes-prosesin təkmilləşdirilməsi, innovasiya layihələrinin tətbiqi, korporativ şəbəkənin genişləndirilməsi və təkmilləşdirilməsi, elektron gömrük xidmətlərinin təşkili, gömrük xidmətinin informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikasının xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahələrində görülən işlər barədə də ətraflı məlumat verib.

Bildirilib ki, Elektron Hökumət Portalı vasitəsilə göstərilən xidmətlərin sayı artırılıb və ümumilikdə 2 milyon 50 mindən artıq şəxs elektron xidmətlərdən istifadə edib. Eyni zamanda, 14 dövlət qurumu və bir sıra özəl təşkilatlarla “on-layn” şəkildə məlumat mübadiləsi təmin edilib. Diqqətə çatdırılıb ki, informasiya texnologiyaları sahəsində Azərbaycan gömrük orqanlarının əldə etdiyi nailiyyətlər Ümumdünya Gömrük Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən inkişaf etməkdə olan ölkələrə tövsiyə olunur.

Səfər Mehdiyev gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələr, müxtəlif dövlətlərlə imzalanan saziş, protokol və memorandumlar barədə də media nümayəndələrini məlumatlandırıb.

Sonda jurnalistlərin suallarına ətraflı cavab verilib.