Şəkidə polis piyadaları maarifləndirdi... - FOTO

12 Sentyabr 2018 12:42 (UTC+04:00)

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ)  Dövlət Yol Polisi bölməsi (DYPB) hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ŞRPŞ-nin Post Patrul Xidməti tağımından yol polisinə ezam olunmuş polis  əməkdaşları tərəfindən keçirilmiş xəbərdaredici tədbir zamanı piyada keçidlərindən istifadə etməyərək, öz həyatı ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanıb, polis əməkdaşları tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi, nişanlar barədə ətraflı məlumat verilib, piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçmələri tövsiyə olunub. Gələcəkdə təkrar həmin qaydalara əməl etməzlərsə, barələrində inzibati tənbeh tədbirlərinin nəzərdə tutulduğu onların diqqətinə çatdırılıb.

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə də onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.

Mahir MƏSİMOV
polis leytenantı