Azərbaycanın həyata keçirdiyi layihələrə Ermənistan həsrətlə baxır – “Şimal-Cənub” işləyir, İran-Ermənistan dəmir yolu layihəsi unudulur…

12 Sentyabr 2018 19:10 (UTC+04:00)

Bu gün Azərbaycanın əsas iştirakçılığı ilə uğurla reallaşdırılan əsas transmilli layihələrdən biri də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir. Dəmir yolu və avtomagistraldan ibarət nəqliyyat dəhlizinin reallaşması böyük uğurla həyata keçir. Qeyd edək ki, layihənin dəmir yolu hissəsinin Azərbaycan ərazisində inşası tam yekunlaşıb. İran ərazisində də dəmir yolu xəttinin inşası başa çatdıqdan sonra layihə tam gücü ilə işə düşəcək.

Layihənin avtomagistrlal hissəsində də işlər intensiv qaydada davam etdirilir. Bu arada qeyd edək ki,  “Şimal-Cənub” dəhlizinin tərkib hissəsi olan Bakı–Quba–Rusiya boyu uzanan yeni avtomobil yolunun tikinti işləri sürətlə həyata keçrilir. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Yeni yolun tikinti layihəsinə uyğun olaraq, əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Yol hazırda birinci texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonunun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 kilometr uzunluğa malik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 152 kilometr təşkil edəcək.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına da əlavə təkan verəcək, “Şimal-Cənub” dəhlizi ilə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, ölkəmizin iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına rəvac verəcək. Eyni zamanda ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Rusiyalı ekspert, Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratov isə bildirir ki, “Şimal-Cənub” ölkələrarası əlaqələrin inkişafına da yeni təkan verəcək: “Şimal-Cənub” layihəsi hazırda ən vacib birgə layihədir. Bu layihədə Azərbaycan çox böyük rol oynayır. Bunlar həm də onu göstərir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır və uzunmüddətli planlara əsaslanır. Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafı yeni təkan alıb. Azərbaycanda “QAZ” avtomobillərinin yığma sahəsinin inşa edilməsi, “Qoşadaş” qaz yatağının və Xəzər dənizinin təkindəki bir hissənin “Rosneft” və SOCAR tərəfindən birgə öyrənilməsi layihələri ölkələrimizi ən mühüm sahələrdən biri olan neft-qaz və maşınqayırma sahəsində, deməli, siyasi baxımdan da yaxınlaşdırır. Qeyd etmək lazımdır ki, bu layihələrin həyata keçirilməsi üçün illərlə vaxt tələb olunur. Bu, dövlətlərimiz arasında münasibətlərin strateji xarakterini bir daha vurğulayır”.

Pyatibratov “Şimal-Cənub” layihəsinin əhəmiyyətini qeyd edərək vurğulayıb: “Bu cür uzunmüddətli layihələr onların iştirakçılarını öz daxili və xarici siyasətlərini əlaqələndirməyə, maksimum səmərəli əməkdaşlığa və gələcəyi birgə qurmağa sövq edir. Bununla əlaqədar deyə bilərəm ki, indiki mərhələdə ölkələrimizin aşkar yaxınlaşması çox cəhətdən məhz bu meqalayihə üzərində işlə bağlıdır. Həmin meqalayihə Rusiya üçün geosiyasi baxımdan - siyasi və iqtisadi təsir vektorlarının şaxələndirilməsi vasitəsi kimi, Azərbaycan üçün isə iqtisadi baxımdan - öz mallarının yeni bazarlara, ilk növbədə, Avropa bazarlarına çıxarılması yolu kimi, habelə respublikanın regionda ən mühüm qovşağa çevrilməsinə kömək edən amil kimi əhəmiyyətlidir. Beləliklə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin tədricən, lakin düzgün istiqamətdə möhkəmlənməsini, ölkələrimizin müştərək gündəliyinin formalaşmasını və qarşılıqlı maraqlar nəzərə alınmaqla əlaqələndirilməsini müşahidə edirik”.

İran da “Şimal-Cənub” vasitəsilə Azərbaycanla əlaqələrin daha da möhkəmlənəcəyini bəyan edir. İranın Limanlar və Dənizçilik Təşkilatının beynəlxalq əlaqələr üzrə baş idarəsinin rəisi Məhəmmədəli Sədipur bildirir ki, layihənin tam gücü ilə işə düşməsi iqtisadi münasibətləri daha da möhkəmləndirəcək və Tehran bunda maraqlıdır. Onun sözlərinə görə, “Şimal-Cənub”la yanaşı, Azərbaycanın Xəzər dənizi sahilindəki Bakı və Astara limanları ilə İranın Astara və Ənzəli limanları arasında gəmi reysləri təşkil etmək olar. Bu reyslərlə qarşılıqlı şəkildə vətəndaşların gediş-gəlişi asanlaşar: “Dəniz nəqliyyatı ilə daha çox yükü tez bir zamanda çatdırmaq mümkündür. Məsafənin yaxınlığı və nəqliyyat xərclərinin ucuzluğu həm özəl, həm də dövlət sektoru üçün səmərəlidir. Bu istiqamətdə Azərbaycan tərəfi ilə danışıqlar aparılır”. Beləliklə, Azəbaycan “Şimal-Cənub”u uğurla reallaşdırır və bundan böyük dividendlər götürməyi planlaşdırır. Beldə vəziyyətdən isə ən çox narahat olan tərəflərdən biri Ermənistandır. Xatırladaq ki, Ermənistan da İrandan magistral yol, dəmir xətti çəkmək niyyətində olub. Amma Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan indi açıq etiraf edir ki, İrəvanın İrana dəmir yolu xətti çəkmək üçün kifayət qədər vəsaiti yoxdur: "İran-Ermənistan dəmir yolunun tikintisi üçün böyük vəsaitlər tələb olunur, dövlətin isə bu gün belə bir büdcəsi yoxdur". İranla dəmir yolu rabitəsinin yaradılması Ermənistan hakimiyyətinin çoxdankı arzusudur. Türkiyə və Azərbaycanla normal siyasi və iqtisadi əlaqələrin olmaması səbəbindən Ermənistan nəqliyyat baxımından təcrid olunmuş ölkədir. "Dünyaya yeganə pəncərə" isə Gürcüstandan açılır. İrana dəmir yolunun çəkilməsi isə İrəvana enerji resursları və malların çatdırılmasında alternativ yollardan istifadə etmək imkanı verəcək.

Buna baxmayaraq, yerli biznes dairələrinin nümayəndələri bu işə şübhə ilə yanaşırlar. "Apaven" ekspeditor şirkətinin icraçı direktoru Qaqik Ağacanyanın sözlərinə görə, dəmir yolunun inşası özünü doğrultmayıb, çünki İran və Ermənistan arasında yükdaşıma həcmi aşağıdır.

Nahid SALAYEV