Prezident Əliyevin Ermənistanın regional təhlükə mənbəyi olması barədə ATƏT baş katibinə söylədiyi fikirlərə birmənalı dəstək var

12 Sentyabr 2018 18:13 (UTC+04:00)

“İlk növbədə qeyd etmək istərdim ki, ölkə başçısı  İlham Əliyev bütün məqamlarda və keçirdiyi hər bir görüşündə işğalçı Ermənistanın istər əvvəlki, istərsə də hazırkı hakimiyyətinin qeyri-konstruktiv mövqelərini sərt şəkildə ittiham edib”. Bu fikirləri “Bakı-Xəbər”ə açıqlamasında “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edərkən Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-ciddi bəyanatları barədə irəli sürdüyü fikirlərini şərh edərkən deyib.

Bəhruz Quliyevin sözlərinə görə, Nikol Paşinyan hələ də “məxməri inqilab” eyforiyasından çıxmayıb və bu amil onun istər daxili, istərsə də xarici siyasətində ciddi səhvlərə yol verməsi ilə nəticələnir: “Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində erməni baş nazirinin “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tipli bəyanatı bütün beynəlxalq və hüquqi konvensiyaları pozur. Əbəs deyil ki, dövlət başçımız ATƏT-in baş katibi ilə görüşündə bu məsələni vurğulayıb və bildirib ki, Azərbaycan tərəfi bənzər bəyanatları qətiyyətlə rədd edir”.

Siyasi ekspert həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev məhz bu məsələni  cənab Tomas Qremingerin nəzərinə çatdırıb və ATƏT-in bir mötəbər təşkilat kimi həmin sərsəm bəyanatlara reaksiya verməsini tələb edib: “Bu bir daha göstərir ki, Paşinyan hər vəchlə danışıqlar prosesini uzatmağa çalışmaqla, öz hakimiyyət müddətini artırmağa cəhd göstərir. Çünki biz onun Rusiyaya səfəri zamanı ona qarşı göstərilən soyuq münasibətin də şahidi olduq. Uzun illər Rusiyanın vassalı olan Ermənistanda hakimiyyəti “məxməri inqilab” vasitəsilə ələ alan Nikol Paşinyan məhz anti-Rusiya şüarları ilə öz istəyinə nail oldu. İndi isə dalana dirəndiyinin fərqinə vararaq, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münqaişəsi ətrafında erməni ictimai rəyi qarşısında xal toplamağa çalışır. Lakin onun bu cür xaltoplama kampaniyası qısa müddətdə iflasa uğrayacaq. İstər beynəlxalq qanunlar, istərsə də digər faktorlar küçədən gəlmiş baş nazirin siyasi ölümünü reallaşdıracaq. Əlbəttə ki, ölkə başçımızın da ATƏT-in baş katibi ilə görüşündə vurğuladığı kimi, bütün məsuliyyətlər bilavasitə Ermənistan tərəfinin, ələlxüsus Paşinyanın üzərinə düşəcək”. 

“SƏS” Media Qrupunun rəhbəri Prezident İlham Əliyevin Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına münasibəti barədə irəli sürdüyü fikirlərinə də münasibət bildirərək deyib ki, əslində, erməni baş nazirin siyasi rəqiblərini özündən kənarlaşdırması istiqamətində apardığı “antikorrupsiya kampaniyası”, yaxud siyasi təqiblər diktatura rejiminin aşkar göstəricisidir: “ Bu baxımdan, dövlət başçımız haqlı olaraq ATƏT-ə yalnız Dağlıq Qarabağ münaqişəsində Paşinyanın tutduğu yanlış mövqeyini deyil, bütövlükdə onun avtoritar rejim yaratmasına biganə qalmaması ilə bağlı müraciət edib. Belə ki, bütün bunlar, yəni işğalçı Ermənistan rəhbərliyinin davranışları  bütövlükdə regional təhlükəsizliyimizə qarşı təhdid hesab oluna bilər. Bu kimi təhdidlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev bütün siyasi iradəsini və qətiyyətini ortaya qoyub. Hesab edirəm ki, ATƏT-in baş katibi Tomas Qreminger də həmin müraciətləri, eyni zamanda haqlı tələbləri nəzərə alaraq, işğalçı Ermənistanın və onun avtoritar rəhbərliyinin qarşısında ciddi məsələlər qaldıracaq”.

Günel CƏLİLOVA