Paşinyan Ermənistanı AŞPA-nın “monitorinq sanksiyaları”na çatdırdı…

12 Sentyabr 2018 17:52 (UTC+04:00)

Akif  Nağı:Ermənistan hazırda vətəndaş qarşıdurması ərəfəsindədir, eyni zamanda, qeyd olunan ölkədə insan haqları ilə bağlı problem yaşanır, bir sözlə, orada stabillik hökm sürmür”

 

Ermənistandakı siyasi vəziyyət AŞPA-nın Monitorinq Komitəsində müzakirə olunacaq. Bu barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin vitse-spikeri Arpin Ovanasyan öz ”Facebook” səhifəsində qeyd edib.

Qeyd olunur ki, AŞPA-nın Siyasi və Demokratiya Komitəsinin iclasında Ermənistanın daxili siyasi vəziyyəti və son hadisələr müzakirə olundu: “Burada əsas məsələlər söz azadlığına təzyiq, nifrətin yayılması, Ermənistanın ikinci prezidentinə və çoxsaylı keçmiş rəsmilərə və onların ailə üzvlərinə qarşı cinayət işi, mümkün konstitusiya dəyişiklikləri, baş nazirin səlahiyyətlərinin təmin edilməsi, qanunvericilik və məhkəmə orqanlarına təzyiqlə bağlı idi. Mən faktlar, videolar, nəşrlər təqdim etdim. İclasda, həmçinin, Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə Xüsusi İstintaq Təşkilatının rəhbəri arasında olan telefon söhbəti ilə bağlı müzakirə də aparıldı. Müzakirələr nəticəsində Ermənistanda qanunvericilik və məhkəmə orqanlarının müstəqilliyi və siyasi zülmlə əlaqədar olaraq qanunun aliliyini təmin etmək məqsədilə Ermənistanda monitorinq aparmaq təklifi ilə Monitorinq Komitəsinə məktub göndərilməsi qərara alındı”.

Ermənistandakı siyasi vəziyyətin AŞPA-nın Monitorinq Komitəsində müzakirə olunması barədə fikir bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistanda vəziyyət gərgindir. Həmin ölkədə yaşanan narahatlıq uzun müddətdir davam edir: “Ermənistan hazırda vətəndaş qarşıdurması ərəfəsindədir. Ümumiyyətlə, Ermənistanda çox sərt qarşıdurmalar baş verir. Eyni zamanda, qeyd olunan ölkədə insan haqları ilə bağlı problem yaşanır. Bir sözlə, həmin ölkədə stabillik hökm sürmür. Bu səbəbdən də AŞPA-nın Monitorinq Qrupu Ermənistandakı vəziyyətlə bağlı monitorinq aparacaq”.

A.Nağı AŞPA-nın Monitorinq Qrupunun Ermənistanla bağlı obyektiv olacağına ümid edir. AŞPA Ermənistanın təcavüzçü, işğalçı ölkə olmasını da nəzərə almalıdır: “Monitorinq Komitəsi məsələyə obyektiv yanaşıb Ermənistandakı acınacaqlı vəziyyəti öz hesabatında əks etdirsin”.

Günel CƏLİLOVA