Deputat Jalə Əliyeva yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı qadağaya etiraz etdi

12 Sentyabr 2018 15:52 (UTC+04:00)

Deputat Jalə Əliyeva yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı qadağaya etiraz edib.

Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Teatr və teatr fəaliyyəti haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı J.Əliyeva yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı tətbiq edilən qadağaya etirazını bildirib.

O qeyd edib ki, siqaretə qarşı mübarizə çox yaxşıdır, amma bunu yaradacılıqda tətbiq etmək olmaz: “Elə isə bədii əsər yazanlara da bu qadağa tətbiq edilsin, qəhrəmanları siqaret çəkərkən təsvir etməsinlər. Bu, nə dərəcədə doğrudur?”

Komitə sədri Rəfael Hüseynov isə bildirib ki, burada söhbət nümayişdən gedir, bu, insanların şüuruna daha çox təsir edir: “Kitabı biri oxuyar, biri oxumaz, yəni kitab fərdi qaydada istifadə edilən məhsuldur. Televiziya, radio, teatr isə kütləvi şəkildə informasiya çatdırır. Ona görə də belə məhdudiyyətlərin olması vacibdir”.

Xatırladaq ki, “Teatr və teatr fəaliyyəti haqqında” qanuna edilən dəyişiklik “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.