Azərbaycan türkdilli ölkələrin muzey eksponatlarının mühafizəsi sahəsində üstünə tarixi məsuliyyətli iş götürdü...

11 Sentyabr 2018 20:49 (UTC+04:00)

Asif  Usubəliyev: “Azərbaycanın hazırladığı metodiki vəsait türkdilli ölkələrin muzeylərində tətbiqi olaraq istifadə olunacaq”
“Bu bizim mədəniyyət müstəvisində beynəlxalq uğurlarımızdan biridir”

 

Azərbaycan tarixən türk dünyasının ideoloji fikir mərkəzlərindən biri olub. Ölkəmiz türk xalqlarının birliyi naminə hər zaman böyük mücadilələr verib. Təsadüfi deyil ki, türk birliyi ilə bağlı bir sıra mühüm qərarlar Bakıda verilib, saysız ideya və fikirlər, mesajlar paytaxtımızdan türk dünyasına ötürülüb. 

Bildiyimiz kimi, Azərbaycan son zamanlar bir sıra beynəlxalq humanitar, mədəni qurumlara sədr seçilib və sədrıiyi müddətində saysız mühüm qərarın qəbul edilməsində müstəsna rol oynayıb.

Keçən ay Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən təşkil olunan türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun Astana şəhərində təsis toplantısında Azərbaycan beynəlxalq işçi qrupunun sədri seçilib. İşçi Qrupuna Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev rəhbərlik edəcək.

Türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun sədri Asif Usubəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən İşçi Qrupunun yaradılması ideyası Azərbaycana məxsusdur. Bu ilin oktyabr ayında Bakıda ilk toplantısı keçiriləcək İşçi Qrupunun qarşıya bir sıra hədəflər qoyduğunu deyən A.Usubəliyevin sözlərinə görə, İşçi Qrupunun yaradılmasında məqsəd türkdilli xalqların maddi-mədəni irsinin qoruyucuları olan muzeylərimizlə elmi və mədəni əməkdaşlığı canlandırmaq, ortaq dəyərlərimizin beynəlxalq ictimaiyyətə daha təsirli təqdimatı üçün onlar arasında vahid metodoloji standartlar işləyib hazırlamaqdır. Bundan əlavə, İşçi Qrupu muzeyşünaslıq məsələlərində metodoloji şura funksiyasını üzərinə götürüb. O qeyd etdi ki, Beynəlxalq Türk Akademiyasında təşkil edilən tədbirdə türk və türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun Əsasnaməsi təsdiq olunub. A.Usubəliyevin sözlərinə görə, əsasnamədə türkdilli dövlətlərin muzeylərində vahid standartların tətbiqi, universal dəyər daşıyan muzey əşyalarının qarşılıqlı surətlərinin hazırlanması və mübadiləsi, Avrasiya türkdilli xalqların maddi və mədəni mirasının qorunması, bərpası, dünyaya tanıdılması üçün vahid standartların hazırlanması, milli muzeylər arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi kimi məsələlər qeyd olunur. “Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi keçən ildən etibarən Beynəlxalq Türk Akademiyasının üzvü seçilib. Azərbaycanda yeganə müəssisəyik ki, bu akademiyanın üzvüyük. Fərd olaraq isə bu quruma üzv seçilən alimlərimiz kifayət qədərdir. Bunlardan akademik İsa Həbibbəylinin, akademik Muxtar İmanovun adlarını çəkə bilərəm. Biz Beynəlxalq Türk Akademiyasının keçirdiyi müxtəlif tədbirlərdə, o cümlədən də türk dünyası ziyalılarının forumunda iştirak edirik. Tədbirlərdən birində Beynəlxalq Türk Akademiyasının rəhbəri Darxan Kıdırəli tərəfindən belə bir məsələ gündəmə gətirildi. Biz də orada öz fikirlərimizi səsləndirdik və konkret olaraq Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun yaradılması ideyası Azərbaycana məxsus olduğu kimi, İşçi Qrupuna biz rəhbər seçildik. Bu ilin oktyabrında İşçi Qrupunun Bakıda iclası olacaq. Onu da deyim ki, bizim mərkəz metodoloji mərkəzlərin beynəlxalq şurasının rəhbəridir. Həmin şura Rusiya və Belarusun təşəbbüsü ilə yaradılıb. Şuranın Rusiyada keçirilən növbəti iclaslarından birində Azərbaycan ona rəhbər seçildi. Bizim mərkəz kimi mərkəzlər əksər dövlətlərdə var və Belarusun özündə 7 Elmi-Metodiki Mərkəz fəaliyyət göstərir. Müsbət haldır ki, Azərbaycan burada da direktorlar şurasına rəhbərlik edəcək.

Beynəlxalq Türk Akademiyasına gəlincə, bu akademiyanın qarşısında duran əsas məsələlərdən biri türk dünyasını ideoloji cəhətdən birləşdirməkdir. Bir məsələni də qeyd edim ki, Beynəlxalq Türk Akademiyasının yaradılması ideyası Azərbaycanda meydana gəlib. Üç türk dövlətinin başçılarının  Naxçıvan səfəri zamanı belə bir akademiya yaradılması fikri yaranmışdı. Hətta bunu Beynəlxalq Türk Akademiyasının rəhbəri də etiraf etdi ki, bu akademiyanın yaradılması məsələsi Azərbaycanda gündəmə gətirilib. Azərbaycanın belə qurumlarda təmsil olunması, eləcə də bu qurumların işçi qruplarına rəhbərlik etməsi çox müsbət haldır. Ermənistan belə layihələrdən, belə təşkilatlardan kənarda qalıb. Bu bizim mədəniyyət müstəvisində beynəlxalq uğurlarımızdan biridir. Təsəvvür edin ki, MDB ölkələrində fəaliyyət göstərən elmi-metodiki mərkəzlərin rəhbərliyi Azərbaycana həvalə edilib və bu bizim uğurumuzdur. Bu o deməkdir ki, mədəniyyət müəssisələrində təbliğat işinin aparılmasında, o cümlədən də muzeylərdə hər hansı bir eksponatın hazırlanmasında, ideoloji işlərin həyata keçirilməsində Azərbaycanın səsi həlledici olacaq”.

A.Usubəliyev qeyd etdi ki, Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun fəaliyyəti türk dünyası muzeyləri arasında əlaqələrin daha da dərinləşməsinə, ortaq dəyərlərimizin vahid bankının yaradılmasına, eləcə də digər ideoloji məsələlərin təbliğinə təkan verəcək. O bildirdi ki, qarşıda türk dünyasının çatmalı olduğu çoxlu hədəf var və bu hədəflər genetik cəhətdən bir-birinə bağlı olan, ortaq mədəniyyəti, dəyərləri, tarixi bölüşən türkdilli xalqları birləşdirmək, onları bir-birinə daha dərindən tanıtmaqdır. “Bu İşçi Qrupunun, layihənin əsas məqsədi türk dünyasına aid olan ölkələrin genezisini müəyyən edəcək vahid eksponat  hazırlamaqdan ibarətdir. Yəni bu eksponatda türk dünyasının inkişaf tarixi nümayiş olunacaq. Gələcək muzey eksponatının hər hansı bir muzey əşyasını orada nümayiş etdirmək konkret hədəfi deyil. Amma türk genezisinin formalaşması tarixini, eləcə də türk genetikasını nümayiş edə biləcək bir konseptual sənədin hazırlanması vacibdir. Tutalım, Azərbaycanın Gədəbəy Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Qazaxıstanın Almatıdakı Tarix Diyarşünaslıq Muzeyində, Türkiyənin İstanbuldakı muzeylərindən birində vahid ideologiyaya xidmət edən bir ekspozisiya olacaq. Bu eksponatları görən türk, azərbaycanlı, qazax, qırğız və s. balası gözü ilə görüb hiss edəcək ki, türk dünyasının vahid inkişaf tarixi var və bizi birləşdirən dəyərlər hansılardır. Vahid ideologiyaya xidmət edən bir ekspozisiyanın olması sözsüz ki, mədəni layihə olmaqla yanaşı, həm də böyük siyasi, ideoloji əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son səfər etdiyi türk dövləti Qırğız Respublikasıdır. Cənab Prezident Qırğız Respublikasında keçirilən tədbirdə çıxış edərkən bir daha türk birliyi məsələsinə toxundu və həmin tədbirin bu məsələnin davamı olduğunu vurğuladı”.     

O, həmçinin, qeyd etdi ki, türk və türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun Əsasnaməsinin təsdiq olunması da mühüm hadisədir. O,  əsasnamədə türkdilli dövlətlərin muzeylərində vahid standartların tətbiqi, universal dəyər daşıyan muzey əşyalarının qarşılıqlı surətlərinin hazırlanması və mübadiləsi, Avrasiya türkdilli xalqların maddi və mədəni mirasının qorunması, bərpası, dünyaya tanıdılması üçün vahid standartların hazırlanması, milli muzeylər arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi kimi məsələlərin həyata keçirilməsinin də vacibliyini vurğuladı.

İşçi Qrupunun oktyabrda keçiriləcək ilk iclasında sözügedən muzey ekspozisiyasının layihəsinin təqdim ediləcəyini vurğulayan A.Usubəliyevin sözlərinə görə, eyni zamanda, Azərbaycan İşçi Qrupuna rəhbərlik edən dövlət kimi muzey əşyalarının saxlanmasına dair metodiki vəsait hazırlayıb: “Bu metodik vəsait artıq Beynəlxalq Türk Akademiyasına təqdim olunub. Onlar hazırda bu sənədin ekspertizasını həyata keçirirlər və akademiya tərəfindən razılıq olduqdan sonra Azərbaycan muzey əşyalarının saxlanmasına dair vahid metodiki vəsaitin müəllifi olacaq. Vahid metodik vəasit isə bütün türk dünyası ölkələrinə təqdim olunacaq. Bizim layihəmiz təkcə nəzəri deyil, həm də tətbiqi əhəmiyyət daşıyır. Azərbaycanın hazırladığı metodiki vəsait türkdilli ölkələrin muzeylərində tətbiqi olaraq istifadə olunacaq”.   

İradə SARIYEVA