Azərbaycanın uğurlu gedişləri dünya miqyasında Ermənistanı daha çətin duruma salır

11 Sentyabr 2018 19:09 (UTC+04:00)

Bu gün Azərbaycanın Cənubi Qafqazda həm Qərb, həm də Rusiya üçün kifayət qədər böyük önəmə malik olması birmənalı həqiqətdir. Elə uzaq Asiya ölkələri, məsələn, Çin, Yaponiya kimi iqtisadi nəhənglər də Azərbaycanı regionda əsas həlledici ölkə qismində qəbul edir.

Təbii ki, belə vəziyyət Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın dünya üçün getdikcə daha arxa plana keçməsinə rəvac verir, onun mövqelərini zəiflədir. Ən azı o baxımdan ki. dünyanın əsas güc mərkəzləri işlərini birbaşa Azərbaycanla qurur, ölkəmizlə əməkdaşlıqlarını dərinləşdirir. Belə vəziyyət, öz növbəsində, həm Azərbaycanı daha güclü ölkəyə çevririr, həm də rəsmi Bakının səsini eşidənlərin sayı artır. Aydındır ki, bu hal Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən proseslərə də təsirsiz ötüşmür, Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxanların sayı daha da artır.

Hadisələrin göstərilən səpkidə inkişaf etməsi, əslində Ermənistanın özündə də böyük narahatlıq doğurur. Məsələn, erməni ekspert Ruben Abramyan vurğulayır ki,  xarici siyasət, diplomatiya sahəsində Ermənistan getdikcə daha böyük fərqlə Azərbaycana uduzur: “Bunu dünya ölkələrinin regionda əsas etibarı ilə Azərbaycanla işbirliyi qurmaq niyyətlərindən də aydın görmək olar. Hətta indiyə qədər bizim əsas mütəffiqimiz olan Rusiya üçün də Azərbaycan ön plandadır. Bakı-Moskva əlaqələri artıq strateji səviyyəyə yüksəlir. Amma İrəvan buna qarşı getmək əvəzinə əsas diqqəti daxili siyasi polemikaya yönləndirir. Əvəzində Ermənistan daha zəif duruma düşür. Bakı isə vəziyyəti real qiymətləndirərək Qarabağ məsələsinin həlli istiqamətində mövqelərini daha da gücləndirir. Bu səbəbdən yaxın tezlikdə Qarabağ məsələsində ciddi dəyişikliklərin baş verdiyini görəndə qətiyyən təəggüblənmək lazım deyil”. 

Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etməsi fonunda Qarabağ konfliktinin həlli istiqamətində dəyişikliklərin olacağını Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov da istisna etmir. O vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri geosiyasi əsas üzərində qurulub. Azərbaycanın addımları hər zaman ardıcıldır. Rusiya və Azərbaycan prezidentlərinin görüşləri haqqında danışan komitə sədri sentyabrın 1-də Soçi şəhərində imzalanmış 17 sənədin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, ölkələrimizin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə yaxşı əlaqələri var. O, bütün bunların Qarabağ konfliktinin həlli üçün yeni zəmin yaratdığını da xüsusi olaraq diqqətə çatdırır və Rusiyanın burada Azərbaycanın maraqları çərçivəsində mühüm addımlar atmasını istisna etmir: “Fəaliyyəti və əhəmiyyəti nə qədər şişirdilsə də, Minsk Qrupu Dağlıq Qarabağ problemini həll edə bilməz. Yalnız Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri bu problemi həll edə bilər. Burada Azərbaycanın mövqeyi indi daha çox Rusiya təərfindən nəzərə alınır”. O, buna sübut kimi, Azərbaycan və Ermənistan rəhbərlərinin Rusiyaya son səfərləri və onun nəticələrini göstərib. Qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri yeni yüksək səviyyəyə qalxdığı halda, Ermənistan barədə bunları demək olmaz. Ermənistanın nüfuzlu “Joxovurd” qəzeti də etibarlı mənbələrinə istinadən Leonid Kalaşnikovun dediklərini təsdiq edir. Qəzet yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Rusiya rəhbərliyii, eləcə də erməni iş adamları il görüşü heç də yaxşı keçməyib və Paşinyan İrəvana əliboş qayıtmalı olub. Qeyd olunur ki, Moskvadakı görüşdə, əsasən Ermənistanın əvvəlki hökuməti – Serj Sarkisyanla xüsusi bağlara malik, ona sadiq erməni biznesmenlər iştirak edib və Paşinyanla üzbəüz oturmaq onlarda narahatlıq yaradıb: “Erməni iş adamlarından çoxu Paşinyanla görüşə sadəcə izləyici kimi gəldi, oturdular və getdilər. Digərləri isə Paşinyana bəyan etdilər ki, daha Ermənistana pul ötürməyəcəklər. Çünki İrəvandakı yeni hökumətin onlar üçün əlavə baş ağrısı yaradacağından qorxurlar. Belə olduqda, onların yaxın təcrübədə olduğu kimi şantaj və saxta ittihamlar yolu ilə həbsə atılmamaq üçün Ermənistana “investisiya” ayırmaq niyyətləri yoxdur”. Həmçinin vurğulanır ki, Moskvadakı görüşdə “Üçlər dialoqu”nun keçmiş sahibi Ruben Vardanyan Paşinyanla olduqca sərt danışıb. Səbəb isə Vardanyanın İrəvandakı yeni hökumətdən narazı olmasıdır. 
“Joxovurd”un məlumatına görə, qəyyumlar şurasında Rubenin də təmsil olunduğu “Strateji təşəbbüslər mərkəzi” Fondunun Ermənistandakı fəaliyyətinə son qoyulub. Bununla da, Paşinyan hökuməti Vardanyanın “ayağına basıb”. Bu cür davam edərsə, Paşinyan Rusiyadakı erməni biznesmenlərin İrəvandan üz döndərməsinə səbəb olacaq. Bu isə gələcəyi qeyri-müəyyən olan Ermənistanın iqtisadi və strateji maraqlarına böyük zərbə vuracaq. “Joxovurd” yazır ki, zəif iqtisadi göstəricilərə malik Ermənistanın güclü Azərbaycanın qarşısında tab gətirməsi daha müşkül olacaq və buna səbəb Nikol Paşinyanın yanlışlıqlarla dolu siyasətidir. Bildirilir ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan siyasi kataklizmlər dövrünə qədəm qoyub.  Məsələ ilə bağlı açıqlama verən erməni şərhçi Tevos Arşakyan Paşinyan hakimiyyətinin Serj Sarkisyanın biabırçı təcrübəsini davam etdirdiyini vurğulayır. Onun sözlərinə görə, Ermənistanda demokratiyalaşmanın eyforiyası yaşanır: “Son vaxtlar o haqda da həyacanlı məlumatlar yayılır ki, Paşinyan hakimiyyəti vətəndaş cəmiyyəti və mətbuatı inhisara almaq üçün hərəkətə keçib. Faktiki olaraq, söz azadlığı boğulur. Biz keçmiş hökmdarların idarəçiliyini açıq şəkildə hiss edirik”. “Qraparak” qəzeti yazır ki, Ermənistanda Nikol Paşinyan hökuməti dövlət qurumlarının əməkdaşlarına qarşı senzura tətbiq edir: “Dövlət qurumlarının sosial şəbəkələrdə fəallıq nümayiş etdirən əməkdaşları sərt şəkildə cəzalandırılır. Onları izləyirlər və hökumətin, yaxud Paşinyanın əleyhinə xırda fikirlərə görə belə sərt şəkildə cəzalandırırlar. Bu günlərdə maliyyə nazirinin müavinlərindən biri öz tabeliyindəki şöbələrdən birinin rəhbərini yanına dəvət edib. Həmin şəxs sosial şəbəkələrdə yeni hökuməti tənqid edən şərhləri bəyənirmiş. Məlum olub ki, onun sosial şəbəkə səhifəsi “yuxarılar” tərəfindən izlənir. Nazir müavini şöbə müdirinə xəbərdarlıq edib ki, bu işə son qoysun, yoxsa onu işdən qovacaqlar. Məlumatlara görə, yeni hökumət sosial şəbəkəni ciddi şəkildə izləyir”.
Bununla yanaşı, qəzet qeyd edir ki, Paşinyan Ermənistanı, vəd etdiyi kimi, iqtisadi uçurumdan çıxara bilmir. Ölkədə inflyasiya səviyyəsi son vaxtlar yüksəlib, lakin Paşinyan Dağlıq Qarabağda işğala son qoyaraq Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq, beləliklə iqtisadi uçurumdan çıxmaq istəmir. O iddia edir ki, “iqtisadi blokadadan çıxmaq üçün Azərbaycan və Türkiyə ilə sərhədləri açmağa ehtiyac yoxdur, biz Gürcüstan və İran sərhədindən istifadə edəcəyik”. Hərçənd, bunun yanlış olduğunu özü də bilir. Çünki Ermənistanın Gürcüstanla istədiyi əməkdaşlığı etmək üçün iki yolu var: birincisi, Rusiya ilə bütün əməkdaşlığı kəsməlidir, çünki Saakaşvili dövründəki gərginlik azalsa da, Gürcüstanla Rusiya arasında hələ də düşmənçilik var, Tiflis Ermənistanla Rusiya ittifaqlarında olduğu müddətdə məsafəli davranacaq; ikincisi, Gürcüstan Azərbaycan və Türkiyə ilə siyasi-iqtisadi-hərbi əməkdaşlığı fonunda Ermənistanı “xilas etmək” üçün Bakı və Ankaranın istəyinin əleyhinə getməyəcək, daha dəqiq desək, bunu edə bilməyəcək. Çünki Gürcüstanın bu bölgədə iqtisadi, enerji və hərbi təhlükəsizliyi məhz Azərbaycanla Türkiyədən asılıdır. Belə vəziyyətdə Qərbin Ermənistanı xilas etmək üçün adları çəkilən ölkələrə təzyiqləri işə düşəcəyi halda bunun hansısa nəticə verməyəcəyini Rusiyada fəaliyyət göstərən Dünya Silah Ticarəti Analitik Mərkəzinin direktoru İqor Korotçenko da təsdiq edir: “Qərbin bunu etməsi çətin olacaq, çünki prezident Əliyev o liderlərdəndir ki, onu şantaj etmək qeyri-mümkündür. Bir yerdə olsaq, Qərbin heç bir şantajı bizə qorxulu deyil”. Digər tərəfdən ekspert vurğulayır ki, bu halda Rusiya və Azərbaycan daha sıx şəkildə biri-birinə yaxınlaşacaq və Qərb də bunu mütləq nəzərə alır: “Rusiya Azərbaycanla münasibətləri yüksəltməkdə maraqlıdır. Hətta Azərbaycanın KTMT-yə üzvlük məsələsi belə gündəmə gəlib. Təşkilata birləşməyə qərar versəydi, əlbəttə ki, Azərbaycan KTMT-nin dəyərli tərəfdaşı olardı”. Korotçenkonun sözlərinə görə, Azərbaycan regionda çox vacib ölkədir və onun regiondakı hərbi inteqrasiya qurumlarında iştirakı bu cür qurumların inkişafına əlavə impuls verərdi: “Həm də Bakı bu məsələdə müxtəlif aspektlərdə, o cümlədən müasir silah növlərinin əldə edilməsində qazanc əldə edərdi.

Hesab edirəm ki, Rusiya artıq bütün tərəfdaşları ilə öz maraqları nöqteyi-nəzərindən danışmağı bacarmalıdır. Biz bütün məsələlər üzrə tərəfdaşlarımızla birbaşa dialoqdan çəkinməməliyik. Azərbaycan bizim üçün çox dəyərli tərəfdaşdır və biz bu münasibətin qədrini bilməliyik. Bura Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycana daha yaxından kömək etmək kimi vacib missiyalar da daxildir”.

Beləliklə, qeyd edilənlərdən bir daha aydın görünür ki, Rusiya da daxil olmaqla, digər dünya dövlətləri Azərbaycanla münasibətləri ən yüksək səviyyədə inkişaf etdirməkdə artıq xüsusi maraqlı tərəf kimi çıxış edirlər. Bütün bunlar eyni zamanda Bakının Qarabağ məsələsində mövqelərini daha güclü hala gətirir. Amma Rusiyanın bu konfliktin həllində daha  böyük təsir gücünə malik olması nəzərə alınarsa, Bakı-Moskva əlaqlərinin intensiv inkişaf fonunda problemin daha tez çözümünü gözləmək olar. Məhz bu səbəbdəndir ki, Azərbaycanla Rusiya arasında yaxınlaşma indi Ermənistanda daha böyük narahatlığa yol açır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.