Ermənistan taxıl blokadasında – qonşularla təcavüzkar davranışların yeni ağır nəticəsi…

11 Sentyabr 2018 18:30 (UTC+04:00)

Məlum olduğu kimi, Gürcüstan hökumətinin qərarı ilə sentyabrın 1-dən etibarən Rusiyadan Ermənistana Gürcüstan üzərindən quru yolu ilə buğda tədarükü qadağan edilib. Bu vəziyyət artıq Ermənistanda ciddi təşviş doğurub.

Ermənistanın "Jamanak” qəzeti yazır ki, qərar ölkənin sosial-iqtisadi vəziyyətinə mənfi istiqamətdə ciddi təsir edəcək: "Artıq şirkətlərə xəbərdarlıq edilib ki, Rusiyadan Ermənistana Gürcüstan vasitəsilə buğda daşınması mümkün olmayacaq. Tranzit yalnız Poti limanı vasitəsilə gerçəkləşdiriləcək, yəni Rusiya ilə Gürcüstan arasındakı quru sərhədindən buğda keçirilməsi tam dayandırılacaq. Bununla bərabər, buğda idxal edən şirkətlər Nikol Paşinyanı yaranan problemin strateji xarakterli olması ilə bağlı xəbərdar edib. Belə ki, daşımaların dəniz vasitəsilə həyata keçirilməsi hava şəraitindən asılı olacaq. Üstəlik, bunun nəticəsində bahalaşma qaçılmaz olacaq və xeyli tədarükçü işsiz qalacaq”.

Baş verənlər Gürcüstanın baş naziri Mamuko Baxtadzenin İrəvana rəsmi səfərində də diqqət mərkəzində olub. Səfər çərçivəsində o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Məlumatlara görə, Paşinyanla Baxtadze iki ölkə arasında iqtisadi-siyasi, humanitar, nəqliyyat sahələrindəki ikitərəfli münasibətləri müzakirə edib. Paşinyan Ermənistanla Gürcüstan arasındakı ticarət dövriyyəsini 1 milyard dollara yüksəltmək niyyətində olduqlarını bildirib. Lakin məsələ burasındadır ki, gürcü tərəfi İrəvanın bu istəklərini qəbul etmək niyyətində deyil. Əvvəla o baxımdan ki, Ermənistan Gürcüstan üçün maraqlı tərəf deyil. Digər tərəfdən, Ermənistanın Gürcüstana da ərazi iddialarının mövcudluğu və burada vəziyyəti qarışdırmaq cəhdləri Tiflisdə ciddi narazılıq yaradır. Bu fonda Mamuka Baxtadzenin Ermənistan prezidenti Armen Sarkisyan və parlamentin sədri Ara Babloyanla da görüşü hansısa ciddli nəticə verməyib. Ermənistanın ”lragir” portalı yazır ki, bütün bunların bir səbəbi də Azərbaycanın, Türikyənin Gürcüstan üçün daha böyük önəm kəsb etməsi, onların mövqeyinin Tiflis tərəfindən nəzərə alınmasıdır: ”Bu fonda Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin Ermənistana rəsmi səfəri hansısa yaddaqalan nəticə vermədi.  Görüşlərdə erməni-gürcü münasibətlərində dolaşıq məsələ sayılan buğdanın tranziti problemi də müzakirə edilib. Məlumatlara görə, gürcü tərəfi qərarından geri dönməyib. Məlum olduğu kimi, Gürcüstan buğdanın öz ərazisindən avtomobullərlə tranzitini qadağan edib. Bunu rəsmi olaraq buğda daşıyan ağır yük  maşınlarının yolları xarab etməsilə izah ediblər. Təklif edirlər ki, bu, daşımaların maya dəyərini artırsa da, buğda bərə ilə Potiyə, oradan da dəmir yolu ilə Ermənistana daşınsın.

Məlum olub ki, Ermənistan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə aparılan danışıqların nəticəsində Cənubi Qafqaz Dəmir Yolları və Gürcüstan Dəmir Yolları dənli bitkilərin Poti limanından Ermənistana daşınması tariflərinin 1 sentyabr 2018-ci il tarixdən 52% azaldılması barədə razılıq əldə edib. Aparılan hesablar düzdürsə, nəticədə taxılın bir tonu 50 dollar deyil, 25 dollar bahalaşacaq. Söhbət strateji əhəmiyyətli zəruri ərzaq məhsulundan gedir və sürətli regional inkişaf, həmçinin Azərbaycan və Türkiyənin Ermənistanla bağlı mövqeləri nəzərə alınarsa, Gürcüstanın qərarı perspektivdə ciddi nəticələrə səbəb ola bilər.

Ermənistan hakimiyyəti Gürcüstanla münasibətlərə daim həssas yanaşıb və Ermənistanın xarici aləmə yeganə çıxışını təhlükə altına sala biləcək problemlərin yaranmasına imkan verməməyə cəhd edib. Gürcüstan da Ermənistanın problemlərinə anlayışla yanaşıb, onlar bu və ya başqa yolla həll edilib və gürcülər Ermənistanın durumu ilə alver etməyib. Lakin Türkiyə və Azərbaycanın Gürcüstanda iqtisadi iştirakı getdikcə daha çox nəzərə çarpır. Bu iki ölkə Ermənistanı beynəlxalq təcrid siyasəti aparır və bu siyasətdə Gürcüstana mühüm platforma kimi baxılır. Azərbaycanın Gürcüstandan keçən kommunikasiyalara – dəmir yollarına, qaz boru kəmərlərinə və sairə marağı haqqında informasiyanın dövri olaraq yayılması təsadüfi deyil.  Ermənistandakı bütün strateji kommunikasiyaların Rusiyaya məxsus olduğunu nəzərə alsaq, mənzərə tamamlanır və buğdanın tranzitinin qadağan olunması ilə bağlı məsələ iqtisadi problem çərçivəsindən kənara çıxır. İndi Azərbaycan və Türkiyə Ermənistanın təcrid siyasətini davam etdirir, buğda və enerji daşıyıcıları burada yeni ilk hədəflər ola bilər. Ermənistan hakimiyyəti bu problemi bütün ciddiyyətilə məhz perspektiv planda müzakirə etməlidir”. Bütün bu qeyd edilənlər aydın göstərir ki, Ermənistanın işğal siyasəti getdikcə bu ölkəyə daha baha başa gəlir. Ermənistan gürcü ərazisi ilə də tranzit imkanlarını tədricən itirir. Bu isə işğalçı ölkənin sosial-iqtisadi durumunun daha da ağırlaşması deməkdir.

Tahir TAĞIYEV