Məktəblərin həyəti qarşısında tıxac yaradan avtomobillərə qarşı tədbirlər müəyyən edildi…

11 Sentyabr 2018 17:59 (UTC+04:00)

Vaqif Əsədov: “Kimliyindən və söylədiyi bəhanələrdən asılı olmayaraq, qayda pozan, tıxaclara səbəb olan sürücülər inzibati məsuliyyətə cəlb ediləcək”

 

Bir neçə gündən sonra yeni tədris ili başlayacaq və yollarda yenə tıxaclar gözlənir. Tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda nəqliyyat vasitələrinin sıxlığının artacağı ehtimal olunur.

Xüsusilə də orta məktəblərin qarşısında övladlarını orta məktəbə gətirəcək valideynlərin idarə etdikləri avtomobili elə təhsil müəssisəsinin yaxınlığında park etməsi həmin ərazidə tıxacın yaranmasına səbəb olacaq. Məktəblərin qarşısında avtomobil saxlayan şəxslərin cərimələnəcəyi qeyd olunur.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dərs ilinin başlanması ilə bağlı polis gücləndirilmiş iş rejimində xidmət edəcək: "Təhlükəsizliyin təmin edilməsi üçün tərəfimizdən bütün zəruri tədbirlər həyata keçiriləcək. İlk növbədə qeyd edilməlidir ki, paytaxtın inzibati ərazisində olan bütün təhsil müəssisələri tərəfimizdən nəzarətə götürülməklə, həmin təhsil müəssisələrinin yerləşdiyi ərazilərə yaxın yollarda əməkdaşlarımız xidmət aparmaqla bütün zəruri addımlar atılacaq. Nəzərə almalıyıq ki, dayanma-durma və ya parklanma tələbləri düzgün yetirilmədikdə bu, süni sıxlığın və ya tıxacların yaranmasına səbəb olur. Məktəblərin qarşısında avtomobil saxlayan şəxsləri cərimələmək deyil, onları maarifləndirmək lazımdır. İlk dərs gününə qədər məktəb olan küçələrdə sıxlığın yaşanmaması üçün təbliğat işləri aparılır. Bilik Günündə polis gücləndirilmiş iş rejimində çalışacaq, küçə və yollar nəzarətə götürüləcək. Təbliğat işlərini düzgün aparmaqla  sıxlığın qarşısı nisbətən də olsa alınar”.

V.Əsədov qəzetimiz vasitəsilə valideynlərə və sürücülərə müraciət edərək bildirdi ki, dayanma-durma, parklanma tələbləri müzakirə olunmadan yerinə yetirilməlidir: "Bəzən birinci sinfə gedən şagirdi bir neçə nəqliyyat vasitəsinin müşayiəti ilə məktəbə gətirirlər. Bu da süni sıxlıqların, tıxacların yaranmasına səbəb olur. Biz valideynlərdən, sürücülərdən xahiş edirik ki, belə addımlar atmasınlar. Nəzərə almaq lazımdır ki, paytaxtın mərkəzi yolları biri-birilə zəncirvarı birləşir. Hər hansı bir yolda qəza hadisəsi baş verərsə, bu hal  şəhərin əksər küçələrində hərəkəti məhdudlaşdıracaq. Bəllidir ki, Bakı şəhərinin mərkəzi küçələrində 100-dən artıq orta məktəb fəaliyyət göstərir. Bu məktəblərə gələn şagirdlərin bir qismi avtomobillə gəlir. Övladını dərsə gətirən valideyn tək özünü və uşağını deyil, digər sürücüləri və  sərnişinləri də düşünməlidir”.

V.Əsədov onu da əlavə etdi ki, kimliyindən və söylədiyi bəhanələrdən asılı olmayaraq, qayda pozan, tıxaclara səbəb olan sürücülər inzibati məsuliyyətə cəlb ediləcək. Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək, bununla yanaşı, sürücülərimiz də məsuliyyətli olmalıdırlar: “Bir avtomobilin yolda bir dəqiqə dayanması böyük sıxlıqların yaranmasına səbəb olur. Kimsə öz rahatlığı üçün başqasının işinə mane olmamalıdır”.

Günel CƏLİLOVA