Putinin Bakıya yeni səfəri və ya qısa vaxtda 4-cü Əliyev-Putin görüşünün pərdəarxası…

11 Sentyabr 2018 18:40 (UTC+04:00)

Elşən Həsənov: “Moskva gələcək üçün Bakını Qafqazda özünə ən yaxın strateji tərəfdaşı olaraq görmək istəyir”

 

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana sentyabrın 25-də səfər edəcək. Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı bildirib:

“Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin Rusiya liderinin sentyabrın 25-də Bakıya səfəri çərçivəsində işgüzar görüş keçirəcəklər. Görüşdə tərəflərin sentyabrın 1-də Soçidə baş tutan görüşü zamanı razılaşdırdıqları və ya vaxt tapıb haqqında bəhs edə bilmədikləri məsələlər nəzərdən keçiriləcək".

Qeyd edək ki, bu görüş baş tutsa, qısa zaman ərzində İlham Əliyevlə Putin arasında sayca 4-cü olacaq. Ölkə başçıları arasında şəxsi əlaqələrin bu şəkildə intensivləşməsi Azərbaycanın Qafqazda Rusiyanın əsas strateji tərəfdaşına çevrilməsi şanslarına necə təsir göstərir?

Ekspert Elşən Həsəonovun sözlərinə görə, ölkə başçısının son iki ay ərzində xaricə etdiyi səfərlər və ölkəmizdə keçirdiyi qəbullar ortaya olduqca böyük bir əzmkarlıq nümunəsini qoymuş olur: “İstənilən görüş Azərbaycanın maraqlarının ifadəsi, təmin olunması baxımından əhəmiyyətlidir. Xüsusilə də qonşu ölkələrlə yaxşı münasibətlərin qurulması çox vacib faktordur. Bu qəbildən Rusiya ilə həddindən artıq istiləşən münasibətlərimizi göstərə bilərik. Azərbaycanın xarici siyasət prioritetləri sırasında qonşu ölkələrlə qarşılıqlı faydalı münasibətlərin qurulması xüsusi yer tutur. Bu mənada ölkəmizin Rusiya ilə uzun illərdir mövcud olan və daha da möhkəmlənən, inkişaf edən əlaqələrini vurğulamaq lazımdır. Azərbaycanla Rusiyanı dostluq və əməkdaşlıq ənənələri bağlayır. Ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya Azərbaycanın tarixi dostu və tərəfdaşıdır. Bu günlərdə İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı hər iki dövlət başçısının bəyanatlarında bu mühüm məqamlar xüsusi olaraq vurğulanıb, prezidentlərin iştirakı ilə gələcək əlaqələrin daha da möhkəmləndirilməsinə hesablanan sənədlər imzalanıb".

Ekspertin sözlərinə görə, ayın axırı Putinin Bakıya səfər etməsi şəxsi təmasların daha da intensivləşdiyindən xəbər verir: “Bu amil siyasətdə olduqca önəmlidir. Çünki ölkə başçıları arasındakı şəxsi münasibətlərin mütəmadi və intensiv olması faydalı hesab olunur. Qısa müddət ərzində ölkə başçılarının 4 dəfə görüşməsi əlaqələrin çox yüksək səviyyədə olduğundan xəbər verir. Xüsusilə də belə qarışıq geopolitik hadisələrin fonunda bu təmaslar gələcək üçün dostların dəqiq müəyyənləşməsini zəruri edir.

Hazırda Cənubi Qafqazda Gürcüstan və Ermənistanda Rusiyanın siyasəti tənəzzülə uğrayır və hər iki respublika ilə ticari-iqtisadi əlaqələri mənfi saldo təşkil edir. Soçidə dövlət başçılarının iqtisadi sferanı əhatə edən “Yol Xəritəsi”ni imzalaması, gömrük, kənd təsərrüfatı, hərbi və digər sahələri özündə ehtiva edən sazişlərin imzalanması, hesab edirəm ki, Moskva ilə Bakı arasında bundan sonra əməkdaşlıqda yeni səhifə açacaq. Artıq Moskva Qafqazda Azərbaycanın strateji ölkə olduğunu və rolunu anlayır. Hazırda iki ölkə arasında iqtisadi və ticari əlaqələrin dövriyyəsi 2,5 milyard dollardır. Bütün bu göstəricilər Rusiya üçün Azərbaycanın önəmini artırır və şübhəsiz ki, Moskva gələcək üçün Bakını Qafqazda özünə ən yaxın strateji tərəfdaşı olaraq görmək istəyir. Münasibətlərin bu məcraya yönəlməsi Azərbaycan üçün də faydalı sayıla bilər. Biz bilirik ki, Dağlıq Qarabağın açarı Rusiyanın əlindədir və bu fonda o, ciddi irəliləyişin olmasına şərait yaradar”.

Məhəmmədəli QƏRİBLİ