Fəxrəddin Abbaszadənin həbsi - Azərbaycanın ərazi bütövlüyünə və antiseparatizm siyasətinə Moskvadan dəstək təzahürü...

11 Sentyabr 2018 17:38 (UTC+04:00)

Yeganə Hacıyeva: “Bəli, Rusiya bu addımı ilə sübut edir ki, Azərbaycanda istənilən növ separatçılığa qarşıdır”

 

Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, "Talış Milli Hərəkatı" adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub. Rusiya KİV-lərinin verdiyi məlumata görə, o, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və sentyabrın 6-da saxlanıb.

Sentyabrın 7-də isə Moskva vilayəti Luberets Rayon Məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib. F.Abbaszadə haqda 2018-ci il iyulun 12-də Səbail Rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib. Xatırladaq ki, F.Abbaszadə ermənilərə məxsus mətbuat orqanlarında Azərbaycana qarşı separatçı çıxışlar edib. Onun Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu bildirilir.

F.Abbaszadə (özünü Abboszadə adlandırır) 1993-cü ildə qondarma "Talış-Muğan Respublikası parlamentinin spikeri" təyin olunmuşdu. Xəyanətin qarşısı alındıqdan sonra Rusiyaya sığınan F.Abbaszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi.

Rusiyada həyata keçirilən bu həbs çox maraqlı bir dönəmə təsadüf edir. Son günlər ərzində cərəyan edən proseslərdən aydın görünür ki, regionda Rusiya ilə Azərbaycanın münasibətlərində çox yaxınlaşma baş verir. Eyni sözü biz Rusiya-Ermənistan münasibətləri haqda deyə bilmərik. Çünki Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra bu iki tərəfdaş ölkə arasındakı münasibətlər gərginləşmə əmsalı üzrə irəli getməkdədir. Məhz belə bir məqamda Azərbaycan dövlətçiliyi əleyinə separatçı fəaliyyət aparan bir şəxsin həbs edilməsi Rusiyanın ölkəmizin ərazi bütövlüyünə qarşı olan amillərə və hər cür separatçılığa qarşı sərt mövqe nümayişi sayıla bilərmi?

Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, Rusiyanın atdığı bu addım beynəlxalq qanunlara uyğundur: “Əvvəla bildirim ki, beynəlxalq konvensiyalara tərəfdaş çıxan istənilən ölkə bu cür məsələlərdə adekvat davranış nümayiş etdirməlidir. Çünki şəxs öz ölkəsi tərəfindən axtarışa verilirsə, demək ki, onun qanun qarşısında cavab verməsi təmin edilməli və həmin adamla bağlı hüquqi prosedurlar, istintaq hərəkətləri aparılmalıdır. Bu, məsələnin sırf hüquqi tərəfidir. Amma təəssüflər olsun ki, heç də bütün ölkələr bu qızıl qaydalara riayət etmir. Hətta özünü Avropanın ən demokratik ölkələri hesab edənlərin ərazisində Azərbaycan dövlətçiliyi üçün bundan da pis fəaliyyətlə məşğul olan mühacirlər var. Onların da barəsində cinayət işləri açılıb və barələrində beynəlxalq axtarış elan olunub. Görürsünüz ki, həmin şəxslərin Azərbaycana ekstradisiyası təmin edilmir. Biz Rusiyadan belə addımları bundan əvvələr də görmüşük. Məsələn, Azərbaycanın sabiq baş naziri Sürət Hüseynovun da həbsi Rusiyada reallaşdı və o gəlib Azərbaycanda mühakimə edildi. Biz Lapşin nümunəsini də göstərə bilərik. Həmin vaxt Belarus qanunauyğun addım ataraq, blogeri həbs edib Azərbaycana təhvil verdi. Biz bilirik ki, bu cür məsələlərə yalnız hüquqi deyil, həm də siyasi aspektdən yanaşılır. Rusiyanın bu addımı regionda baş verən mühüm proseslərin cərəyan etdiyi dönəmə təsadüf edir. Bəli, Rusiya bu addımı ilə sübut edir ki, Azərbaycanda istənilən növ separatçılığa qarşıdır. Belə olmasaydı, separatçıların özünə lider saydığı Abbaszadəni heç həbs etməzdi. Onun fəaliyyəti üçün münbit şərait yaradardı. Bütün bu addımlar bir daha sübut edir ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpasında maraqlıdır və hər növ separatçılığa qarşıdır. Həbs edilən şəxsin tez-tez erməni KİV-lərində Azərbaycan əleyhinə təbliğat aparması düşmən ölkənin xüsusi xidmət orqanları ilə sıx  təmasda olduğu qənaətini yaradırdı. Belə olan təqdirdə, Abbaszadənin həbsi həm də  Ermənistana vurulan ağır zərbədir”.

Məhəmmədəli QƏRİBLİ