Paşinyanın uğursuz Moskva səfəri və Azərbaycan üçün Qarabağ məsələsində açılan şanslar...

11 Sentyabr 2018 17:15 (UTC+04:00)

Qabil Hüseynli: “Bu vəziyyət Azərbaycan üçün məqbuldur və Dağlıq Qarabağ probleminin nizamlanması yolunda yaxşı perspektivlər vəd etmiş olur”

 

Ermənistan baş nazirinin Moskvaya etdiyi səfər və orada keçirdiyi görüşlər hələ də müzakirə mövzusu olaraq qalır. Əksər ekspertlər Paşinyanın bu səfərini böyük uğursuzluq kimi dəyərləndirir. Hətta Ermənistan mətbuatının özündə belə bu səfərlə bağlı bədbin proqnozlar verilir.

Ermənistan mediası baş nazirin xarici siyasətlə bağlı vahid konsepsiyasının olmadığını yazır. Düşmən mediası yazır ki, Rusiya hakimiyyəti əsas niyyətinə nail olub. Kreml Ermənistanda birqütblü siyasi sistemi formalaşdıra bilib. Bildirilir ki, Paşinyan Putinlə üç dəfə görüşsə də, erməni-rus münasibətlərində problemlər həllini tapmır. Avropa istiqamətində əsas problem ondan ibarətdir ki, Ermənistan hökumətinin vahid konsepsiyası mövcud deyil.

Qayıdaq Paşinyanın Putinlə keçirdiyi qapalı görüşün təfərrüatlarına. Rusiya Prezidenti Vladimir Putinlə Paşinyanın görüşü zamanı maraqlı anlar yaşanıb. Paşinyan görüşün baş tutacağı zala girmək istəyib. Lakin bu zaman Putinin mühafizəsi onun girişinə maneə yaradıb. Belə ki, zalın qapısının qarşısında Paşinyanın bir neçə saniyə gözləməsindən sonra Putinin onun girişinə izn verdiyini görən mühafizəçi onu içəri buraxıb.

Bundan əlavə, bu səfərlə ən böyük zərbə Birləşmiş Ştatlara vurulmuş oldu.

Qeyd edək ki, baş nazir seçildikdən sonra N.Paşinyan prinsipial olaraq Azərbaycan Prezidenti ilə danışıqlara hazır olduğunu bəyan etmişdi. Paşinyan növbəti dəfə deyib ki, Azərbaycanla ancaq Ermənistanın baş naziri kimi danışıqlar apara bilər, Dağlıq Qarabağın adından danışmağa isə onun səlahiyyəti yoxdur: “Mən Ermənistanın baş naziriyəm və danışıqlarda Ermənistan adından iştirak edə bilərəm. Lakin Dağlıq Qarabağın adından danışa bilmərəm. Dağlıq Qarabağ xalqı Ermənistanda hakimiyyətin formalaşması prosesində iştirak etmir”.

Göründüyü kimi, Paşinyanın Moskvadan əliboş qayıtdığını hətta öz mənbələri də təsdiq edirlər. Buna baxmayaraq, Paşinyan Moskvada yenə Dağlıq Qarabağla bağlı olduqca provokativ və məsuliyyətsiz bəyanatlar verib. Paşinyanın Moskva uğursuzluğu Dağlıq Qarabağ probleminin həllində Azərbaycan üçün hansı müsbət perspektivlər vəd edir?

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamalar sərsəmlikdir və heç bir reallığı əks etdirmir: “Bilirsiniz ki, Paşinyan hakimiyyəti hələ oriyentasiyasını tam müəyyən edə bilməyib. Onlar nə Qərblə, nə də Rusiya ilə tam razılığa gələ bilmirlər. Rusiya bir neçə dəfə Paşinyana barmaq silkələsə də, o, öz bildiyini etməyə çalışır. Düzdür, arada geriyə də addımlar atır, ancaq bu, Rusiyanı tam qane etmir. Bu baxımdan da ekspertlər hesab edirdilər ki, Rusiya Paşinyana Moskva səfəri çərçivəsində son xəbərdarlıqlarını verəcək. Düşünürəm ki, bu məqamlar onun diqqətinə çatdırılıb. Paşinyan isə bu biabırçılıqdan yaxa qurtarmaq üçün gücü Dağlıq Qarabağla bağlı sərsəm bəyanatlara verir. Rəsmi Bakı Paşinyanın Qarabağa dair populist və avantürist açıqlamalarına əsasən reaksiya vermir və Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətlərin yolu ilə getməyəcəyinə ümid edir. Lakin belə görünür ki, erməni inqilabının liderinin Qarabağ məsələsində nəinki hansısa konstruktivlik nümayiş etdirmək niyyəti yoxdur, eləcə də o, ümumiyyətlə, danışıqlar aparmaqda maraqlı deyil. Ermənistanın Rusiya ilə münasibətlərinin gərginləşməsi fonunda, Paşinyanın Qarabağla bağlı nümayiş etdirdiyi qeyri-konstruktivlik ona təzyiq üçün Rusiyanın əlinə daha ciddi bəhanə vermiş olur. Düşünürəm ki, bu vəziyyət Azərbaycan üçün məqbuldur və Dağlıq Qarabağ probleminin nizamlanması yolunda yaxşı perspektivlər vəd etmiş olur. Rusiya ilə münasibətlər kontekstində Paşinyan nə qədər çox səhv buraxsa, bu bizim üçün məqbuldur. Görünən də budur ki, Paşinyan səhvləri düzəltməkdə deyil, onların sayını artırmaqda maraqlıdır”.

Məhəmmədəli QƏRİBLİ