Azərbaycan dünyanın ən güclü orduları sırasında – Ermənistan az qala iki dəfə geridə buraxılır

11 Sentyabr 2018 17:10 (UTC+04:00)

İbrahim Rüstəmli: “Azərbaycan Ordusunun öz imzası ilə dünyaya təqdim edəcəyi uğurların böyük hissəsi gələcəklə bağlıdır

 

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordusu reytinqində 53-ci yerdə qərarlaşıb. Bu barədə “Global Firepower” təşkilatının yaydığı hesabatda bildirilir. Ümumilikdə, 136 ölkənin yer aldığı hesabatda Azərbaycan ötən illə müqayisədə öz mövqeyini 5 pillə yaxşılaşdırıb.

Hesabata əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopteri (onlardan 17-si hücum helikopteridir), Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var. Bildirilir ki, Azərbaycan Ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər.

Qonşu Gürcüstan reytinqdə 82-ci, Ermənistan isə 84-ci pillədə qərarlaşıb.

İlk onluq isə belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə, Almaniya.

Onu da qeyd edək ki, "Global Firepower Index" reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün "Global Firepower Index"in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amil nəzərə alınır.

Sözügedən hesabat bir daha Azərbaycan Ordusunun möhtəşəmliyini və dünyanın ən güclü ordularından biri olduğunu göstərir.

Maraqlıdır, bəs hərbi ekspertlər bunu necə şərh edirlər?

Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, dövlət quruculuğunun ən mühüm sahələrindən biri də Silahlı Qüvvələrimizlə bağlıdır: “Burada ölkənin milli maraqları ən önəmli yerdə dayanır. Milli maraqlardan danışarkən ilk növbədə Azərbaycanın ərazi bütövlüyü məsələsi gündəmə gəlir. Bu mənada ordu quruculuğu işinin ölkədə prioritet élan olunması da təsadüfi deyil. Çünki Silahlı Qüvvələrimiz dövlət siyasətinin təməl sütunudur. Yəni dövlət siyasətinin məhz ana xətti Azərbaycan Ordusu ilə bağlıdır. Bunun nəticəsidir ki, bir vaxtlar bəzi güclərin şübhə ilə yanaşdığı, inanmadığı məsələlər qısa müddətdə öz müsbət həllini tapdı. Azərbaycan Ordusu döyüşə-döyüşə yarandı, ayağa qalxdı və formalaşmağa başladı. Bu nailiyyətlərin kökündə dayanan faktor insan kapitalıdır. Kadır potensialımız ən mürəkkəb kombinasiyalarla izlənilən problemlərin, məqsəd və vəzifələrin reallaşdırılmasında əsaslı rol oynadı. Azərbaycan Ordusunun dünyada erməni ordusundan başqa, bütün ordularla qurduğu əlaqələr, aparılan təcrübə mübadilələri qısa vaxtda öz müsbət nəticəsini verdi. Qazanılan uğurlar göz qabağındadır və bu son deyil. Azərbaycan Ordusunun öz imzası ilə dünyaya təqdim edəcəyi uğurların böyük hissəsi gələcəklə bağlıdır. Ölkəmizin kadr potensialı, ordu quruculuğu işinin dövlət rəhbəri səviyyəsində prioritet élan olunması, müasir dünya təcrübəsinin hərtərəfli öyrənilməsi kifayət qədər böyük stimuldur. Bu stimulu şərtləndirən məqamlar isə birbaşa bizim maraqlarımızla bağlıdır. Ona görə də ordumuzun gələcək uğurları haqqında danışmağa yetərincə əsas var. Zənnimcə, hərbçilərimiz öz üzərlərinə düşən vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər. Azərbaycan Ordusunu gələcəkdə daha üstün mövqeyə çıxaracaqlar. Nəticədə reytinq cədvəlində Azərbaycan Ordusunun nüfuzu daha da artacaq”.

Vidadi ORDAHALLI