Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirildi

11 Sentyabr 2018 15:03 (UTC+04:00)

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib. Trend-in məlumatına görə, idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva öz xahişi ilə tutduğu vəzifədən azad olunub. O, 2012-ci ildən bu vəzifədə çalışıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Trend-ə bildirib ki, bu vəzifəyə Nelli Veyisova təyin edilib.

N.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini vəzifəsinə isə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə təyin edilib.

M.Mirzəzadə Trend-ə açıqlamasında bildirib ki, onun işlədiyi vəzifə yeni təsis edilib. Hazırda Bakı Şəhər Baş Səhiyyə İdarəsinin iki rəis müavini var. İdarənin digər rəis müavini Məmməd Cəfərov uzun illərdir ki, bu vəzifədə çalışır.

M.Mirzəzadə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini vəzifəsinə hələlik təyinatın aparılmadığını da söyləyib.