ABŞ Fələstin Qurtuluş Təşkilatının Vaşinqtondakı ofisini bağlayır

10 Sentyabr 2018 18:49 (UTC+04:00)

ABŞ Fələstin Qurtuluş Təşkilatının Vaşinqtondakı ofisini bağlayır. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti məlumat yayıb.

Xəbərdə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun bununla bağlı açıqlama verəcəyi qeyd edilir. Qəzet Boltonun açıqlama mətnindən bəzi ifadələrə də yer verib. Mətndə deyilir: “ABŞ hər zaman dost və müttəfiqi olan İsrailin yanındadır. Fələstinlilər İsraillə birbaşa danışıqlara başlamaqdan imtina etdiyi halda Tramp rəhbərliyi bu ofisi açıq saxlamayacaq”.

Açıqlama mətnində, ABŞ və İsrailə qarşı məhkəmə işinə başladığı təqdirdə, Beynəlxalq Cəza Məhkəməsinə qarşı sanksiya tətbiqinə dair qərarın qəbul oluna biləcəyi də bildirilir.

Qeyd edək ki, ABŞ rəhbərliyi BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) maliyyə dəstəyini də tamamilə dayandırıb.