PKK Ermənistanın sayəsində Qafqazda da möhkəmlənir...

10 Sentyabr 2018 18:44 (UTC+04:00)

Türkiyə Hərbi Hava Qüvvələri müxtəlif istiqamətlərdə PKK-ya sarsıdıcı zərbələr endirdikcə bu terror təşkilatı ilə Ermənistan arasında daha sıx bağların olması üzə çıxır. Xüsusən də türk hərbçilərinin ölkənin İraqın şimalı ilə sərhədlərinin təhlükəsizliyini gücləndirməsindən sonra PKK terrorçularının Türkiyəyə Ermənistan ərazisindən keçmələrinə dair çoxsaylı yeni faktlar üzə çıxıb.

Türkiyə mediası yazır ki, son aylarda şimal-şərq vilayətlərində PKK terrorçularına qarşı reydlər keçirilib. Dindirilmə zamanı saxlanılan terrorçular Türkiyə ərazisinə Ermənistandan keçdiklərini deyiblər. Həmçinin bildirilir ki, onların ifadələrinə əsasən, Ermənistan ərazisində PKK terrorçularının hazırlanması üçün düşərgələr də var.

O da vurğulanır ki, Türkiyə ordusunun İraqın şimalında yerləşən və PKK-nın əsas hərbi mərkəzi hesab olunan Qəndil dağında əməliyyat keçirməsi fonunda ilk olaraq PKK buradan Ermənistana axın edib. Xatırladaq ki, Qəndil dağları İraq və İran arasında yerləşir. Yəni dağ hər iki ölkənin ərazisinə düşür. Ümumi ərazisi 3 min kvadrat kilometrdən çox olan bölgənin bir hissəsi isə Türkiyə ilə sərhəd hesab olunur. Ancaq Qəndil dağı və PKK-nın yerləşdiyi eyniadlı düşərgələr İran-İraq sərhədində yerləşir. PKK buradan həm İraq, həm İran, həm də Türkiyə ərazisinə terrorçu göndərir. PKK-nın bir nömrəli hərbi bazası olan Qəndil dağı Türkiyədən 90 kilometr məsafədə yerləşir. PKK-nın düşərgələrinin yerləşdiyi vadi dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən geniş ərazidir. Lakin bura tamamilə mağaralardan və gizli sığınacaqlardan ibarətdir. Burada uğurlu əməliyyat üçün qonşu ölkələrin, özəlliklə İraqın dəstəyi lazımdır. İraq isə bu məsələdə Türkiyəyə yaxınlıq nümayiş etdirdiyindən, PKK-nın buradan Ermənistana axını başalyıb. Ermənistana gələn və buralardakı düşərgələrdə təlim keçən PKK üzvləri sonradan Türkiyənin müxtəlif bölgələrinə yollanır. Elə bu günlərdə Türkiyə hakimiyyətinə bağlı “Yeni Şafak” qəzeti də yazırdı ki, PKK-nın Ermənistandakı düşərgələrindən çoxsaylı terrorçu Türkiyə ərazisinə keçib. Hərbi-kəşfiyyat mənbələrinə istinadən yayılan məlumata əsasən, PKK-nın Ermənistandakı düşərgələrindən terrorçular solçu radikal qrupların cəmləşdiyi Ağrı, Bingöl, Tunceli və Tokat bölgələri üzərindən Qara dəniz sahilindəki dağlıq bölgələrə keçməyə çalışır. Bildirilir ki, Ermənistandan sızan terrorçuların Gümüşhanə səmtinə keçməyə hazırlaşdığı qeydə alınıb.

Xəbərdə o da deyilirdi ki, Ermənistandakı düşərgələrdən PKK-çılar sərhədi keçərək Ağrı bölgəsindəki Tendürək dağında cəmləşiblər. Onları havadan pilotsuz kəşfiyyat təyyarələri qeydə alıb. Bu terrorçular TİKKO, MKP, TİKB, MLKB kimi radikal solçu qruplaşmaların uniformalarını daşıyır, onlar mövsümi işçilər adı altında Qara dəniz bölgəsinə keçməyə can atırlar. PKK-nın Qara dəniz bölgəsində möhkəmlənməyə çalışmasının səbəbi budur ki, Türkiyə silahlı qüvvələri terror təşkilatının Amanos dağlarındakı qüvvələrini məhv edib. Nəticədə terrorçular Amanos dağlarında yenidən möhkəmlənə bilmədikləri üçün Qara dəniz sahilindəki dağlıq bölgələrə yerləşməyə çalışırlar. Qəzet yazır ki, yaranmış vəziyyətlə bağlı Türkiyə ordusu Tunceli, Bingöl, Ağrı və Tokat bölgələrində geniş təhlükəsizlik tədbiri görüb, havadan pilotsuz təyyarələr müntəzəm olaraq bölgəni izləyir. Hərbi qüvvələr mümkün əməliyyat üçün hazırlıq vəziyyətindədir.

Xatırladaq ki, PKK-nın təkcə Ermənistanda yox, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində da düşərgələrinin olduğu məlumdur. Bu barədə Türkiyə mənbələri dəfələrlə məlumat yayıb. Məsələyə yenidən münasibət bildirən Türkiyə Universiteti Tarix fakültəsinin müəllimi Savaş Əyilməz qeyd edir ki, Ermənistanın işğalı altındakı Azərbaycan torpaqları olan Laçın və Kəlbəcər şəhərlərində PKK düşərgələrinin olduğuna əminik. O, Ermənistanın PKK-ya dəstək verdiyini və ələ keçirilən PKK-çıların əksəriyyətinin Ermənistan əsilli olduqlarını bildirib.

Tarixçi qeyd edib ki, PKK-nın siyasi qanadında sözdə siyasətlə məşğul olduqlarını deyən şəxslərin ifadələrindən də onların erməni əsilli olduqları bəlli olur: "Deyirlər ki, Türkiyədən alınacaq torpaqlar 2 terror qruplaşması arasında bölüşdürüləcək. Hər iki təşkilatın hədəfi Cənub-Şərqi Anadolu və Şərqi Anadoludur. Biri türk, digəri isə kürd dövləti yaratmaq istəyir". Savaş Əyilməz onların birinin digərinin törəməsi ola biləcəyini, lakin eyni məqsədə - Türkiyəni zəiflətməyə xidmət etdiklərini deyib: "Ermənistandakı iki qəzet və bir radio PKK-nın təbliğatı ilə məşğuldur. Həmin media qurumları Avropadan gələn terrorçular tərəfindən yaradılıb. Bununla yanaşı, burada sadəcə təlimlər deyil, Qafqaz bölgəsindəki narkotik, silah qaçaqmalçılığı və insan alveri də yenə PKK-nın əlindədir. PKK Qafqazda güclü şəkildə təşkilatlanmaq və bölgənin əsas qruplaşmalarından birinə çevrilmək istəyir. Bunun üçün, Ermənistanla yanaşı, Gürcüstan üzərindən də ciddi sərmayələr yatırılır. PKK Gürcüstanda, Ermənistandan fərqli olaraq, üzdə dərnəklər yaradaraq təşkilatlanmağa çalışır. Bu dərnəklərin xərclərini isə Avropa Birliyinin layihələrini gerçəkləşdirməklə qarşılayırlar. Terror təşkilatı Amanos dağlarında mövqeləri zəiflədikdən sonra Ermənistan düşərgələrində olan terrorçuları Qara dəniz sahillərinə yönləndirir". O vurğulayır ki, yaranmış vəziyyətdə artıq Ermənistan PKK-nın idarəçisi durumuna gəlib. Ekspert bir daha vurğulayır ki, Ermənistan 1992-ci ildən bəri öz torpaqlarını PKK düşərgələrinə açıb. Hazırda Gümrü, Spitak və İrəvan yaxınlığında ciddi terror düşərgələri mövcuddur. Bütün bunlar isə PKK-nın Ermənistan sayəsində Qafqazda da möhkəmləndyini aydın göstərir.

Nahid SALAYEV