İslam Ordusunun 100 yaşlı Bakı zəfəri – Türkdilli ölkələrin inteqrasiyası üçün mühüm tarix...

10 Sentyabr 2018 18:25 (UTC+04:00)

Məhərrəm Zülfüqarlı: “Bu bizim tariximizin şərəfli səhifəsidir”

 

Məlum olduğu kimi, sentyabrın 13-dən 16-dək Bakı şəhərində “Birinci Dünya Müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr olunub.

Beynəlxalq elmi konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən olan alimlərin məruzələrinin dinlənilməsi nəzərdə tutulub. Konfransda Azərbaycan tarixçilərinin “Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu”, “Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı”, “Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi”, “Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində”, “Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi” və digər mövzularda məruzələri dinlənəcək.

Bununla yanaşı, sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində Bakıda hərbi parad təşkil ediləcək. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfər edəcək. Tədbirdə digər qonaqların da işitirakı gözlənir.

Ümumilikdə, Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunmasının 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi türkdilli dövlətlərin inteqrasiyasında necə rol oynayacaq?

Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, sözügedən tədbir türkdilli dövlətlərin inteqrasiyasına müsbət təsir göstərəcək: “Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunmasının 100 illiyinin qeyd olunması möhtəşəm hadisədir. Bu bizim tariximizin şərəfli səhifəsidir. Çox əlamətdar hadisədir ki, dövlət rəhbərliyi səviyyəsində buna böyük maraq göstərilir. Bir sıra tədbirlərin keçirilməsinə qərar verilib. Bununla bağlı beynəlxalq simpoziumun keçirilməsi, bir sıra türkdilli ölkələrdən qonaqların gəlməsi, paradın keçirilməsi mühüm hadisə olacaq. Nəzərə almaq lazımdır ki, sentyabrın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıya səfər edəcək. Bu həm Azərbaycan xalqının Cümhuriyyət ənənələrinə hörməti, həm də Qafqaz İslam Ordusunun 100 il bundan əvvəl etdiyinə minnətdarlıq hissidir. Mən özüm də tarixçi olaraq 1918-ci ildə baş verən Göyçay döyüşü barədə kitab yazmışam. Cümhuriyyətin qalması, Bakının azad olunması 1918-ci ilin 27 iyulunda Göyçayda baş verən qələbə ilə başlayıb. Hesab edirəm ki, araşdırmaçılar bu tarixi hadisələrə daha çox diqqət etməlidirlər. Dövlətin buna qayğı göstərməsi alqışlanmalıdır. Bununıla yanaşı, Bakının azad olunmasının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlər türkdilli dövlətlərin inteqrasiyasına müsbət təsir göstərəcək”.

Vidadi ORDAHALLI