Paşinyanın Rusiya fiaskosunu pərdələyən tezisi – “heç bir istiqamətdə problem yoxdur”...

10 Sentyabr 2018 18:16 (UTC+04:00)

Məhəmməd Əsədullazadə: “Qərbin ona iki stulda oturmağa icazə verməyəcəyini düşünürəm”

 

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin Rusiya ilə münasibətlərində heç bir istiqamət üzrə problem yoxdur.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mənim görüşüm elə indi qurtardı. Biz səmərəli söhbət apardıq, hansı ki, nəticəsinə görə qeyd edə bilərik ki, erməni-Rusiya münasibətləri olduqca yaxşıdır. Bizim münasibətlərimizdə heç bir istiqamət üzrə heç bir problem yoxdur", - deyə Paşinyan şənbə günü Moskvada Rusiya Federasiyasının Prezidenti V.Putinlə görüşünün nəticələri ilə bağlı öz “Facebook” səhifəsində yazıb.

Ermənistan baş naziri Paşinyanla Rusiya Prezidenti V.Putin arasında Moskvada baş tutan görüşün mətbuata açıq hissəsində səslənən bəyanatlar danışıqların asan keçməyəcəyi təəssüratı yaradıb. Paşinyan Rusiya və Ermənistanın münasibətlərinin gələcəkdə də “iki ölkənin maraqlarına hörmət və bir-birlərinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulacağına” ümid etdiyini bildirib: “Əminəm ki, iki ölkə arasında bu məsələlər həll ediləcək və biz müttəfiqlik münasibətlərimizdən irəli gələn maraqlara, ölkəmizin maraqlarına, suverenliyinə və bir-birlərinin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmətə əsaslanacağıq”.

Ermənistan baş nazirinə görə, iki ölkə münasibətlərinin bütün potensialını açmağa can atmaq lazımdır, KİV-lərdə gedən pessimist məqalələrə baxmayaraq, qarşılıqlı münasibətlər “dinamik şəkildə” inkişaf edir.

Putin də qeyd edib ki, Ermənistanla münasibətlər “ardıcıl olaraq bütün istiqamətlərdə inkişaf edir”. “Bizim indiki qarşılıqlı münasibətlərimizlə və uzunmüddətli perspektivlə bağlı saatları qurmağa hazıram”.

Paşinyan nə qədər iddialı danışsa da və bir sıra məsələləri pərdələməyə çalışsa da, hazırda Ermənistanla Rusiya arasında heç bir problemin olmadığını demək gülüncdür. Ən azından, Paşinyanın inqilab dalğasında hakimiyyətə gəlməsi və ondan sonra ölkədə baş verənlər, iki ölkə arasında bəzi məsələlərlə bağlı yaşanan fikir ayrılıqları bunun heç də belə olmadığını göstərir.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Doğrudan da İki ölkə arasında heç bir problem yoxdur?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanla Rusiya arasında kifayət qədər problem var: “N.Paşinyanın hər dəfə iki ölkə arasında heç bir problem yoxdur deməsi elə problemlərin olduğu deməkdir. May ayından bəri olan dönəm Moskva-İrəvan əlaqələrinin qırılma nöqtəsidir. Məhz Paşinyanın hakimiyyəti iki ölkə arasında deyərdim ki, forpostla öz ağası arasında problemlərə yol açdı. Qeyd edim ki, Paşinyanın Kremlə çağırılması, Putinin onunla bütün açıq kartla danışması problemlərdən qaynaqlanır. Hesab edirəm ki, Paşinyan qeyri-müəyyən siyasətçidir və o üzdən, Rusiya ilə bağlı yenidən problemlər yaşanacaq. Paşinyanın ardıcıl siyasi xətti qərbyönümlüdür. Bundan sonra bu siyasət davam edəcək. Qərbin Paşinyana iki stulda oturmağa icazə verməyəcəyini düşünürəm. Hesab edirəm ki, Ermənistanla Rusiya arasında konfliktlərin yeni mərhələdə davam etməsi mümkün görünür. Serj Sarkisyanın siyasəti kimi, yeni hakmiyyət siyasət yürüdə bilməyəcək. İki ölkə arasında yaşanan bu soyuq münasibətlər Kreml görüşündə də özünü büruzə verdi. Bu görüşdə Paşinyan Putinin bir neçə şərtini qəbul etməyib. Bura Suriyada Ermənistan əsgərlərinin iştirakı, Rusiya bazalarına qarşı kampaniyanın dayanması və Köçəryana təqiblərə son verilməsi daxildir. Hesab edirəm ki, Paşinyan gələn növbədənkənar parlament seçkilərinə qədər Putinlə bu kimi məsələlərdə hesablaşacaq. Ondan sonra fərqli siyasət yeridəcək”.

Vidadi ORDAHALLI