Paşinyan Moskva səfərində Ermənistanın Qarabağ təcavüzkarlığının ifşasını başa çatdırdı...

10 Sentyabr 2018 18:11 (UTC+04:00)

Üzeyir Cəfərov: “Moskva isə bəyanatla çıxış edərək bunun səhv olduğunu və mövqeyinin dəyişmədiyini bildirməlidir”

 

Məlum olduğu kimi, Ermənistan baş naziri Rusiyada səfəri çərçivəsində sərsəm bəyanatla çıxış edib. Paşinyanın sözlərinə görə, qondarma “Dağlıq Qarabağ Respublikası” gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır: “Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir".

O deyib ki, Ermənistan Dağlıq Qarabağın ərazicə kimə mənsub olması ilə bağlı Azərbaycanla mübahisədə heç bir güzəştə getməyə hazır olmayacaq. Paşinyana görə, bu kontekstdə hansısa güzəşt “zəiflik” kimi qiymətləndiriləcək və Qarabağın ərazi mənsubiyyəti barədə erməni tərəfinin mövqeyi dəyişməzdir. Bu, Paşinyanın hakimiyyətə gələndən sonra Qarabağa dair nümayiş etdirdiyi növbəti və daha sərt avantüradıır. Əvvəlcə o, Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmayacağını və qondarma “DQR”in danışıqlarda tərəf kimi iştirak etməli olduğunu bildirmişdi.

Moskvaya yola düşməzdən əvvəl isə Paşinyan “Ermənistanın və bütün erməni xalqının Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu” deyib. Paşinyan bu bəyanatı iki ölkənin XİN rəhbərlərinin BMT səviyyəsində görüşünə hazırlığın getdiyi, ən əsası isə ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın ərazisində söyləyib. Qeyd edək ki, bir neçə gün öncə İlham Əliyev türkdilli ölkələrin sammitində Ermənistanın yeni hakimiyyətindən konstruktiv mövqe gözlədiyini bəyan etmişdi. Belə münasibətin fonunda, Paşinyanın bu avantürasına hansı qiyməti vermək olar?

Ekspert Üzeyir Cəfərovun sözlərinə görə, bu, işğalçı dövlət başçısının beynəlxalq hüquqa açıq şəkildə meydan oxuması anlamına gəlir: “Bu, işğalçı dövlətin ən kobud və demək olar ki, düzəlməsi mümkün olmayan səhvidir. ATƏT-in Minsk Qrupu və rəsmi Moskva Ermənistanın bu aşkar təxribatının qarşısını dərhal almalı idilər. Əgər indiyə kimi bunu etməyiblərsə, belə düşünmək olar ki, bu kobud ideya ona kənardan ötürülüb. Ermənistan bütün hüdudları aşdı və buna görə cavab verməlidir. Bu, Azərbaycanın bütövlüyü və suverenliyinin kobud şəkildə pozulması, milli maraqlarımıza qarşı etinasızlıqdır. Üzdəniraq “Dağlıq Qarabağ Respublikası” qondarma qurumdur və düşünürəm ki, tezliklə separatçılar beynəlxalq qanunlar qarşısında cavab verəcəklər. Paşinyan bir az da irəli gedərək hansısa güzəştlərdən söz açıb. Bu onun çin olmayacaq yuxusudur ki, gələcəkdə işğal olunmuş Azərbaycan torpaqları Ermənistan ərazisinin bir hissəsinə çevriləcək. Onun sələfləri də bunu arzulayıblar, lakin onlar bəyanatlarda ehtiyatlı idilər, çünki nə ilə nəticələnəcəyini anlayırdılar. Küçədən hakimiyyətə gələn bu adam isə Putinlə görüşdən sonra belə axmaq bəyanat verib. Hesab edirəm ki, ya ATƏT-in Minsk Qrupu səlahiyyətlərindən imtina etməli, ya da Paşinyana yerini göstərməlidir. Moskva isə bəyanatla çıxış edərək bunun səhv olduğunu və mövqeyinin dəyişmədiyini bildirməlidir. Hər şey beynəlxalq hüquq çərçivəsində olmalıdır. Çünki Paşinyan belə bəyanatla Putinlə görüşdən sonra çıxış edib ki, bu da ciddi mülahizələr üçün əsas vermiş olur”.

Məhəmmədəli QƏRİBLİ