Paşinyanın Rusiya səfəri uğursuz diplomatiyanın ən yeni təzahürüdür...

10 Sentyabr 2018 17:53 (UTC+04:00)

Nəzakət Məmmədova: “Paşinyanın Rusiya səfəri əvvəlcədən iflasa məhkum idi”

 

Emənistanda çevriliş nəticəsində hakimiyyətə gələn siyasi qüvvələr başlıca problemləri hələ həll etməyiblər. Bunlardan biri növbədənkənar parlament seçkiləri, o biri isə Rusiya ilə münasibətlərin normallaşmasıdır.

Bu məsələlərin həlli baş nazir Nikol Paşinyan və onun təmsil etdiyi siyasi qüvvələrin gələcəyini təmin edəcək. Ermənistanın baş naziri N.Paşinyanın Moskva səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı gərgin ab-hava hiss olunurdu. Bu gərginlik xüsusilə baş nazir Paşinyanın çıxışlarında aydın müşahidə olunurdu.

Belə ki, Ermənistanın baş naziri Rusiya və Ermənistanın münasibətlərinin gələcəkdə də “iki ölkənin maraqlarına hörmət və bir-birlərinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulacağına” ümid etdiyini bildirib. Həmçinin, o, “Əminəm ki, iki ölkə arasında bu məsələlər həll ediləcək və biz müttəfiqlik münasibətlərimizdən irəli gələn maraqlara, ölkəmizin maraqlarına, suverenliyinə və bir-birlərinin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmətə əsaslanacağıq” şəklində bəyanatla çıxış edib. Bununla da N.Paşinyan V.Putinə onun ölkəsinin daxili işlərinə qarışmamağı bildirib. Xüsusilə Ermənistan baş naziri Rusiyanın Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan barədə axtarışları ləğv etməsini və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryanın vəzifələrindən uzaqlaşdırılması tələbini irəli sürməsini Rusiyanın ölkəsinin daxili işlərinə qarışması ilə əlaqələndirir. Bununla yanaşı, N.Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamalarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Ələlxüsus da Ermənistan baş nazirinin bu şəkildə bəyanatla çıxış etməsindəki əsas səbəb ölkənin növbədənkənar parlament seçkilərinə getmək istədiyi bir zamanda Rusiyanın Robert Köçəryanı dəstəkləməsi barədə erməni KİV-də çıxan yazılardan irəli gələn narahatlıqdır. Paşinyanın Rusiya  səfəri Moskva ilə aralarında münasibətlərin tənzimlənməsi baxımından son şans kimi dəyərləndirilirdi. Bu baxımdan, Paşinyan səfər çərçivəsində Rusiya ilə bütün məsələləri yoluna qoya bildimi?

Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, birmənalı surətdə demək olar ki, Paşinyan Rusiya ilə onun çevriliş yolu ilə hakimiyyətə gətirilməsindən sonra yaranmış və bu günədək davam edən, getdikcə dərinləşən ziddiyyətləri aradan qaldıra bilmədi: “Fikrimizi iki amillə əsaslandıra bilərik. Paşinyanı hakimiyyətə gətirən güc mərkəzləri, dairələr onun ölkəsini öz planlarına uyğun istiqamətdə idarə etmək istəyirlər ki, bunun başında Rusiyadan uzaqlaşma dayanır.

İkinci amil isə onunla bağlıdır ki, Paşinyan xarakter etibarilə xarizmatik deyil, o, şəxsi və işgüzar keyfiyyətləri Putinə, Lavrova qarşı dayanmaq potensialı olmayan bəsit bir yazardır. Biz “KQB” məktəbini keçmiş Putinlə, Rusiya kimi bir dövlətin diplomatiyasının ön səngərində "külüng vurmuş" Lavrovla Paşinyanı müqayisə edə bilərikmi?! Paşinyan onların qarşısında çox zəifdir. Sadəcə, səlahiyyətləri öz əlinə almaqla, o, onu hakimiyyətə gətirmiş, ona səlahiyyət qazandırmış qüvvələrə ölkəsində şərait yaradır ki, Rusiyaya və ola bilər ki, İrana qarşı effektiv iş aparsınlar”.

N.Məmmədovanın sözlərinə görə, bunu son raunddan daha çox, açıq kart oyunu kimi yorumlamaq olar: “ Son raund o zaman olacaq ki, ya Paşinyan hakimiyyətdən getsin, ya da sonuncu rus əsgəri Ermənistandan çıxarılsın. Birincinin başvermə ehtimalı daha yüksəkdir. Lakin burada söhbət heç şəxsən Paşinyandan getmir. Burada söhbət ABŞ-la Rusiyanın Ermənistan uğrunda geosiyasi nüfuz uğrunda savaşından gedir. Yəni son raund o zaman müəyyənləşəcək ki, Rusiyanın, yoxsa ABŞ-ın Ermənistanda qalan əsas qüvvə olması təsbit olunsun.

Dediyimiz kimi, Rusiya və Ermənistan arasında bu narazılıqlar şəxsi, yaxud biznes fikir ayrılığı ucbatından yaranmış narazılıq deyil. Bu, Ermənistanın geosiyasi seçim qarşısında qoyulmadan onun boynuna yüklənmiş öhdəliklərin yaratdığı problemdir. Artıq keçmiş de-yure müttəfiq, de-fakto senyor-vassal arasında etimadsızlıqdan daha fəsadlı, ittifaq bağlarının qopması prosesi gedir və bu proses hər zaman ağrılı olur. Xüsusən burada Rusiyadan qopma cəhdləri baş verirsə”.

Politoloqun sözlərinə görə, Rusiya tarix boyu öz satellit-əlaltı dövlətlərinin onun təsir dairəsindən çıxması ilə səssizliklə barışmayıb: “Bu onun imperiya təfəkkürünə və hazırkı iddia etdiyi qlobal ambisiya strategiyasına zidd yanaşmadır. İsti dənizlərə çıxmaq ideyası ilə minlərlə kilometr uzaq sahillərdə, Suriyada milyonlarla dollar vəsait hesabına müharibə aparan, Ukrayna və Baltikyanı ölkələr tərəfdən "anakonda strategiyası" əsasında həlqəyə alınmış Rusiya cənub sərhədlərindəki forpostunun - Ermənistanın ABŞ nəzarətinə keçməsinə razı ola bilməz. Odur ki, Paşinyanın sakitləşdirici bəyanatları artıq əvvəlki keyidici effektini vermir. Rusiya Paşinyanın şəxsində Ermənistandan qətiyyətli mövqe və ikitərəfli müqavilələrə “pacta sunt servanda” prinsipindən riayət olunmasını, yəni müqavilələrə vicdanlı yanaşma, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi qarşısında götürdüyü öhdəliklərə sadiqlik tələb edir. Rusiya Paşinyana, daha doğrusu, onu hakimiyyətə gətirən qüvvələrə qarşı nəinki açıq diplomatik demarş etməkdən, hətta həmin rəqiblərlə hərb meydanında üz-üzə gələrək İdlibi bombardman etməkdən, Xəzər dənizində ABŞ-ın hərbi iştirakından narahat olaraq status məsələsində daha güşətcil mövqe tutmaqdan, Tehran görüşündə Suriyanın gələcəyini istədiyi kimi şəkilləndirməkdən, Azərbaycanın təbii qaz layihələrinə loyal yanaşmaqdan tutmuş, bir sıra açıq və gizli fəal tədbirlər həyata keçirir”. N.Məmmədova deyir ki, Paşinyanın Rusiya səfəri əvvəlcədən iflasa məhkum idi. Çünki bu artıq Ermənistanın geosiyasi seçim qarşısında qoyulmadan boynuna qoyulmuş seçimə və bunu qəbul etdiyinə görə vassalı olduğu əvvəlki suveren tərəfindən xəyanətə görə haqq-hesab çəkmək üçün hüzura qəbul idi. Burada hər hansı razılaşmadan söhbət gedə bilməz. Sadəcə, tərəflərin bir-birinə daha ağır, sarsıdıcı zərbə vurması üçün uyğun məqamı gözləmək məqsədilə vaxt qazanmaq planından söhbət gedə bilər. Belə hallarda isə oyun ən yaxşı halda heç-heçə bitə bilər. Amma hələlik. Okeanın o tayından növbəti təlimat və real kömək gələnə qədər”.

Məhəmmədəli QƏRİBLİ