ABŞ Suriyada İran və Rusiya qüvvələrinin vurulmasını istisna etmir...

10 Sentyabr 2018 10:46 (UTC+04:00)

Vaşinqton Bəşər Əsədin İdlibin azad edilməsi üçün xlor qazından istifadəyə gedəcəyinə şübhə etmir, o üzdən ABŞ HHQ-nin həm Əsəd qüvvələrini, həm də İran və Rusiya qüvvələrini vura biləcəyi indi ABŞ-ın yüksək dairələrində əsas müzakirə mövzusudur.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə bazar günü “The Wall Street Journal” yazıb. Nəşr yazır ki, hələlik son kəşfiyyat xəbərləri Əsədin silahlı qüvvələrinə xlor qazından istifadə və ümumiyyətlə hücüm əməliyyatları barədə hər hansı göstərişinin olması barədə dəqiq məlumata malik deyil. Bununla belə, Pentaqonun artıq cavab tədbirlərilə bağlı  hazırlıqlara başladığını yazan “The Wall Street Journal” onu da bildirir ki, ABŞ prezidenti Donald Tramp bu cavab tədbirlərinin nədən ibarət olacağı, bu baş verərsə Rusiya və İran qüvvələrinin də hədəfdə olub-olmayacağı barədə də hələ qəti qərar verməyib. Məqalədə, həmçinin, yüksək çinli amerikan rəsmilərinin xlor qazından istifadənin Əsid rejiminin vurulması üçün əsas olub-olmayacağına da əmin olmadıqları bildirilir. Eyni zamanda, deyilənlər baş verərsə, ABŞ HHQ-nin Suriyaya hava zərbələrinin daha geniş masştablı olacağı bildirilir və bu halda Rusiyanın havadan müdafiə sistemlərinin də hədəfə alınması sual altındadır. Mövzu ilə bağlı nəşrin şərhində Pentaqon sözçüsü Dan Uaytın fikrinə də yer verilir.  Nəşrə görə, sözçü deyib ki, ABŞ-ın Əsəd planlarını şərh etmək niyyətində deyil, lakin Əsəd dinc insanların məhvinə gətirən xlor və zarin qazından istifadəyə qərar verərsə, bunun doğuracağı nəticələr region üçün fəlakətli olacaq.