Tarixdə iz buraxanlar: Cəfər Xəndan

7 Sentyabr 2018 19:23 (UTC+04:00)

Cəfər Xəndan 1910-cu il may ayının 8-də İrəvan şəhərində müəllim ailəsində anadan olub. Bu ailə müəyyən səbəblər üzündən 1918-ci ildə Gəncəyə köçüb. Bir müddət sonra ata-anası vəfat etdiyindən kimsəsiz qalan Cəfər özündən kiçik qardaşı Rəşid və bacısı Leyla ilə birlikdə uşaq evində yaşayıb. Çox ağır vəziyyətdə olmasına baxmayaraq, Cəfər Xəndan 1925-ci ildə Gəncə Pedaqoji Texnikumunu, 1929-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

Cəfər Xəndan ədəbi yaradıcılığa şeir və məqalələrlə başlayıb, ilk əsərini 30-cu illərdə çap etdirib. Onun 1936-cı ildə yazdığı “Bəyaz gecələr” kitabı müəllifin lirik həyəcanları ilə yanaşı, sosial təlatümlü bir epoxanın nəbzini əks etdirirdi. Bu kitab Cəfər Xəndanın poetik yaradıcılığında ilk qaranquş olub.

Cəfər Xəndan Böyük Vətən müharibəsində qələmini süngüyə çevirib, cəbhə qəzetlərində çalışıb, Cənub-Qərb, Şimali Qafqaz və Zaqafqaziya cəbhə qoşunlarında xidmət edib, müharibə mövzusunda alovlu şeirlər yazıb. Onun cəbhə şeirlərinin əksəriyyəti dövri mətbuatda çap olunub, 1942-ci ildə isə “Cəbhə şeirləri” adlı kitabı da nəşr olunub. Müəllif şeirlərində özünün qələbəyə inamını, Vətənə məhəbbətini, düşmənə nifrətini, el-obaya, xalqa və doğmalarına bəslədiyi hisslərini ifadə edib. Şairin bu kitaba daxil etdiyi “Cəbhədən məktub” şeiri onun həyat yoldaşı Məhbubə xanıma həsr olunub. Qadının narahatlığını azaltmağa çalışan müəllif sıralarında döyüşdüyü ordunun daim qələbələr qazandığını, bu ordunun “Günəş ordusu” olduğunu bəyan edir.

Cəfər Xəndanın “Cəbhə şeirləri”nə ön söz yazan M.Hüseyn Vətən anlayışını şeirin döyüş poeziyasının əsas qəhrəmanı sayır və yazırdı: “Vətən sözü şeirimizin ən əziz, ən həyacanlı sözlərindən biridir. Şairin ilhamını coşduran, ona qüvvət və mətanət verən, onun həyata, mübarizəyə şövqünü artıran da vətəndir... Vətən uğrunda mübarizə bu şeirin başlıca mənbəyidir. Şairə ilham verən də budur”.

Düşmənə nifrət və qəzəb hissi Cəfər Xəndanın “Düşmənə qarşı” şeirində də çox qabarıq hiss olunur, barışmazlıq hissini coşdurur, ordunu yeni döyüşlərə, yeni mübarizəyə səsləyir.

Cəfər Xəndan gözəl lirik şeirlərin də müəllifi olub. Bunların arasında məhəbbət, ailə-məişət və təbiət mövzularında da şeirlər var. O təkcə lirik deyil, həm də epik şeirin maraqlı nümunələrini yaradan şair olub. Onun ən dəyərli epik əsərlərindən biri “Sabir” poemasıdır. Bu poema böyük M.Ə.Sabirə həsr edilən ilk irihəcmli poetik əsərlərdəndir. Burada şairin həyatının ayrı-ayrı epizodlarının təsviri ilə böyük şairin obrazı yaradılır. Sabirin həyatı və mübarizəsi Cəfər Xəndan şeirinin mərkəzinə gətirildiyi kimi, onun satiraları və digər şeirləri də ədibin qələmi ilə ətraflı təhlil olunub, dəyərli məqalə və monoqrafiyaların yaranmasına səbəb olub. Ümumiyyətlə, M.Ə.Sabirin böyük və əvəzsiz şəxsiyyəti, qeyri-adi orijinal yaradıcılığı Cəfər Xəndanı ömrü boyu düşündürüb, məşğul edib. O həm elmi, həm də bədii yaradıcılığında M.Ə.Sabirin nəhəng obrazını böyük məhəbbətlə yaradıb. Bu cəhətdən onun Sabir haqqında yazdığı “Şairin həyatı” adlı dəyərli kitabı diqqəti cəlb edir. Xatirələr və tarixi sənədlər əsasında yazılan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub və bir neçə dəfə böyük tirajla nəşr olunub.

Cəfər Xəndan həm də istedadlı tərcüməçi idi. O, Nizami Gəncəvinin və Heyran xanımın çox sayda qəzəllərini, M.F.Axundovun “Şərq poeması”nı fars dilindən Azərbaycan dilinə tərcümə edib, bu tərcümələr ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Cəfər Xəndanın yaradıcılığı təkcə şeir və tərcümə ilə məhdudlaşmır. O, ədəbiyyatşünaslığın bütün sahələrində səmərəli fəaliyyət göstərirdi, həm də təcrübəli ədəbiyyat nəzəriyyəçisi, mahir ədəbiyyat tarixçisi və istedadlı tənqidçi idi. O, elmi-pedaqoji işlə ictimai fəaliyyəti, alimliklə şairliyi məharətlə uzlaşdırırdı. 1925-ci ildən müəllimliklə məşğul olan Cəfər Xəndan əvvəlcə fəhlə fakultəsində, sonra ali məktəblərdə filologiya elmini tədris edib, dərsliklər, monoqrafiyalar yazıb, antologiya və müntəxəbatlar tərtib edib. Hələ 30-cu illərdən ədəbiyyat nəzəriyyəsinin üslub, ədəbi növlər, mövzu, sujet və kompozisiya kimi sahələrinə diqqəti yönəldən Cəfər Xəndan 1940-cı ildə orta məktəblər üçün ədəbiyyat nəzəriyyəsi dərsliyini yazıb hazırlayıb. Əsasən orta məktəbin 8-10-cu sinifləri üçün yazılan bu dərslik uzun müddət şagird, tələbə və müəllimlərin stolüstü kitabına çevrilib, dəyərli nəzəri mənbələrdən biri olub.

Cəfər Xəndanın ədəbi cərəyanlara, xüsusən də klassisizmə, sentimentalizmə, romantizm və tənqidi realizmə verdiyi təhlil və şərhlər öz dövründə, elə indinin özündə də aktuallığını, nəzəri səviyyəsini saxlayır. Alim ilk dəfə olaraq klassisizm ədəbi cərəyanının Azərbaycan, eləcə də Şərq ədəbiyyatında mövcudluğunu irəli sürür, onun janrlarını müəyyənləşdirir. Qəzəl, qəsidə, mədhiyyə və sairə janrlarda sənətkarlarımızın estetik tələblərinə uyğun əsərlər yaratdığına dair nümunələr gətirir.

“Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin diqqəti cəlb edən məqamlardan biri də ilk dəfə olaraq burada Azərbaycan şeir növlərinə xüsusi diqqət yetirilməsidir. Müəllif hecanın bölgü xüsusiyyətləri, əruzun bəhrləri haqqında çox ətraflı poetik təhlillər aparıb və doğru olaraq qeyd edib ki, “Sərbəst şeir bizim ədəbiyyatımızda yüksək səviyyəyə qaldırılıb”.

Cəfər Xəndanın ədəbiyyat tarixindən bəhs edən əsərləri onu görkəmli bir tədqiqatçı, zəhmətkeş ədəbiyyat tarixçisi kimi tanıdır. “Azərbaycan ədəbiyyatı (sovet dövrü)” dərsliyini hələ 1939-cu ildə çap etdirən alim bu sahədə səylərini sonralar da davam etdirib, “Müasir ədəbiyyat”, “Azərbaycan sovet ədəbiyyatı”, “XX əsr Azərbaycan ədəbiyyatı” kimi çoxlu ədəbiyyat dərsliyi çap etdirib.

Cəfər Xəndan XIX və XX əsrlər Azərbaycan ədəbiyyatının əsaslı tədqiqatçılarından biri olub, bu sahədə məhsuldar və müntəzəm işlər görüb. Yeri gəldikcə Molla Pənah Vaqif, Heyran xanım, Xurşudbanu Natəvan, Qasım bəy Zakir, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani və başqaları haqqında məqalələr yazıb, ədəbi ənənələrin inkişafını ön plana çəkib, orta əsrlərin klassik ədəbiyyatı ilə bu ədəbi şəxsiyyətlər arasında varisliyə xüsusi diqqət yetirib. Məsələn, Heyran xanımı Füzuli davamçısı kimi qiymətləndirən ədəbiyyatşünas  1951-ci ildə qələmə aldığı məqalələrdən birində yazırdı: “Heyran xanım Füzuli romantik məktəbini Cənubi Azərbaycanda davam etdirən söz ustadlarındandır. Öz şeirlərini yüksək istişarə və mübaliğələr əsasında yazan Heyran xanım mümkün qədər orijinallığa fikir verib, deyilən söz və ifadələrdən qaçmağa çalışıb. Doğrudur o, bir çox hallarda Füzulini izləyib və ona nəzirələr yazıb, fəqət bu nəzirələr epiqon şairlərin yaratdığı sönük nəzirələrdən fərqlənir.

Orta əsrlər ədəbiyyatı və XIX əsr ədəbi prosesi dövrünə aid axtarışlar aparmasına baxmayaraq, Cəfər Xəndan daha artıq dərəcədə XX əsr Azərbaycan ədəbiyyatının tədqiqatçısıdır. XX əsr ədəbiyyatının elə bir görkəmli siması yoxdur ki, Cəfər Xəndan onun haqqında bəhs etməsin. Onun 1951-ci ildə çap olunan “XX əsr ədəbiyyatı”, 1955-ci ildə nəşr edilən “XX əsr ədəbiyyatı tarixi” oçerklər monoqrafiyası bu gün də öz əhəmiyyətini itirməyib. Alim Azərbaycan ədəbiyyatında Nizami və Füzuli mövzularını və onların təsirlərini tədqiq edib, ədəbiyyatımızda və onun inkişafında novatorluq xətlərini aşkara çıxarmağa nail olub.

Cəfər Xəndan XX əsr Cənubi Azərbaycan ədəbiyyatının ən məşhur tədqiqatçılarından olub, bu ədəbiyyat haqqında 1948-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Cəfər Xəndanın 1944-1946-cı illərdə Təbrizdə “Vətən yolunda” qəzetində çalışması, bu qəzetdə Cənubi Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərinin nümayəndələri haqqında əhəmiyyətli məqalələr çap etdirməsi onun ədəbi tərcümeyi-halının vacib səhifələrindən biridir. O, XV-XVI əsrlərin Təbriz şairləri ilə yanaşı XIX-XX əsrlərin ədəbi simaları haqqında da məqalə və oçerklər yazıb. Cəfər Xəndan 1944-1946-cı illərdə Təbriz şairlər məclisinin işində fəal iştirak edib, “Vətən yolunda”, “Şəfəq”, “Qızıl siniflər” və digər qəzet və jurnallarda o taylı-bu taylı Azərbaycanımızın ədəbiyyatı haqqında yazılar dərc etdirib. Ədib sonralar da Cənubi Azərbaycan ədəbiyyatında gedən prosesləri diqqətlə izləyib, Cənubun vətənpərvər şairlərinin yaradıcılıqlarına yüksək qiymət verib. O, “Cənubi Azərbaycanın müasir yazıçıları” adlı məqaləsində yazırdı: “Ana dilində yazdığına görə keçmişdə təqib olunan  sənətkarlar indi bütün əsərlərini Azərbaycan dilində yazır, ömründə ana dilində yazmayan liberal şairləri də öz sıralarına alırlar...”

Ədəbiyyatşünas alim Cəfər Xəndan Azərbaycan ədəbiyyatı tarixinin yazılması üçün aparılan monoqrafik işlərin və fundamental tədqiqatların tərəfdarı idi. Belə tədqiqatçıların sırasında biz Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Mir Cəlal və başqalarının adlarını görürük. Onun ilk elmi işi Sabir yaradıcılığına həsr olunub və 1939-cu ildə o, bu mövzuda namizədlik dissertasiyası müdafiə edib. Cəfər Xəndanın Sabir irsinə həsr olunan iki monoqrafiyası, həyatına dair “Şairin həyatı” kitabı, çoxsaylı məqalələri, çıxış və məruzələri vardır. Yəni Cəfər Xəndan böyük uzaqgörənliklə Sabir sənətkarlığını araşdırıb, böyük elmi nəticələr əldə edib. Onun “Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir. Bu monoqrafiya XX əsr Azərbaycan ədəbiyyatşünaslığında tarixi poetikaya həsr olunan ən əhatəli tədqiqatlardandır. Monoqrafiya müəllifi əsərə yazdığı girişdə belə yazırdı: “Sabir kimi böyük söz ustasının poetikasını məhdud və mücərrəd halda təsəvvür etmək olmaz. O, ədəbiyyatımızın dünəni, bugünü və sabahı ilə bağlı olduğundan məhz bu mənada da təhlil edilməlidir. Sabirin sənətkarlıq xüsusiyyətlərini klassik ədəbiyyatımızla müqayisə edərkən, bu müqayisədə şairin ədəbiyyatımıza nə kimi yeniliklər gətirdiyini, öz müasirləri arasında nə kimi təsir oyandırdığını bir şair kimi əzəmətini müəyyənləşdirə bilərik.” Təkcə Sabirin poetikası deyil, onun “inqilabi-satirik seirin banisi” olması, vətənpərvərliyi və humanizmi, böyük satirasının məzmunu, təbliğ etdiyi həyat həqiqətləri və dünya hadisələrini işıqlandırmaq bacarığı Cəfər Xəndanın məqalələrində də öz əksini tapıb.

Cəfər Xəndan Azərbaycan ədəbiyyatı tarixinin bütün dövrlərini, bütün inkişaf mərhələlərinin araşdırıb, hər dövrdə, hər mərhələdə hər bir Azərbaycan klassikinin yaradıcılığında müasirliyə xidmət edə biləcək məqam axtarıb, onu dəyərləndirərək qələm yoldaşlarına nümunə göstərib. Cəfər Xəndan böyük alim və böyük müəllim idi. O özü haqqında parlaq xatirə, dəyərli poetik və elmi irs qoyub gedib. Bu irsin qorunması və təbliği bizim hər birimizin unudulmaz vəzifəsi olmalıdır.

Hər bir yaradıcı insan dünyaya gəldikdən sonra qismətinə düşən ömür payını fərqli yaşayır, özünəməxsus bir iz qoyur. Bəzən bu iz heç mövcud olmamış kimi insanın fiziki ölümü ilə yoxa çıxır, bəzən isə həyatın coşqun fırtınası belə ondan bir daş da qopara bilmir. Sağlığında böyük hörmət-izzət sahibi olan, haqq dünyasına qovuşduqdan sonra çoxlarının xatirində kamil alim, dəyərli ziyalı, unudulmaz müəllim, qayğıkeş və mərd insan kimi qalan Cəfər Xəndan 1961-ci il avqust ayının 10-da Bakıda vəfat edib.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor