Çətənə yetişdirən Şabran sakini saxlandı

7 Sentyabr 2018 16:42 (UTC+04:00)

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, sentyabrın 6-da Siyəzən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini Elvin Şamilov tərəfindən Siyəzən şəhəri ərazisində yerləşən yaşıllıq ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb. RPŞ-nin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə həmin əraziyə baxış zamanı oradan yaş çəkisi 5 kq yaxın, hündürlüyü 160-190 sm olan 4 ədəd çətənə kolu və saxlanılan şəxsin üzərindən qurudulmuş marixuana aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün  əkdiyini bildirib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Nizam HƏMİDOV
polis leytenantı