İqtisadi sahədə Xorvatiya-Azərbaycan strateji tərəfdaşlığı yeni mərhələyə çıxır...

7 Sentyabr 2018 18:48 (UTC+04:00)

Fikrət Yusifov: “Artıq ölkələrimiz bir-birini strateji müttəfiq kimi qəbul edir

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev Xorvatiyada səfərdə olub. İki ölkə prezidentləri arasında təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi keçirilib.

Sonra Prezident İlham Əliyev və Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər. Hər iki ölkə prezidentlərinin bəyanatlarından məlum olub ki, tərəflər ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsində maraqlıdırlar. Eyni zamanda, münasibətlərin strateji səviyyədə olmasına maraq göstərirlər.

Maraqlıdır, Prezident İlham Əliyevin səfəri Xorvatiya ilə Azərbaycanın iqtisadi sahədə strateji tərəfdaşlığını necə inkişaf etdirəcək?

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, Azərbaycan Avropada öz mövqelərini getdikcə daha da möhkəmləndirir: “Bu bizə Avropa evinə inteqrasiyanı dərinləşdirməyə imkan verir. Xorvatiya-Azərbaycan münasibətləri son bir neçə ildə özünün yüksək inkişaf səviyyəsinə çatıb. Artıq ölkələrimiz bir-birini strateji müttəfiq kimi qəbul edir. Bu isə o deməkdir ki, Avropa evində bizim sözümüzü deyən və bizi dəstəkləyən bir dost ölkə də qazanmışıq. Bu gün Azərbaycanın xarici siyasətinin bu istiqamətdə köklənməsi müsbət bir haldır. Avropa Birliyinin və NATO-nun üzvü olan və bizimlə münasibətlərdə tam səmimiyyət nümayiş etdirmək istəyən bir ölkə ilə münasibətlərin bu səviyyəsindən ancaq məmnun qalmaq mümkündür.

2013-cü ildə Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri, 2016-cı ildə Xorvatiya Prezidentinin Azərbaycana gəlməsi və nəhayət, cari ildə ölkə başçımızın bu ölkəyə təkrar səfəri iki ölkə arasında strateji əməkdaşlığa verilən qiymət kimi dəyərləndirilməlidir. Hər iki ölkə başçısının son səfər zamanı təşkil edilmiş mətuat konfransında verdiyi bəyanatda ölkələrimiz arasındakı iqtisadi əlaqələrin hələ ki, istənilən səviyyədə qurula bilməməsi vurğulandı. Ticarət dövriyyəmiz 2017-ci ildə 176 milyon ABŞ dolları səviyyəsində olsa da, bunun 98,8%-dən çoxunu Azərbaycandan Xorvatiyaya satılan neft məhsulları təşkil etmişdi. Elə buna görə də Prezident İlham Əliyev mətbuat konfransında çıxışı zamanı “Ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilməz” kimi fikr səsləndirdi. Hazırda Azərbaycanla Xorvatiya arasında iqtisadi əməkdaşlıqla bağlı qarşılıqlı komissiya fəaliyyət göstərir. Bu komissiyanın məqsədi, iki ölkə arasında iqtisadi əlaqələri və ticarət dövriyyəsini genişləndirmək və onun strukturunu optimallaşdırmaqla bağlı təkliflər paketi işləyib hazırlamaqdan ibarətdir. Hər iki ölkə bir çox sahələrdə, xüsusilə də dərman preparatlarının istehsalı sahəsində birgə layihələr həyata keçirmək niyyətindədir. Xorvatiya Avropanın cənubuna TAP xətti vasitəsilə çatdırılan Xəzər qazından yararlanmaqda çox maraqlıdır. Bütün bunlar deməyə əsas verir ki, yaxın illərdə ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələri bu gün arzu olunan səviyyəyə qədər inkişaf edə biləcək. Xorvatiyanın coğrafi mövqeyi kifayət qədər əlverişlidir. Elə buna görə də mətbuat konfransında xanım Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın gələcəkdə yerləşdiyi regionun daha inkişaf etmiş qovşağına çevriləcəyini xüsusi vurğuladı. Xorvatiya Azərbaycan Hökumətinin reallaşdırdığı və Avropanın bir çox ölkələrinin ərazisindən keçən qaz boru kəməri layihəsində iştirak etməkdə çox maraqlıdır. “Cənub Qaz Dəhlizi” boru kəməri vasitəsilə gələcəkdə Avropaya göndəriləcək qazın həcminin həm ölkəmizin daxili imkanları hesabına və həm də qonşu ölkələrin qaz ehtiyatlarının bu xəttə qoşulması hesabına artırılması boru xətti ilə layihədə indi nəzərdə tutulandan bir neçə dəfə çox qaz nəql etməyə imkan verəcək. Belə olan halda isə Xorvatiya kimi bir dost ölkə Xəzər hövzəsindən gələcək qazdan istifadə edə biləcək. Bu isə hər iki tərəfin maraqlarına tam uyğundur. Heç təsədüfi deyil ki, Xorvatiya ilə bu sahədəki əməkdaşlığa Azərbaycan böyük önəm verir. Son dörd ildə Bakıda ardıcıl olaraq keçirilən “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının toplantılarında Xorvatiya yüksək səviyyədə təmsil olunmuşdu. 

Azərbaycan Avropa İttifaqı ilə əlaqələrini dərinləşdirməkdə davam edir. Azərbaycanın Avropa evində özünə daha yaxın dostlar tapması və yaxşı münasibətdə olduğu ölkələrlə əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəltməsi siyasi meydanda onun çəkisini kifayət qədər artırır. Ölkəmizin Dağlıq Qarabaq kimi ciddi bir ərazi problemini nizamlamaq yolunda bütün resurslardan yararlanmağa çalışdığı bir dönəmdə Avropada özünə yaxın tərəfdaşlar seçməsi təqdirəlayiq bir haldır”.

Vidadi ORDAHALLI