Azərbaycanda Rusiyanın 4, Rusiyada Azərbaycanın 1 milyard dollar investisiyası...

7 Sentyabr 2018 18:32 (UTC+04:00)

Fuad İbrahimli: “Rusiya bazarı Azərbaycan sərmayədarları üçün cəzbedici olduğu üçün, yerli investorlar həmin ölkəyə maliyyə yatırmaqda maraqlıdırlar, eynilə rusiyalı investorlar ölkə iqtisadiyyatına maliyyə yatırmağa daha çox üstünlük verirlər”

 

Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı uzun illərdir davam edir. Hər iki ölkə arasında iqtisadi, ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülür.

Məlumdur ki, sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasında rəsmi səfərdə olub. Səfər zamanı iki ölkə arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində bəzi sazişlər imzalanıb. Bu sazişlər Azərbaycan və Rusiya iqtisadiyyatının daha da inkişaf etdirilməsinə səbəb olacaq.
Qeyd edək ki, bu günə kimi Rusiya Azərbaycan iqtisadiyyatına müyyən dərəcədə yatırım edib, eynilə Azərbaycan da adıçəkilən ölkənin iqtisadiyyatına investisiya yatırıb.

Bu günlərdə İqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev mətbuata müsahibə verib. Müsahibədə ölkələr arasında investisiya qoyuluşu haqqında fikir bildirilib: “Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşları və birgə layihələr həyata keçirilir. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayə qoyulub, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarından artıq investisiya yatırıb. Azərbaycanda Rusiya kapitallı 700-dən çox şirkət fəaliyyət göstərir”.

Qeyd edək ki, Azərbaycan Rusiyanın federal subyektləri ilə də sıx əməkdaşlıq edir və Rusiyanın Şimali Qafqaz regionunda əsas investorlardandır. Yessentukidə "İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodları, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi və sair Rusiyada Azərbaycan şirkətləri tərəfindən reallaşdırılan uğurlu layihələrdir.

Qeyd olunduğu kimi, Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Gələcəkdə azərbaycanlı investorlar tərəfindən qeyd olunan ölkənin iqtisadiyyatına daha çox sərmayə yatırıla bilərmi?

İqtisadçı-ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, statistik göstəricilərə əsasən, Rusiya və Türkiyə Azərbaycanın bir nömrəli ticarət tərəfdaşlarıdır: “Nəzərə almaq lazımdır ki, Rusiyada Azərbaycanın 3 milyona yaxın vətəndaşı müxtəlif sahələrdə çalışır. Vətəndaşlarımız Rusiyada işgüzar fəaliyyətlə məşğuldurlar. Tarixən Azərbaycanın Rusiya ilə bağlılığı dərindir. Rusiya bazarı Azərbaycan üçün ən əlverişli bazarlardan biridir. Bu gün bir sıra inkişaf etmiş ölkələr Rusiyaya qarşı sanksiya tətbiq edirlər. Ancaq azərbaycanlı sahibkarlar üçün Rusiya bazarı hər zaman maraqlı olub. Həmçinin, bir neçə gün əvvəl prezidentlərin Soçi görüşündə Rusiya-Azərbaycan ticari əlaqələrinin inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən sazişlər imzalandı. Hesab edirəm ki, son zamanlar görülən işlər yalnız dinamik inkişafa səbəb ola bilər”.

Həmsöhbətimizin fikrincə, Rusiya bazarı Azərbaycan sərmayədarları üçün cəzbedici olduğu üçün, yerli investorlar həmin ölkəyə maliyyə yatırmaqda maraqlıdırlar. Yaxın illər ərzində yerli investorlar Rusiyaya daha çox sərmayə yatıracaqlar.

Günel CƏLİLOVA