Xorvatiya-Azərbaycan birgə aqrar istehsal və emal sektoru inkişafa başlayır

7 Sentyabr 2018 18:12 (UTC+04:00)

Qadir Bayramlı: “Xorvatiya kənd təsərrüfatının inkişaf etdiyi, aqrar sahənin intensiv şəkildə həyata keçirildiyi ölkələrdən biridir”

 

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri zamanı ölkələrarası ticari əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra məsələlər müzakirə edilib. Dövlət başçısı çıxış edərək bildirib ki, Xorvatiya əczaçılıq, enerji, gəmiqayırma, kənd təsərrüfatı və informasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. O, həmçinin, kənd təsərrüfatı, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı sahələrində də əməkdaşlığı inkişaf etdirməyə ümidvar olduğunu bildirib.

Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında memarondum imzalanıb.

Xorvatiya ilə əməkdaşlıq Azərbaycanın kənd təsərrüfatı sahəsinin inkişafına nə kimi töhfələr verə bilər?

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Xorvatiya kənd təsərrüfatının inkişaf etdiyi, aqrar sahənin intensiv şəkildə həyata keçirildiyi ölkələrdən biridir. Bu cür ölkələrlə əməkdaşlıq Azərbaycana çox lazımdır. Belə ki, Azərbaycan kənd təsərrüfatının zəif cəhətlərindən biri təsərrüfat üsullarının ekstensiv olmasıdır.

Həmsöhbətimizin sözlərinə görə, Xorvatiya Avropa ölkəsidir. Xorvatiya Balkan ölkələri içərisində kənd təsərrüfatı sahəsində fərqlənən ölkələrdən biridir: “Bu ölkələrin müasir təsərrüfat metodlarından tutmuş, məhsuldar bitki sortları gətirmək imkanı var. Bu cəhətdən Xorvatiya tanınan ölkədir. Həmçinin, Xorvatiya ilə aqrar sahədə əməkdaşlıq Azərbaycan üçün yeni bazar deməkdir”.

Q.Bayramlı onu da bildirdi ki, Azərbaycanın son illər ərzində prioritet hesab etdiyi pambıqçılıq, şərabçılıq sahələrində inkişaf yaşanır. Qeyd olunan sahələr üzrə Xorvatiyaya ixracat arta bilər: “Eyni zamanda, kənd təsərrüfatının inkişafı istiqamətində Xorvatiya ilə ortaq müəssisələr açıla bilər. Belə olan halda, qeyd olunan ölkənin təcrübəsinin ölkəmizdə öyrənilməsi və tətbiqi ilə bağlı müəyyən işlər görülə bilər”.

Günel CƏLİLOVA