İki prezident Xorvatiya-Azərbaycan ticarətinin səviyyəsindən qane olmadıqlarını ifadə etdi

7 Sentyabr 2018 18:03 (UTC+04:00)

Aydın Hüseynov: “Kənd təsərrüfatı, sənaye məhsulları və yükdaşıma logistikası baxımından ölkəmiz çox böyük mövqe əldə edəcək”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev Xorvatiyada rəsmi səfərdə olan zaman Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə mətbuata bəyanatla çıxış edib. İlham Əliyev çıxışı zamanı ölkələrarası ticarət əlaqələrindən danışıb.

O qeyd edib ki, strateji tərəfdaşlıq əlaqələrimiz genişlənir, güclənir: “Bu gün bir çox məsələlər müzakirə olundu. Xanım Prezident bu barədə məlumat verdi. Öz tərəfimdən qeyd edim ki, biz Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyirik. Ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilməz. Hesab edirəm ki, hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, eyni zamanda, müştərək investisiya layihələri də icra edilə bilər”.

Maraqlıdır, Xorvatiya və Azərbaycan arasında ticarətin həcmi və inkişafı üçün nə kimi işlər görmək lazımdır və bu sahədə hansı perspektivlər gözlənir?

Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı son zamanlar Avropa iqtisadiyyatına inteqrasiya edir. Eyni zamanda, Azərbaycan Avropanın enerji təsisatında ən etibarlı mənbələrdən biri rolunu oynayacaq: “Bununla da bizim iqtisadi əlaqələrimiz daha da genişlənəcək. Enerji resurslarından başqa, kənd təsərrüfatı, sənaye məhsulları və yükdaşıma logistikası baxımından ölkəmiz çox böyük mövqe əldə edəcək. Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropa yüklərinin Şərqə daşınması və əks yükdaşımanın həyata keçirilməsi həyata keçiriləcək. Azərbaycanla Avropa ölkələri arasında yükdaşıma sahəsi ilə bağlı böyük əlaqələr qurulacaq”.

Millət vəkili onu da vurğuladı ki, iki ölkə arasında turizm mübadiləsi istiqamətində müsbət perspektivlər gözlənir. Azərbaycan Xorvatiya üçün, eynilə Xorvatiyada turizm üçün maraqlı ölkədir. Bu səbəbdən də iki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirilməsi gözlənir.

Günel CƏLİLOVA