Kaliforniya Senatında ilk dəfə Azərbaycan musiqisi təqdim olundu - FOTO

7 Sentyabr 2018 16:27 (UTC+04:00)

ABŞ-ın Kaliforniya Ştat Senatının dəvətilə Azərbaycan musiqiçilərinin iştirakı ilə geniş konsert proqramı keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan baki-xeber.com-a verilən məlumata görə, konsertdə azərbaycanlı vokalist Mərziyyə Hüseynova, pianoçu Aida Elxanzadə və Sakramento gənclər simfonik orkestrinin skripkaçısı Lida Qafarın ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri səsləndirilib.

Konsertdə Kaliforniya qanunverici orqanının təmsilçiləri, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsertdən öncə çıxış edən Kaliforniya Ştat senatoru Riçard Pan qonaqları salamlayaraq, bu cür önəmli mədəniyyət tədbirinin Senatda keçirilməsindən çox məmnun olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun konsulu Orxan Rüstəmli Azərbaycan haqqında tədbir iştirakçılarına məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb.

Çıxışlardan sonra azərbaycanlı musiqiçilər M.Hüseynova, A.Elxanzadə və L.Qafarın ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri təqdim olunub. Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Bu tədbir Kaliforniya Ştat Senatında Azərbaycan musiqiçilərinin iştirakı ilə keçirilən ilk konsert kimi tarixə düşüb.

Konsertdən qısa video-görüntülərə bu linkdə baxmaq olar: