Tarixdə iz buraxanlar: Şəmsi Bədəlbəyli

6 Sentyabr 2018 21:23 (UTC+04:00)

Şəmsi Bədəlbəyli 1911-ci il  fevral ayının 23-də Şuşa şəhərində anadan olub. Atası tanınan pedaqoq və ictimai xadim Bədəlbəy Bədəlbəyli, anası Rəhimə xanımdır. Şəmsi Bədəlbəyli uşaqlıqdan təhsilə çox böyük əhəmiyyət verib və məktəbi bitirdikdən sonra 1923-cü ildən 1927-ci ilin mayına qədər Bakı Pedaqoji Texnikumunda təhsil alıb.

Tələbə vaxtı həvəskar aktyor kimi tamaşalarda oynayıb. 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri sinifinə daxil olub və 1927-1932-ci illərdə burada təhsil alıb. Şəmsi iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəyovun tələbəsi olub.

Şəmsi Bədəlbəyli həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalıb. Bu zamanlar o, vaxt tapdıqca C.Cabbarlının “Od gəlini” və “Sevil” tamaşalarında səhnə arxasından aktyorları müşayiət edirdi. Yaş fərqlərinə baxmayaraq, burada dramaturq Cəfər Cabbarlı, aktyor-rejissor İsmayıl Hidayətzadə və rejissor-pedaqoq Aleksandr Tuqanovla dostluqları başlayıb. Şəmsi 1932-ci ildə rejissor assistenti kimi bir neçə tamaşanın hazırlıq prosesində iştirak edib. Dramaturq və rejissor Cəfər Cabbarlı ilə daha yaxından dostlaşaraq, ona səhnə ilə bağlı fəaliyyətində kömək edib və əsərlərinin tamaşalarında rejissor assistenti kimi çalışmağa başlayıb.

Şəmsi Bədəlbəyli 1933-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Moskvaya rejissorluq üzrə təcrübə işinə göndərilib. Moskvada rejissorluq sənətinə tam yiyələndikdən sonra Bakıya qayıdıb və Azərbaycan Dövlət Dram Teatrında bir rejissor kimi fəaliyyətini davam etdirib. Azərbaycan Dövlət Dram Teatrında Şəmsi Bədəlbəylinin rejissor kimi ilk müstəqil işi olaraq C.Məmmədquluzadənin “Ölülər” əsəri tamaşaya qoyulub. Bu, Şəmsi Bədəlbəylinin yaradıcılığında yeni mərhələnin başlanğıcı olub və ona olduqca yüksək şöhrət qazandırıb. Eyni zamanda, sənətkarın Sabit Rəhmanın “Xoşbəxtlər” əsərinə verdiyi quruluş da uğurlu alınıb. Sənətkar bu tamaşanı Adil İsgəndərovla müştərək hazırlamışdı. Sənətşünaslıq doktoru Mehdi Məmmədov bu əsər haqqında rəy yazarkən rejissorların işini təqdir edir. Şəmsi Bədəlbəylinin bu teatrda quruluş verdiyi son tamaşa Şekspirin “Kral Lir” pyesi olub.

İkinci Dünya müharibəsinin başlanması səbəbilə bir çox məsələləri yarımçıq qoyan Şəmsi Bədəlbəyli hərbi müxbir kimi İrana ezam edilib. Sənətkar burada həmkarları ilə birlikdə “Vətən uğrunda” qəzetinin redaksiyasında ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə Üzeyir Hacıbəyovun “Arşın mal alan,” Zülfüqar Hacıbəylinin “Əlli yaşında cavan” və “Evli ikən subay” əsərlərini tamaşaya qoyub.

1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Şəmsi Bədəlbəyli geri çağırılaraq həmin teatra rejissor təyin edilir. O, əsası dahi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən qoyulan Musiqili Komediya Teatrının yenidən yaradılmasında və inkişaf etdirilməsində böyük zəhmət çəkib. Bir rejissor kimi o, ilk növbədə teatrın repertuar məsələsinə, seçiminə, truppanın istedadlı insanlardan təşkil olunmasına çox ciddiyyətlə çalışıb.        

Şəmsi Bədəlbəyli zahirən çox ciddi, qaraqabaq təsir bağışlasa da, nikbin ruhlu bir şəxsiyyət idi. Yumoru şox sevərdi. Bu səbəbdən də, quruluş verdiyi əsərlərdə duzlu gülüş, əsl yumor olardı. O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. Şəmsi Bədəlbəyli bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə çalışıb.

Bir müddət filarmoniyanın bədii rəhbəri və direktoru olan Şəmsi Bədəlbəylinin ömrünün sonuna kimi geniş yaradıcılıq imkanları və potensialı var idi. Rejissor Opera və Balet Teatrında “Koroğlu”, “Əsli və Kərəm”, “Sevilya bərbəri” kimi operalara quruluş verib. 1957-ci ildə onu Türkmənistan Opera və Balet Teatrına dəvət ediblər. O burada “Koroğlu” operasını tamaşaya qoyub. Keçmiş sovet məkanında o, həqiqətən çox məşhur idi. Onun rejissorluq işi haqqında Moskvada yaşayıb-yaradan tanınmış teatrşünaslar belə yüksək fikirlər söyləyirdilər.

Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət edən Şəmsi Bədəlbəyli kino sənətinin də inkişafında əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak edib. Bu gün də həmin filmlərə (“O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” və s.) baxanda Şəmsi Bədəlbəylinin həyat verdiyi rollar diqqət çəkir. Hər şeydən əvvəl bu obrazlar ciddiliyi və təbiliyi ilə seçilir. Yəni Şəmsi Bədəlbəylinin tamaşaları əlvanlığı, cazibədarlığı, koloritliyi, forma həlli, həssas musiqi duyumu, bütöv aktyor ansamblı ilə səciyyəvidir.

Bu da bir həqiqətdir ki, Musiqili Teatrın formalaşmasında, aktyor truppasının təkmilləşdirilməsində Şəmsi Bədəlbəylinin xidmətləri çox böyükdür. İstedadlı gənclərin teatra cəlb olunmasında, təcrübəlu aktyorların yeni-yeni yaradıcılıq keyfiyyətlərinin üzə çıxıb formalaşmasında Şəmsi Bədəlbəyli rejissor-pedaqoq kimi müstəsna rol oynayıb. Bir rejissor kimi quruluş verdiyi tamaşalarda tamaşaçıları güldürməyi, düşündürməyi, bəzən də kədərləndirməyi bacaran Şəmsi Bədəlbəyli bir aktyor kimi də çox inandırıcı və dərin təsir bağışlayırdı.

Şəmsi Bədəlbəyli işi yalnız təşkilatçı kimi deyil, həm də dahiyanə şəkildə görən şəxs kimi bütün həmkarlarından fərqlənirdi. “O nadir insan idi”– deyən, “R+” jurnalına açıqlama verən Dövlət Musiqili Komediya Teatrının tanınmış aktrisası Afaq Bəşirqızı Şəmsi Bədəlbəyli haqqında öz fikirlərini səmimi qəlbdən belə ifadə edib: “O, aktyorlara hər zaman diqqətlə yanaşır, onların həyatı və problemləri ilə maraqlanır, hər zaman aktyorlara kömək etməyə çalışırdı. Rejissor aktyorların hər zaman sərbəst şəkildə öz işlərilə məşğul ola bilmələri üçün çalışırdı ki, onlar heç nədən narahatlıq keçirməsinlər. O, qızıl insan idi. Heç zaman heç kimə köməklik göstərməkdən imtina etmirdi. O, aktyorlardakı istedadı qeyri-adi həssaslıqla duyurdu. Məhz bu səbəbdən, Musiqili Komediya Teatrı yeni səviyyəyə yüksəlmiş, səyyar tamaşalar verirdi və sonda bu zirvəyə yüksəldi.”

Şəmsi Bədəlbəyli 1949-cu ildə Musiqili Komediya Teatrına rəhbərlik etməyə başlayıb. Bununla yanaşı o, Milli Akademik Dram Teatrında da tamaşalar qoyurdu. Bu teatrda o, M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah”, C.Məmmədquluzadənin “Ölülər”, Şekspirin “Kral Lir” və bir çox digər əsərləri səhnələşdirmişdi. Bədəlbəylinin istedadı o  qədər yüksək qiymətləndirilirdi ki, onu digər teatrlara da dəvət edirdilər. Şəmsi Bədəlbəylinin böyük, son dərəcə vacib dəyəri onun hər zaman istedadı hiss edə bilməsində, bu zaman qətiyyən mükafatlara, diplomlara, adlara fikir verməməsi idi. Məhz bu səbəbdən,  onun doğma Musiqili Komediya Teatrında adı-sanı olmayan çoxlu istedadlı şəxslər çalışırdılar. Həmin insanlar, məhz bu teatrda çalışmaqla məşhurlaşmış, ad-san qazanmışdılar.

Şəmsi Bədəlbəyli, sanki, ailəsinin ənənəsini davam etdirirdi. Onun atası Bədəl bəy, əmisi Əhməd bəy də Milli Musiqili Dram Teatrının yüksəlişi üçün çox işlər görmüşdülər.  Şəmsinin müəllim olan atası operalarda, operettalarda və dramlarda aktyor kimi səhnəyə çıxırdı.

Şəmsi Bədəlbəylinin Dram Teatrında ilk işi Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası olub. Bu tamaşa Bədəlbəyliyə böyük uğurlar qazandırıb. Şəmsi Bədəlbəylinin tamaşaları parlaq, gözəl kaloriti ilə zərif musiqi tərtibatı və mükəmməl aktyor heyyətilə fərqlənirdi.

Şəmsi Bədəlbəyli dövrün bütün məşhur yaradıcı insanları ilə işləyə bilirdi – istər bəstəkarlarla, istər dramaturqlarla, istərsə də yazıçı və şairlərlə. Rejissor fəaliyyəti zamanı o, Sabit Rəhmanla, Mirzə İbrahimovla, Səid Rüstəmovla, Fikrət Əmirovla, Süleyman Ələsgərovla məsləhətləşirdi. Şəmsi Bədəlbəyli tamaşaya elə bir həyat verirdi ki, onu yalnız tamaşaçılar deyil, ən sərt təngidçilər də gurultulu alqışlarla qarşılayırdılar. Onun tamaşalarında baş rolları dövrün məşhur aktyorları Lütfəli Abdullayev, Əlihüseyn Qafqazlı, Münəvvər Kələntərli, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu oynayırdı. Azərbaycanın tanınmış rejissoru, teatr rəhbəri Şəmsi Bədəlbəyli milli dram və musiqi teatrımızın da dirçəlişində böyük işlər görüb. O, həm müəllimlik edir, həm də aktyor kimi səhnəyə çıxır, operetta, opera və dram əsərlərinin tamaşalarında oynayırdı.

Görkəmli rejissor Şəmsi Bədəlbəyli musiqili teatr sənətimizin inkişafında, onun tərəqqi yolunda göstərdiyi böyük xidmətlərə görə 17 iyun 1943-cü ildə Azərbaycan Əməkdar artisti və 29 iyul 1964-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub.

Mənsub olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoyub. Bu səbəbdən də onun işiqlı xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaq.

23 may 1987-ci ildə vəfat edən bu tarixi şəxsiyyət ikinci fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor