Rusiya və Azərbaycan mədəni və humanitar siyasətin birgə dövrünə başlayır

3 Sentyabr 2018 18:14 (UTC+04:00)

“Bizim mədəni-humanitar əlaqələrimizin kökləri bütün istiqamətlərdə çox dərindir”

“Bu gün Azərbaycan Rusiyanın Cənubi Qafqazda böyük önəm verdiyi dövlətdir”

 

Məlum olduğu kimi, bu günlərdə Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub. Görüş zamanı siyasi, istisadi, mədəni-humanitar və digər istiqamətlər üzə danışıqlar keçirilib, müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. Hər iki ölkənin prezidentlərinin görüşündə mədəniyyət və humanitar sahədə əməkdaşlığın dərinləşməsi, bu istiqamətdə əlaqələrin daha da genişlənməsi məsələsinə də xüsusi diqqət yetirilib.

Rusiya və Azərbaycan arasında mədəni, humanitar əlaqələrin dərinləşməsindən danışarkən konkret olaraq nələri nəzərdə tutmaq olar?

Kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, tarixən Azərbaycan və Rusiya arasında mədəni, humanitar sahədə sıx əlaqələr, əməkdaşlıqlar mövcud olub. Mədəni və humanitar sahədə əməkdaşlığın əsasının hələ XIX əsrdən qoyulduğunu vurğulayan A.X. Əbilov hesab edir ki, hər iki ölkə arasında mövcud olan mədəni-humanitar əlaqələrin bu gün daha da dərinləşməsi üçün münbit şərait mövcuddur. “Tarixən Rusiya və Azərbaycan arasında çox dərin, perspektivli mədəni, humanitar əlaqələr mövcud olub. Bizim mədəni, humanitar əlaqələrimizin kökləri bütün istiqamətlərdə çox dərindir. Bu və digər tarixi proseslər nəticəsində, xüsusilə də yaxın qonşuluq münasibətlərində mədəni, kulturoloji, humanitar əlaqələr günü-gündən dərinləşməkdədir. Dəfələrlə hər iki ölkə prezidentlərinin görüşü zamanı humanitar və mədəni əlaqələrin dərinləşdirilməsi məsələsi xüsusi olaraq vurğulanıb. Bilirsiniz ki, Azərbaycan Çar Rusiyasına daxil edildikdən sonra ölkəmiz Şərq və Qərb sivilizasiyası yolunu seçib. Bu da, sövq-təbii olaraq, bizim həm ədəbiyyatımıza, həm mədəniyyətimizə, həm də incəsənətimizin müxtəlif sahələrinə öz təsirini göstərib. Bu gün böyük multikultural dəyərlərə sahib olan Azərbaycan bütün dünya üçün maraqlıdır. Azərbaycanda həm Rusiya, həm də Avropa dəyərləri ilə yanaşı, sözsüz ki, özümüzün ortaq türk-Şərq, islam mədəniyyətinin də rolu böyükdür. Bu dəyərlər həm də Rusiya üçün universal dəyərlər sayılır. Bu gün Rusiyanın Azərbaycandan götürəcəyi çox dəyərlər var, eyni zamanda da Azərbaycanın da Rusiyadan əxz edəcəyi mədəni dəyərlər çoxdur. Bu baxımdan, prezidentlərin görüşündə humanitar-mədəni əlaqələrin dərinləşməsinə xüsusi diqqət yetirilməsi çox təbiidir. Sözsüz ki, bizim Rusiya ilə mədəni-humanitar sahədə əlaqələrimiz daha da genişlənməli, dərinləşməlidir. Uzunəsrlik qarşılıqlı humanitar və mədəni əlaqələrə sahib olan Azərbaycanla Rusiya arasında bu gəlişmələrin əsasını qoyan fikir adamlarımız, ədiblərimiz, ictimai-siyasi xadimlərimiz olub. Üzü Mirzə Fətəli Axundovdan tutmuş, bir sıra fikir adamlarımız bu əlaqələrin daha yüksək səviyyədə inkişaf etməsinə çalışıblar. Bu əlaqələr çox etibarlı təməllər üzərində qurulub və bu da bizə böyük inkişaf vəd edir. Məlumdur ki, həm mədəniyyət, həm ədəbiyyat, həm də ümumilikdə humanitar düşüncə baxımından əsrlərdir Rusiya ilə yanaşı addımlayırıq. Bilirsiniz ki, Bakıda artıq neçə ildir Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə Bakı Humanitar Forumu keçirilir. Bu forumun da nəticələri bütün dünyaya məlumdur. Bakı Humanitar Forumunun ölkəmizdə keçirilməsi Bakını dünyada beyin mərkəzlərindən biri kimi tanıdır”.

A.X.Əbilovun sözlərinə görə, bu gün Rusiya mədəniyyətinə, elminə, sənayesinə, tikinti şəbəkəsinə töhfə verən yüzlərlə azərbaycanlı var ki, onlar bu ölkənin həyatında əhəmiyyətli rol oynayırlar. Eyni zamanda, Azərbaycanda da rusəsilli insanların müxtəlif strukturlarda, eləcə də mədəniyyət və humanitar sahələrdə çalışdıqlarını deyən kulturoloq hesab edir ki, hər iki tərəf Rusiya və Azərbaycan arasında mədəni və humanitar əlaqələrin formalaşmasında böyük rola malikdir. X.Əbilov bildirdi ki, Azərbaycanda rus dilində orta məktəblər, ali məktəb, eləcə də mədəniyyət mərkəzləri, kitab evləri, özfəaliyyət dərnəkləri və s. fəaliyyət göstərir. Azərbaycanın paytaxtında və bölgələrində rus pravoslav kilsələrinin fəaliyyət göstərdiyini deyən A.X.Əbilov hesab edir ki, bu kimi amillər iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlığa böyük təkan verir. “Dərin humanitar və mədəni əlaqələrə sahib olan Rusiya və Azərbaycan dostluq və qadaşlıq münasibətlərində olmalıdırlar. Ən azından, biz bilirik ki, Rusiya dünyanın güc mərkəzlərindən biridir. Onu da deyim ki, hələ SSRİ dövründə Rusiyanın formalaşmasında azərbaycanlıların böyük rolu olub, bu gün də var. Hazırda Rusiyada 10 milyondan artıq azərbaycanlı yaşayır, onlar müxtəlif sahələrdə təmsil olunur və bu dövlətə fayda verirlər.

Bu ilin yayında Moskvada Dünya Azərbaycanlılarının III Forumu keçirilərkən orada bir sıra mesajlar səsləndirildi. Xalq yazıçısı Çingiz Abdullayev və başqaları çıxışlarında bildirdilər ki, ruslar və azərbaycanlılar Avrasiya məkanında aparıcı xalqlardır və onların sülh yolu ilə yaşamaları digər xalqlar üçün də örnək olmalıdır. Bu baxımdan, bizim Rusiya ilə mədəni-humanitar əlaqələrimiz get-gedə möhkəmlənməli və daha da inkişaf etməlidir. Çünki buna səbəblər, əsaslar çoxdur. İndi 11 min nəfərə yaxın azərbaycanlı Rusiyada təhsil alır, eyni zamanda, il ərzində 100 minlərlə Rusiyalı turist Azərbaycana gəlir. Digər xalqlarla müqayisədə Rusiyada azərbaycanlılara münasibət tamam fərqlidir, müsbətdir” - deyə bildirən A.X.Əbilov onu da vurğuladı ki, bu gün Azərbaycan Rusiyanın Cənubi Qafqazda böyük önəm verdiyi dövlətdir.

Müsahibimiz vurğualdı ki, zaman-zaman Rusiya ilə Azərbaycan arasında mədəni-humanitar  əlaqələrin formalaşması üçün böyük addımlar atılır. Bu gün Rusiyada Azərbaycan mədəniyyətinin təbliğinin də həyata keçirildiyini qeyd edən kulturoloq bildirdi ki, bu istiqamətdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, xüsusən də Leyla Əliyevanın rolu böyükdür. Fondun xəttilə Rusiyada Azərbaycanın tarixi şəxsiyyətləri, mədəniyyət və incəsənətimizin, ədəbiyyatımızın müxtəlif sahələri ilə əlaqədar maraqlı tədbirlər keçirildiyini deyən A.X.Əbilov hesab edir ki, bu da Azərbaycanla Rusiya arasında mədəni-humanitar sahədə əlaqələrin günü-gündən inkişaf etməsinə, dərinləşməsinə səbəb olur.

İradə SARIYEVA