Azərbaycan - KTMT münasibətləri mövzusu Rusiya mətbuatına da yayıldı

30 Avqust 2018 19:52 (UTC+04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi bloku ətrafında cərəyan edən son hadisələr bu qurumda Ermənistanın mövqelərinin daha zəif hala gəlməsini qaçılmaz etməkdədir.  Belə görünür ki, quruma üzv ölkələr Ermənistan nümayəndəsinin təşkilata rəhbərlik etməsini qəbul etmək istəmir. Bütün bunlara əsas səbəb isə elə İrəvanın öz mövqeyidir.

Xatırladaq ki, İrəvan hazırda quruma rəhbərlik edən Yuri Xaçaturovun həbsində israrlı mövqe nümayiş etdirir. Düzdür, Ermənistan Yuri Xaçaturova qarşı irəli sürülən ittihamlardan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi kvotasını saxlamağı planlaşdırır. Ermənistan tərəfinin fikrincə, KTMT-ın yeni baş katibi də bu ölkənin nümayəndəsi olmalıdır.
Ermənistanın baş nazirinin mətbuat katibi Arman Eqoyan bu xüsusda bildirib: "KTMT-də kvota 2020-ci ilə qədər Ermənistana məxsusdur".
Amma o da məlumdur ki, baş verənlər Moskvada hiddətə səbəb olub. Rusiya dövlət strukturlarında olan mənbə "Kommersant" nəşrinə bildirib ki, Rusiyada Ermənistanın hazırkı rəhbərliyinin hərəkətləri hərbi blokun imicinə zərbə kimi qiymətləndirilib. Moskva hesab edir ki, KTMT-nin baş katibi postuna digər üzv ölkənin vətəndaşı seçiləcək. Artıq prezident Vladimir Putin bu məsələni Qazaxıstandan və Belarusdan olan həmkarları ilə müzakirə edib. Gözlənir ki, yaxın tezlikdə Ermənistan nümaynədəsini təşkilatda Belarus təmsilçisi əvəz etsin.

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə bildirir ki, İrəvan

KTMT sədrliyini itirsə, bütün məsuliyyəti Nikol Paşinyan və onun hökuməti daşıyacaq: “Bu səlahiyyət Ermənistana hədiyyə edilməyib. İrəvan bu sədrliyi qazanmaq üçün hökumət səviyyəsində çoxlu işlər görüb. Sədrlik başqa ölkəyə keçsə, bütün bunların günahkarıı Nikol Paşinyan və onun hökuməti olacaq”. Onun sözlərinə görə, bu, Rusiya və KTMT-yə qarşı təhlükəli yanlışlıqdır: ”Ona görə təhlükəlidir ki, Ermənistan KTMT sədrliyini itirəcək“. Baş verənləri şərh edən Rusiyanın “Moskovskiy Komsomolets” qəzeti yazır ki, KTMT ətrafında baş verənlər Moskeva üçün bəzi məqamları tam aydınlaşdırmağa imkan verdi. Bura ilk növbədə Bakının İrəvandan daha etibarlı müttəfiq olmasının Moskva üçün aydınlaşması daxildir. Qəzet bu gedişlə Ermənistanın KTMT-dən xaric olunmasını belə istisna etmir: “Bütün bunlar fonunda isə məlumatlar dolaşır ki, Azərbaycan keçmiş SSRİ respublikalarının Rusiyanın açar rolu oynadığı hərbi bloku KTMT-yə girə bilər. Belə məlumat Azərbaycan KİV-lərində yayılıb. Amma Azərbaycann KTMT-yə daxil olması bu təşkilatın başqa üzvündə – Qarabağa görə Bakı ilə münaqişə durumunda olan Ermənistanda mənfi reaksiya doğura bilər.

Əslində, Azərbaycan sovetsonrası dövlətlərin kollektiv təhlükəsizliyinin üzvü olub. Bakı 1993-də sonralar KTMT kimi rəsmiləşən kollektiv təhlükəsizlik haqda müqaviləyə imza atıb. Ancaq Azərbaycan 1999-da  təşkilatın münaqişələrin həllinə yardım etmədiyi motivləşməsilə Gürcüstanla birgə bu müqavilədən çıxıb. Bəs Bakı niyə indi KTMT haqda öz mövqeyini dəyişməyi qərara alıb? Ekspert Mixail Aleksandrov bunu belə izah edir: “Bu bir sıra amillərlə bağlıdır. Əsas amil isə Ermənistandakı hadisələrdir. Bu, Paşinyanın hakimiyyətə gəlişi və müxtəlif yönlərdə hansısa təlaşlı fəaliyyətidir. Xüsusən də KTMT baş katibi, general Yuri Xaçaturovun həbsi Moskvada fitnəkarlıq kimi qəbul edilib. Bu həm də amerikalı kuratorların məsləhətilə fitnəkarlıq idi. Keçmiş prezident Robert Köçəryanın həbsi Moskvada əndişə doğurdu ki, Rusiya ilə münasibətlərin inkişafı nəticəsində tərəfdarlarının siyasi “təmizlənməsi” başlanacaq. Moskvanın gözündə Ermənistanın mövqeyi açıqca zəifləyib. Bakı durumdan faydalanmaq və KTMT-yə daxil olmaq mövzusunda zəmini yoxlamaq qərarına gəlib”.

Aleksandrovun fikrincə, daha bir amil Xəzər dənizinin hüquqi statusu haqda Konvensiyanın imzalanmasıdır: “Bu göstərdi ki, Rusiya qonşuların maraqlarını nəzərə alaraq bölgədə müsbət, sabitləşdirici lider kimi çıxış edir”. Ermənistan KTMT-dədirsə, Azərbaycanın ora necə daxil ola biləcəyi barədə ekspert vurğulayır: “Bəs bunu Ermənistandan başqa KTMT-nin bütün üzvləri dəstəkləsə? Elə bir durum meydana çıxa bilər ki, İrəvanın fikrilə sadəcə hesablaşmamağa başlayacaqlar. Ya da Ermənistan təşkilatdan çıxacaq. Rusiyaya hansı variantın sərfəli olduğunu ölçüb-biçmək lazımdır”. Qəzet bir daha diqqəti buna yönəldir ki, Ermənistanın son gedişləri KTMT-nin imicinə zərbə olmaqla yanaşı, Rusiyanın Ermənistan siyasətini dəyişməsinə gətirib çıxarır. Bu durumda Bakı maraqlarına uyğun manevr etməklə Ermənistanı daha çətin vəziyyətə salıb, Qarabağ münaqişəsinin həllində müəyyən uğurlar da qazana bilər.

Tahir TAĞIYEV