Bakı Kitab Mərkəzi kütləvi oxu mədəniyyətinin bərpasında necə rol oynayacaq?

29 Avqust 2018 14:18 (UTC+04:00)

“Oxucuların kitaba qaytarılması işinə Heydər Əliyev Fondunun rəhbərlik etməsi çox təqdirəlayiq haldır”

“Bu mərkəzin yaradılması eyni zamanda naşirlərin, nəşriyyatların üzərinə də böyük məsuliyyət qoyur...”

Son illər Azərbaycanın həm payxatında, həm də regionlarında müasir tipli kitab evlərinin, kitab mərkəzlərinin açılması prosesinə şahidlik edirik. Bu prosesdə Heydər Əliyev Fondunun rolu xüsusilədir. Fondun təşəbbüsü ilə Bakı Kitab Mərkəzinin açılışı da bu sahədə görülən işlərin tərkibinə daxildir.

Bakı Kitab Mərkəzinin açılması, sözsüz ki, paytaxtımızın mədəni həyatında yaddaqalan hadisələrdən biridir. Vurğulayaq ki, kitabsevərlər Bakı Kitab Mərkəzindən Azərbaycan və digər dillərdə dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitablar, musiqi kitabları, notlar və s. çap məhsulları əldə edə biləcəklər.

Bildirilənə görə, mərkəzin yaradılmasında məqsəd müasir insanlarda oxu mədəniyyətini formalaşdırmaq və kitabı təbliğ etməkdir. Onu da vurğulayaq ki, burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq ki, onların sırasında Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər də var və onları  oxucular rahatlıqla əldə edə bilərlər.

Bakı Kitab Mərkəzi kütləvi oxu mədəniyyətinin bərpasında necə rol oynayacaq?

Ekspertlərin fikrincə, Heydər Əliyev Fondu tərəfindən yaradılan Bakı Kitab Mərkəzi oxucuların yenidən kitaba qaytarılmasında mühüm rol oynayacaq. Ekspertlər bildirir ki, son zamanlar ölkəmizin müxtəlif yerlərində, o cümlədən də Bakıda kitab mağazalarının, kitab evlərinin və kitab mərkəzlərinin açılmasına Heydər Əliyev Fondunun ciddi dəstək verməsi, bu təşəbbüslərin önündə getməsi təqdirəlayiq haldır.

Ekspertlər hesab edir ki, Bakı Kitab Mərkəzində oxucular üçün hər cür şəraitin yaradılması müsbət haldır və bu Mərkəzin böyük bir maarifçilik funksiyasını yerinə yetirməsinin əsas göstəricisidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə açıqlamasında Heydər Əliyev Fondunun dəstəyi, təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin cəmiyyətimizdə oxu mədəniyyətinin formalaşmasında mühüm rol oynacağını bildirdi. “Ümumiyyətlə, Bakı şəhərində və regionlarda yeni kitab mərkəzlərinin yaradılmasına çox böyük ehtiyac var. Çünki vaxtilə həm paytaxtda, həm də ayrı-ayrı şəhər və rayonlarımızda kitab evləri vardı. O kitab evlərində respublikada və respublikadan kənarda çap olunan kitablar satılırdı. Oxucular o kitabları alıb oxuyub maariflənirdilər, həmin kitablar insanların kitabxanalarını bəzəyirdi. Amma təəssüflər olsun ki, Sovetlər dağıldıqdan və ölkəmiz müstəqillik əldə etdikdən sonra kitab mağazalarının sayı azalmağa başladı. Bunlar da oxucu auditoriyasının itirilməsinə gətirib çıxardı. Şükürlər olsun ki, artıq oxucuların kitaba qaytarılması prosesinə başlanıb. Oxucuların kitaba qaytarılması işinə Heydər Əliyev Fondunun rəhbərlik etməsi çox təqdirəlayiq haldır. Heydər Əliyev Fondu həyatımızın müxtəlif sahələrində ciddi layihələr həyata keçirir və bunlar insanların həyatında əhəmiyyətli rol oynayır. Çox sevindirici haldır ki, bu layihələrdən biri də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Kitab Mərkəzi yaradılmasıdır. Bu o deməkdir ki, Heydər Əliyev Fondu Bakıda kitab mərkəzlərinin yaradılması sahəsinə də diqqəti artırır. Bu digər adamların da kitab mərkəzləri yaratması işinə diqqəti yönəldir. Çünki bu gün Bakıda keçmiş dövrlərdə olduğu kimi kitab evlərinin, kitab mərkəzlərinin, litab satış mağazalarının yaradılmasına çox böyük ehtiyac var. Bakı Kitab Mərkəzinin yaradılması əslində Heydər Əliyev Fondunun cəmiyyətə bir mesajıdır. Mən çox istərdim ki, iş adamları Bakının müxtəlif yerlərində kitab evləri tiksinlər və o kitab evlərində respublikada çap olunan kitablar təqdim edilsin, oxucular o kitabları alıb evlərinə aparsınlar, oxuyub kitab rəflərinə yığsınlar. Hətta o kitab evlərinin özündə oxu zalları yaradılsın, insanlar o oxu zallarında kitabları oxuyub maariflənsinlər. Yenə qayıdıram Heydər Əliyev Fondunun təşəbbüsü ilə açılan Bakı Kitab Mərkəzinin fəaliyyətinə. Bakı Kitab Mərkəzinin yaradılması, açılması oxucuların kitaba qaytarılmasında, yeni nəsil oxucularında kitab oxu mədəniyyətinin formalaşdırılmasında olduqca böyük bir hadisədir. Bu mərkəzdə həm respublikada, həm xaricdə çap olunan müxtəlif profilli, məzmunlu kitabların, albomların, eləcə də digər çap vəsaitlərinin yer alması oxucuların qarşısında yeni oxu mənzərəsi açacaq. Burada elmi, hüquqi, siyasi, iqtisadi və s. kitabların özünə yer alması bir daha oxucu auditoriyasını toplamaq deməkdir”-deyə B.Xəlilov bildirdi.

B.Xəlilov həmçinin onu da qeyd etdi ki, Bakı Kitab Mərkəzinin yaradılması yerli naşirlərin çiyinlərinə də böyük məsuliyyət qoyur. B.Xəlilov hesab edir ki, indi naşirlər öz çap etdikləri kitabların keyfiyyətinə, məzmununa daha çox əhəmiyyət verməlidir ki, nəşr etdikləri məhsullar başqa nəşriyyatların, mətbəələrin çap etdiyi kitablarla rəqabətə tab gətirə bilsin.

“Açıq deyək, keçmişdə çap olunan kitabların spesifik qoxusu vardı və o kitabların iyi burnumuzda qalırdı. Oxucular o iyin özünü də çox yaxşı qəbul edirdilər. Bu mərkəzin yaradılması eyni zamanda naşirlərin, nəşriyyatların üzərinə böyük məsuliyyət qoyur ki, onlar keyfiyyətli kitablar çap etsinlər. Bu gün rəqabətli kitab dövrüdür. Çünki bütün dünyada kitabların keyfiyyəti və çeşidləri də müxtəlifdir. Bakıda və ölkəmizin müxtəlif yerlərində nəşriyyatlar var. Bu nəşriyyatların rəqabəti müasir tələbata uyğun olmalıdır. Bu kitab mərkəzinin olması artıq nəşriyyatların daha müasir dizaynda, poliqrafiyada kitab nəşr etməsini tələb edir”-deyə bildirən B.Xəlilov hesab edir ki, bu kitab satışı işinə də xeyli yardımçı olacaq.  Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Kitab Mərkəzinin yaradılmasını alqışladığını bildirən B.Xəlilovun sözlərinə görə, bu mərkəz bizim bir oxucu kimi həyatımızda mühüm rol oyanayacaq:”Belə hesab edirəm ki, bu nümunəvi bir işdir, mədəni-mənəvi mühitimizin, insanların mənəvi aləminin zənginləşməsi üçün çox əhəmiyyətli rol oyanayacaq. Özü də bu Mərkəz Bakının mərkəzi hissəsində açılıb. Bu mərkəz insanlarda kitaba məhəbbəti daha da artıracaq”.

İradə SARIYEVA