Pəhləvanlarımızın növbəti uğurları... - FOTO

11 Avqust 2018 12:54 (UTC+04:00)

Bugünlərdə məşhur pəhləvan Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq Qran Pri yarışlarında Azərbaycan idmançıları növbəti dəfə öz məharətlərini göstəriblər.

Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Əli Rəhimzadə keçirdiyi ilk üç qarşılaşmanı böyük üstünlüklə öz xeyrinə başa vuraraq final mərhələsinədək irəliləyib, turnirin gümüş medalını qazanıb.

Təmsilçimizi bu yarışa Cəmiyyətin İdman təlimi şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı İlham Mustafayev hazırlayıb.

İ.Mustafayevin digər yetirməsi Rəsul Səfərov isə Belarusun paytaxtı Minslk şəhərində keçirilən pəhləvan güləşi yarışında fərqlənə bilib, milli yığmamızın medal mücrüsünə daha bir qızıl medal əlavə edib. Belə ki, çəkisi 60 kiloqramadək olan idmançılar arasında yarışan təmsilçimiz rəqiblərindən heç kəsə yenilməyib.

Qadın güləşçilərin yarışında isə DİN İdman Cəmiyyətinin daha bir yetirməsi Səbirə Əliyevə çəkisi 76 kiloqramadək olan idmançılar arasında bürünc medala sahib olub.

***

Bu yaxınlarda Türkiyədə Vehbi Əmrənin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq Qran Pri yarışlarında ölkəmizin təmsilçiləri yüksək nəticə göstəriblər.

Millimizin heyətində güləşən DİN İdman Cəmiyyətinin əməkdaşı, polis leytenantı Kamran Məmmədov ilk qarşılaşmalarda inamlı qələbələr qazanaraq  çəkisi 67 kiloqramadək olan güləşçilər arasında bürünc medala sahib olub.

Təmsilçimizi əməkdar məşqçi, polis polkovnik-leytenantı Radik Hüseynov hazırlayıb.

Zeyni Hüseynov
DİN Mətbuat Xidmətinin əməkdaşı