Həm kubok qazandı, həm də vəsiqə... - FOTO

6 İyun 2018 00:22 (UTC+04:00)

Bu yaxınlarda Portuqaliyanın Koimbra şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku uğrunda yarış keçirilib. 28 ölkədən 416 yeniyetmə cüdoçunun mübarizə apardığı Avropa kuboku turnirində Azərbaycan millisinin tərkibində DİN İdman Cəmiyyətinin Sumqayıt Regional Qurumunun yetirməsi Nizaməddin Poladov da qələbə uğrunda inamla mübarizə aparıb. O, 60 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək Avropa kubokunun sahibi olub.

Cüdoçumuz bu qələbə ilə iyunun 28-də Bosniya və Herseqovinada keçiriləcək cüdo üzrə Avropa çempionatına da vəsiqə qazanıb.

Qeyd edək ki, təmsilçimizi bu yarışa DİN İdman Cəmiyyətinin Sumqayıt Regional Qurumunun əməkdaşı, əməkdar məşqçi Elçin Səfixanov hazırlayıb.

N.Poladov polis ailəsində dünyaya göz açıb. Atası, istefada olan polis polkovnik-leytenantı Elşən Poladov da idmanda bir çox nailiyyətlər qazanıb. O, beynəlxalq dərəcəli idman ustasıdır. İdmanın sambo növü ilə peşəkar idmançılar arasında Avropa çempionu, Dünya kubokunun sahibidir. E.Poladov 2 dəfə dünya ikincisi, 3 dəfə isə dünya üçüncüsü olub. Cüdo üzrə isə dəfələrlə beynəlxalq turnirlərdə, respublika çempionatlarında qalib gəlib.

N.Poladov hələ uşaq yaşlarında idmana həvəs göstərib. O, bu ilin geridə qalan dövrü ərzində Tunisdə Afrika kuboku üzrə açıq birincilikdə 3-cü yerə, Mərakeşdə keçirilən qitə çempionatında 2-ci yerə, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş yarışda 1-ci yerə sahib olub.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı