Putinin inauqurasiyası ərəfəsində Rusiya qarışdı, kütləvi həbslər başladı… - YENİLƏNDİ / FOTO / VIDEO

5 May 2018 22:10 (UTC+04:00)

Vladimir Putinin inauqurasiyası ərəfəsində, müxalif lider Aleksey Navalnının çağırışı ilə minlərlə insan Moskva və Rusiyanın 90 digər şəhərində küçələrə çıxıb. Baki-xeber.com xəbər verir ki, mart ayındakı seçkilərdən sonra ilk dəfə böyük aksiyalara səhnə olan Rusiyada, polis etirazçılara sərt müdaxilə edib.

Aprel ayında keçirilən seçkidə iştirakının qarşısı alınan Navalnı Moskvada “O bizim üçün çar deyil” şüarlı ilə başlayan aksiyadan qısa müddət sonra polis tərəfindən həbs edilib. Navalnı etirazdan öncə gizlənib ki, həbs olunmasın. Daha sonra o, Puşinskaya Meydanına qədər gəlib. Orada polislər onu ayaqları və qollarından tutaraq maşına salıb aparıblar. Etirazçılar isə “Putinsiz Rusiya” və “Çara son” şüarları səsləndirib.

Bundan sonra Putinin tərəfdarları ilə etirazçılar arasında qarşıdurma yaranıb. Qarşıdurmanın ardından polis etirazçılara çox sərt müdaxilə edib. Polis Puşinskaya Meydanında "Putinsiz Rusiya" şüarları səsləndirən Putin əleyhdarlarının kütləvi həbsinə başlayıb. Mindən çox etirazçı saxlanıb.

Millətçi gənclər hərəkatı da Moskvada fərqli etiraz aksiyası təşkil edib. Onlar Navalnının tərəfdarlarının Puşinskaya Meydanına çıxış əldə etməsinin qarşısını almağa çalışıb.

Sankt-Peterburqdakı nümayişə də minlərlə insan qatılıb. Etirazçıların şəhərin mərkəzi meydanına çıxmalarının qarşısı alınıb.

Bundan əlavə Sibir şəhərlərində də etiraz askiyaları keçirilib. Polis bütün şəhərlərdə etirazçıların kütləvi həbsinə başlayıb. Müşahidəçilər polisin Krasnoyarskda 150, Yakutskda isə 75 nəfəri həbs etdiyini bildirir.

O da bildirilir ki, Moskvanın müxtəlif bölgələrinə Rusiya Milli Qvardiyasının qüvvələri yerləşdirilməyə başlanılıb.

Navalnı Rusiyanın 90-dan çox şəhərində xalqı küçələrə çıxmağa çağırıb. Aksiyaların bəzilərinə icazə verilməsi isə diqqət çəkir. Rusiya polisi isə prezident Vladimir Putinə qarşı müxtəlif şəhərdə etirazlardan öncə Navalnının tərəfdarlarının həbsinə başlayıb, onların evlərində reydlər keçirib.

Bundan əvvəl Nalvnının heyətinin başçısı Leonid Volkov təqiblərin qaçılmaz olduğu ilə bağlı xəbərdarlıq edib: “Rəsmilər hər zaman etirazlardan qorxublar, qorxmağa da davam edirlər. Onlar əllərindən gələn hər şeyi, xəbərdalıq, hədə, müxalifəti dağıtmaq vədləri edirlər. Bu hər zaman belədir”.

Volkov bəzi yerlərdə aksiyalara icazə verilməsini isə hökumətə demokratiya donu geyindirmək cəhdi kimi şərh edib.

Qeyd edək ki, 1999-cu ildən bəri ya prezident ya da baş nazir olan Putin martın 18-də seçkidə qalib gələndən sonra bazar ertəsi and içərək yeni altı illik müddətə prezident vəzifəsinin icrasına başlayacaq.

Martda seçkilərində Putin səslərin 77 faizini qazanaraq qalib gəlib. O, Sovet İttifaqı dağılandan sonra ən çox səs toplayan Rusiya lideridir.