"Etdiyi qanuni hərəkətin sona çatdırılmasına nail olmalıdır ki, Lapşinin Bakıya təhvil verilməsi reallaşsın"
Məlum olduğu kimi, işğal altındakı ərazilərimizə qanunsuz səfər edib separatçı rejimi təbliğ edən, üçlü vətəndaşlığa (İsrail, Ukrayna, Rusiya) malik blogger Aleksandr Lapşin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanıb.
Verilən məlumatlardan belə aydın olur ki, Lapşinin Azərbaycana ekstradisiyasına bir şey qalmayıb və o, tezliklə, ola bilsin elə bu həftə Bakıya göndəriləcək. Məsələdə İsrailin diplomatik kanallarla Azərbaycana təzyiqi də, görünür, effektli olmayıb. Bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun son açıqlaması təsdiq edir:
"Bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda saxlanan Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar hazırda zəruri tədbirlər davam etdirilir".
Onun sözlərinə görə, A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim edilib: "A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğu üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib. Minsk Məhkəməsinin qərarı ilə Aleksandr Lapşin barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin Azərbaycan tərəfə təhvil verilməsi üçün sənədləşmə işləri aparılır".
Prokurorluğun açıqlamasından az əvvəl isə İsrail mətbuatı Lapşinin həqiqətən Bakıya ekstradisiya oluna biləcəyini yazıb.
Lapşinin Bakıya verilməsi reallaşacağı təqdirdə Dağlıq Qarabağa icazəsiz səfər edənlərin məsuliyyəti bir qədər də artmış olacaq. Belə vəziyyətdə Belarus hökuməti necə davranmalıdır?
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, Belarusun Azərbaycanla bağlı son hərəkətləri əsl dost münasibətinin olduğunu ortaya qoyur: "Biz bunu KTMT çərçivəsində də dəfələrlə müşahidə etmişik. İşğal olunmuş torpaqlara qanunsuz səfər edənlərlə bağlı XİN-in "qara siyahı"sı müəyyənləşib. Həmin siyahıya bir çox ölkələrin vətəndaşlarının adı düşüb. Ancaq təəssüflər olsun ki, həmin şəxslərin həbs edilərək Azərbaycana təhvil verildiyini görməmişik. Siyahıda olan şəxslərin Azərbaycan hökumətindən üzrxahlıq etdiyinin də şahidi olmuşuq, hətta bunun nəticəsində bəzilərinin adı "qara siyahı"dan çıxarılıb da. Ancaq Lapşin məsələsi çox ciddi faktı ortaya qoydu. Bu cür ictimai şəxsin Azərbaycanın sorğusu əsasında həbs olunması təbii ki, başqaları üçün bir örnək olacaq və onlar həmin regiona qanunsuz səfərin hansı nəticələrə səbəb olacağını təxmin edəcək. Bu məsələdə Belarus hökumətinə təşəkkür düşür. Çünki onlar böyük bir risqi göz altına alaraq Lapşinin saxlanmasını həyata keçirib. Bilirsiniz ki, həbs edilən blogger həm də İsrail vətəndaşıdır. Tel-Əviv bu məsələdə Lapşini müdafiə edir. Belarus bundan sonra da möhkəm dayanmalıdır. Etdiyi qanuni hərəkətin sona çatdırılmasına nail olmalıdır ki, Lapşinin Bakıya təhvil verilməsi reallaşsın".
Məhəmmədəli QƏRİBLİ