.jpg)
Ölkədə fəaliyyət göstərən müəsissələrin və biznes qurumlarının əsas hissəsinin paytaxt Bakıda cəmləşməsinə və bunun öz növbəsində xoşagəlməz fəsadlara səbəb ola biləcəyinə dair dəfələrlə xəbərdarlıqlar səsləndirilib. Lakin real vəziyyətdə bu məsələnin hələ tam həllini tapmadığı da aydın müşahidə olunur və bu, rəsmi dairələri də narahat edir. Məsələyə münasibət bildirən millət vəkili Musa Quliyev hakim partiyanın saytına müsahibəsində qeyd edir ki, bütün dünyada urbanizasiya prosesi gedir və dünya əhalisi şəhərlərə, şəhəryanı qəsəbələrə yerləşməyi üstün tuturlar:
"Bu məsələ Azərbaycan üçün də xasdır, ondan qaçmaq mümkün deyil, ona görə regional əhəmiyyətli şəhərlərimizi inkişaf etdirmək Bakının yükünü azaltmaq baxımından çox əhəmiyyətlidir". Millət vəkili qeyd edib ki, regionların inkişafı birinci növbədə urbanizasiya prosesinin sürətini azaltmaq, bütün regionlardan Bakıya axının qarşısını almaq baxımından çox əhəmiyyətlidir.
Hələlik isə təhllilər göstərir ki, son illərdə regionların inkişafı məqsədilə dövlət tərəfindən xeyli işlər görülsə də, böyük həcmdə investisiyalar yatırılsa da, Azərbaycanın əsas iqtisadi güc mərkəzi kimi hələ də paytaxt Bakı çıxış edir. Bunu paytaxt və regionlar üzrə yerləşən müəssisələr nisbəti də aydın sübut edir. Mütəxəssislər bildirir ki, müəssisə və sahibkarların böyük hissəsinin Bakıya toplanması paytaxtda əhalinin sıxlığı ilə bağlıdır. Bundan əvvəl Beynəlxalq Maliyyə Korporasiyasının araşdırmaları da belə bir nəticəni üzə çıxarmışdı ki, müəssisə və sahibkarların 60 faizdən çoxu ticarət sektorunda fəaliyyət göstərdiyindən, əhalinin sıx olduğu ərazilərdə işləməyə üstünlük verir. Ticarət müəssisələrinin paytaxtda çoxluğunun başqa bir səbəbi burda həyat səviyyəsinin rayonlara nisbətən yüksək olmasıdır. Müəssisələr isə daha yaxşı alıcılıq qabiliyyəti olan müştərilərə yaxın olmaq istəyir. Fərdi sahibkarlıqla məşğul olanlar da ən çox Bakıya üstünlük verir.
Bundan başqa, araşdırmalar göstərir ki, iş adamlarının əksəriyyəti az pul tələb edən və gəliri tez çıxaran bizneslə məşğul olmağa üstünlük verdiyindən, paytaxt hələ də əsas cəlbedici məkandır. Müşahidələr də göstərir ki, sahibkarların əksəriyyəti işə başlamaq üçün çox pul tələb etməyən və tez gəlir gətirən sahələrdə, xüsusilə ticarətlə məşğuldur. İş adamlarının çox cüzi hissəsi böyük investisiya tələb edən və nisbətən uzun müddətdən sonra gəlir verməyə başlayan istehsalla məşğul olur. Beləliklə məlum olur ki, özəl biznesin böyük hissəsi Bakıda və respublikanın iri şəhərlərində cəmləşib. Eyni sözləri səhiyyə barəsində də söyləmək mümkündür. Dövlət tərəfindən regionlarda xeyli sayda səhiyyə obyektlərinin inşasına rəğmən, hələ də özəl xəstəxanalara regionlarda tələbat xüsusilə böyükdür. Ekspertlər isə bildirir ki, sahibkarlar regionlarda, xüsusilə turizm bölgələrində səhiyyə şəbəkələrini genişləndirə bilər. Üstəlik, bu gün Azərbaycanda mövcud olmayan səhiyyə xidmətlərini də təşkil etmək olar.
Mütəxəssisin sözlərinə görə, bölgələrdə kredit şərtlərinin ağır olması, kredit götürəndə girovlarla bağlı çətinliklər də rayonlardakı şirkətlərə problemlər yaradır. Bakıda çalışan müəssisələrin isə həm girovları etibarlı olur, həm də banklar adətən belələrinə krediti daha asan verir. Ancaq o da faktdır ki, istehsalla məşğul olan müəssisələr getdikcə daha çox rayonlarda işləməyə üstünlük verir. Əvvəla, bölgədə vergi yükü Bakıya nisbətən azdır. Bundan başqa, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olanlar xammala yaxın olmalıdır. Üstəgəl, rayonlarda işçi qüvvəsi də Bakıya nisbətən ucuzdur.
Musa Quliyevin də dediyinə görə, bölgələrdə yaradılan yeni iş yerlərində də yüksək məvaciblərə verilir və o, konkret misal kimi Gəncəni göstərir: "Məlumat üçün deyim ki, son illərdə Gəncənin əhalisi 30-35 faiz artıb. Bunun da əsas səbəbi bir tərəfdən yaşayış imkanlarının genişlənməsidirsə, digər tərəfdən kənara işləmək üçün gedənlərin geri qayıtması ilə bağlıdır. Yeni istifadəyə verilmiş Gəncə Alüminium Zavodu kompleksində işləyənlərin orta aylıq əmək haqqı 450 manatdan yuxarıdır ki, bu da respublika üzrə göstəricini xeyli üstələyir.
Yəni yaradılan obyektlərin hər birində yeni iş yerləri var. Bunun da çoxu daimi və yüksək maaşlı iş yerləri olacaq. Digər tərəfdən, sosial infrastrukturun yaxşılaşdırılması, yəni qaz, işıq, su, kanalizasiya təchizatının olması insanların yaşayış səviyyəsinin keyfiyyətini yüksəldən amillər sırasındadır.
Bu mənada iqtisadiyyatın inkişafı birbaşa əhalinin sosial rifah halının yüksəlməsini şərtləndirir. Gəncədə gedən proseslər də nəticə etibarilə Azərbaycan vətəndaşının sosial rifahını yaxşılaşdırmağa, onun həyat keyfiyyətini yüksəltməyə yönəlik işlərdir".