Britaniya səfiri Qarabağ probleminin həllinə kömək edə biləcək bir sıra beynəlxalq modellər olduğunu deyir
.jpg)
Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman (Peter Bateman) APA-ya geniş müsahibəsində "Siz beynəlxalq təcrübədə Dağlıq Qarabağ probleminin çözümünə model ola biləcək hər hansı örnək görürsünüzmü" sualına belə cavab verib:
"Aydındır ki, hazırkı "status-kvo" qəbuledilməzdir və Britaniya mümkün qədər tez münaqişənin sülh yolu ilə həllini arzu edir. Buna görə biz bu hədəfə yaxınlaşdıracaq bütün səyləri, o cümlədən bu yaxınlarda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşünü dəstəkləyirik. Əminəm ki, Qarabağ münaqişəsinin çözümünə yardım edə biləcək bir sıra modellər olmalıdır. Bununla bərabər düşünürəm ki, münaqişəyə birbaşa cəlb edilmiş tərəflərin özləri hansı variantın sülhə və rifaha xidmət edəcəyinə qərar verməlidir.
- Azərbaycanda belə bir narahatlıq var ki, İrana qarşı mümkün hərbi əməliyyat Azərbaycan üçün mənfi fəsadlarla müşayiət oluna bilər. Siz Azərbaycanın narahatlığı barədə nə düşünürsünüz?
- Biz Azərbaycanın regional münasibətlərdə həssas yolla irəlilədiyini tam anlayışla qarşılayırıq. Azərbaycan İranla insani cəhətdən çoxlu əlaqələrə malikdir, həmçinin ortaq sərhəd amili də var və bu o deməkdir ki, iki ölkə bir çox sahələrdə birgə işləməlidir. Bu baxımdan Azərbaycanın narahatlığı anlaşılandır və Britaniya da regionda gərginliyin daha da qızışmasından yayınmaq üçün səy göstərmək əzmindədir.