.jpg)
"Azərbaycanda ictimai təşkilatların keyfiyyət kateqoriyalarına bölünməsinə başlanacaq".
Bunu APA-ya açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Şura sədri bildirib ki, bəzi Avropa ölkələrində belə təcrübə var və bu, "İctimai faydalı təşkilat" statusu adlanır: "Təşkilat ictimaiyyətdə və QHT sektorunda tanındıqdan, konkret əməli, fəaliyyəti, təcrübəsi və həyata keçirdiyi layihələri ilə nəzərdə tutulan standartlara cavab verdikdən sonra ona müəyyən status verilə bilər. Bu status bəzi vergi güzəştlərini, əlavə maliyyə yardımlarını özündə ehtiva edə, digər donorlarla əməkdaşlıqda müəyyən üstünlük verə bilər".
A.Quliyev qeyd edib ki, ictimai faydalılıq əmsalı da I, II, III qruplara bölünəcək: "Bununla da bağlı yəqin həm qanunvericilikdə, həm də müvafiq normativ hüquqi sənədlərdə aidiyyatı üzrə dəyişikliklər edilməlidir. 2012-ci ildə bu məsələyə xüsusi diqqət yetirəcəyik".
O, standartları müəyyənləşdirəcək qurumun hələ bəlli olmadığını da söyləyib: "Standartları şura da müəyyənləşdirə bilər. Çünki şura bu istiqamətdə yeganə ixtisaslaşmış orqandır.
Məntiqi cəhətdən standartların şura tərəfindən müəyyənləşdirilməsi mümkündür. Yaxud da ayrı qurum yaradıla bilər. Məncə, əlavə xərc tələb etdiyindən ayrıca qurumun yaradılmasına ehtiyac yoxdur.
Hesab edirəm ki, şurada QHT nümayəndələrinin iştirakı ilə müvafiq komissiya yaradılaraq bu iş rahatlıqla həyata keçirilə bilər".