.jpg)
"Bakı" klubu qış transfer dövründə 3 futbolçunun transferini həyata keçirib.
Komandanın baş məşqçisi Aleksandr Starkovun Lent.az-a verdiyi məlumata görə, bunlar Sloveniyanın "Domjale" klubunun mərkəz yarımmüdafiəçisi Lukaş Xorvat, Xorvatiyanın "Rieka" klubunun mərkəz müdafiəçisi Duje Bakoviç, Serbiya yığmasının və "Srvena Zvezda" klubunun sabiq dayaq müdafiəçisi Nenad Kovaçeviçdir.
Xorvat və Bakoviç artıq məşqlərə də qatılıblar. Kovaçeviç isə hələlik komandanın düşərgəsində deyil.
Artıq "Bakı" klubunun və Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədovun əsgərlik problemi həll olunub. Baş məşqçi Aleksandr Starkovun sözlərinə görə, artıq 24 yaşlı yarımmüdafiəçi komandanın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısına qoşulub. Starkov Məmmədov üçün növbəti çağırışadək Hərbi Komissarlıqdan icazə götürüldüyünü söyləyib: "Elvin üçün müvəqqəti də olsa, icazə alınıb. Hesab edirəm ki, bu, seleksiya işində ən böyük qələbəmizdir. Elvin artıq burdadır, hazırlaşır. O, yarım ildir klubumuzda olsa da, potensialını hələ açmayıb. Ümidvaram ki, qarşıdakı müddətdə komandamızın uğurları naminə əlindən gələni edəcək".