Bakıda amerikalı jurnalist və Böyük Britaniyadan olan hüquq müdafiəçisini döyməkdə təqsirləndirilən şəxslər məhkəmədə günahlarını boyunlarına almadılar
.jpg)
Dünən Yasamal Rayon Məhkəməsində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Selia Deyvisə qarşı xuliqanlıq hərəkətləri etməkdə və onları döyməkdə təqsirləndirilən Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Elçin Qurbanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış edib. Onlar özlərini təqsirli bilmədiklərini bildirib və hakimdən barələrində bəraət hökmünün çıxarılması barədə xahiş edib. Daha sonra hakim hökmü elan etmək üçün müşavirəyə gedib. Proses yanvarın 27-də davam etdiriləcək.
Qeyd edək ki, 2011-ci il iyunun 15-dən 16-na keçən gecə saat 00:20 radələrində paytaxtın Yasamal rayonu Vidadi küçəsində Böyük Britaniya vətəndaşı Silviya Devis və ABŞ vətəndaşı Amanda Erikson döyülüblər. Bununla əlaqədar həmin gün Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun törətdiyi məlum olub və onlar tutulub.
A.Erikson və S. Devisin Azərbaycandakı fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A.Erikson, həmçinin, ABŞ-ın nüfuzlu "Vaşinqton Post" və "Nyu-York Times" qəzetləri ilə də əməkdaşlıq edir.