İstedadlı gənclərə dövlət qayğısının real təcəssümü və nəticələri...
Nail Bağırzadə: "Gənclərlə bağlı qəbul olunmuş gözəl qanunların icra olunmasına da nəzarət güclənməlidir"
Seymur Əliyev: "Dövlətin istedadlı gənclərə göstərdiyi qayğını müsbət qarşılayırıq"
"Belə gənclərin istedadının nəticəsidir ki, "Eurovision" bu il Azərbaycanda keçiriləcək"
.jpg)
Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edir.
Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına töhfələrini verir. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Son vaxtlar Azərbaycan dövləti gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər məsələlər qarşıda duran əsas vəzifələrdəndir. Bildiyimiz kimi, 2 fevral 1996-cı ildən mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirdi.
İmzalanan prezident fərmanına əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi.
Bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını da təmin etdi. 1996-2002-ci illərdə qəbul olunan "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və sərəncamlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" Dövlət Proqramı bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına təsir göstərdi.
Müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Dövlət tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında iştirak edərək uğurlu nəticələrə imza atırlar. Vaxtilə müxtəlif səbəblər üzündən respublikamızı tərk etmiş idmançılar vətənə qayıdaraq ölkəmizin idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldır.
Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib.
Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanır. Gənclərin və yeniyetmələrin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və bu kimi məsələlər proqramda əksini tapır.
Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilir.
Bildiyimiz kimi, gənclərin əsas fəaliyyəti 9 aprel 2002-ci ildə qəbul olunmuş Gənclər Siyasəti Haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanununda diqqət çəkən məqamlardan biri də 6-cı maddədə öz əksini tapan istedadlı gənclərə dövlət qayğısının neçə olmasıdır. Qanunun bu maddəsində deyilir:
- sosial və maddi vəziyyətindən asılı olmayaraq, istedadlı və yaradıcı gənclərin təhsilini davam etdirməsinə dövlət təminat verir. Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə təhsilini başa vurduqdan sonra qaytarmaq şərti ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər verilə bilər.
- sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə təhsilini başa vurduqdan sonra qaytarmaq şərti ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər verilə bilər.
- Dövlət istedadlı gənclərin Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda müasir peşə və ixtisaslar üzrə təhsil almalarına, təcrübə keçmələrinə şərait yaradır.
- İstedadlı gənclərin həvəsləndirilməsi məqsədilə dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər xüsusi təqaüd, mükafat və müavinətlər təsis edə bilər.
Göründüyü kimi, Azərbaycan dövləti istedadlı gənclərin meydana çıxmasında xüsusilə maraqlıdır. Dövlətin gənclərə verdiyi stimul sözdə yox, mühüm qanunvericilik aktlarında öz əksini tapıb.
Demokratik Azərbaycan Dünyası Partiyasının gənclər təşkilatının sədri Nail Bağırzadə hesab edir ki, dövlətin gənclərlə bağlı qəbul etdiyi bütün qanunlar çox əhatəli və gözəldir":İstedadlı gənclərə münasibətin normal olduğunu görürük. Biz partiyanın gənclər təşkilatı olaraq dövlətin bu aspektəki siyasətini müsbət qarşılayırıq. Bəzən imkansızlıq ucbatından istedadlar itib batır. Onların tapılıb üzə çıxarılmasında dövlətin yardımı olmasa, biz istedad itkisi ilə üzləşə bilərik. Bu bütün dünyanın inkişaf etmiş ölkələrində belədir. İstedadlı gənc bizim gələcəyimiz deməkdir. Hansı sahədə olursa-olsun, onların hamısı bizim vətəni təmsil edəcək. Ölkə başçısı səviyyəsində gənclərlə bağlı nə lazımdırsa edilir, ancaq qanunların işləməsində biz gənclər bəzi süni maneələrlə rastlaşırıq. Məsələn, gənc ailələrin həyat səviyyəsini yaxşılaşdırmaq üçün onlara ipotekaların verilməsi haqda qanun var. Ancaq bütün gənclər bu güzəştdən yararlana bilmir. Bəzən bununla bağlı məsul şəxslər gəncləri elə süründürür ki, hər gənc bu prosedurun arxasınca getmək istəmir. Düşünürəm ki, gənclərlə bağlı qəbul olunmuş gözəl qanunların icra olunmasına da nəzarət güclənməlidir".
Ana Vətən Partiyası Gənclər Təşkilatının sədri əvəzi Seymur Əliyev bildirdi ki, dövlət tərəfindən gənclərin hərtərəfli inkişafına xüsusi önəm verilir: "Bunu qəbul edilmiş qanunvericilik aktlarından da görmək mümkündür. Bir gənclər təşkilatı kimi biz dövlətin istedadlı gənclərə göstərdiyi qayğını müsbət qarşılayırıq. Bilirsiniz ki, dövlətin bu sahədə apardığı uğurlu siyasətinə görə çoxsaylı istedadlar üzə çıxır, onlarda olan istedad batmır. Bu da Azərbaycanın gələcək insan kapitalı deməkdir. Təbii ki, gənclərimiz bütün istiqamətlərdə inkişaf edir. Ölkə başçısının gənclərə yanaşması göz qabağındadır. İstedadlı gənclərimiz də dövlətin bu qayğısına lazımi şəkildə cavab verir və bir sıra beynəlxalq uğurlara imza atır. Belə gənclərin istedadının nəticəsidir ki, bu il "Eurovision" Azərbaycanda keçiriləcək. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Gəncliyi 2011-2015 illərdə proqramı" dövlətin gənclər siyasətinə diqqət və qayğının nümunəsidir.