.jpg)
Cənub qonşumuz ətrafında cərəyan edən olaylar hələ də gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Məsələyə münasibət bildirən italiyalı politoloq Culyetto Kyezanın fikrincə, İrana qarşı müharibə, demək olar ki, qaçılmazdır: "İki-üç il əvvəl İrana qarşı müharibə dumanlı perspektiv olsa da, bu gün müharibə ehtimalı 100%-ə çatır. Bu böyük və onu başlayanlar üçün risqli müharibə olacaq. Lakin iranlı liderləri dərhal məhv etmək və vəziyyəti sarsıtmaq mümkün olmayacaq. İran qalib gəlməsə də, müdafiəsiz də qalmayacaq".
Politoloq hesab edir ki, ABŞ və NATO hərbçiləri yerüstü əməliyyatda iştirak etməyəcək, yalnız Pakistan və İraqdakı qüvvələrdən istifadə edəcək: "Məhz bu məqsədlə də Yaxın Şərq ölkələrində gərginlik ocaqları yaradılıb".
Bu arada digər məlumata görə, İranla müharibə İsrailin bu ölkənin nüvə obyektlərinə hücumu ilə başlanacaq. Bunula bağlı hətta qeyd olunur ki, yüksək rütbəli ABŞ hərbi rəsmiləri bu gün İsrailə qısa müddətli səfər ediblər. Rəsmilər səfər əsnasında İranın nüvə proqramına dair məsələni həll etmək barədə fikir ayrılıqlarını müzakirə ediblər. ABŞ-ın birgə hərbi qərargahlar rəisi və ordu generalı Martin Dempsi, baş nazir Benyamin Netanyahu, prezident Şimon Peres, müdafiə naziri Ehud Barak və hərbi qərargahlar rəisi general Benni Qanzla görüş keçirib. Görüşün məzmunu barədə dəqiq rəsmi məlumat verilməyib. Lakin İsrail mətbuatı yazır ki, görüşdə ABŞ rəsmilərinin İsraili İrana qarşı hələlik müdafiə xarakterli hərbi hücum həyata keçirməməyə çağırıb. Buna rəğmən,
ABŞ hərbi qüvvələrinin Fars körfəzində İrandan gələn hər bir təhlükənin qarşısını almaq üçün hazırlıq gördüyünü bildirib. Məlumatlara görə, ABŞ hərbi dəniz donanması dənizdə əmrə hazır vəziyyətdə gözləyir. Bəhreyndə 5-ci dəniz donanması ABŞ-ın regionda daimi yerləşdirdiyi monolit hərbi dəniz donanmalarından biridir. Bu hərbi qüvvələr İranla gərginlik hərbi müstəviyə keçdiyi təqdirdə hücuma cavab vermək üçün hazırdır. Analitiklərin fikrincə, illərlə davam edən beynəlxalq sanksiyalardan sonra İran müharibə olduğu təqdirdə köhnəlmiş avandanlığı ilə çətinlik çəkə bilər. Müdafiə məsələləri üzrə analitik Antoni Kordsmen bununla bağlı bildirir: "Bu silahların əksəriyyəti Şah dövründən qalmadır. Digərləri isə Çin və Rusiyadan olan nisbətən aşağı keyfiyyətli sursatlardır. İranın demək olar ki, müasir yer-hava tipli raketləri yoxdur. Faktiki olaraq İranın əsas döyüş gəmiləri Şah dövrünə məxsusdur və üzərlərində çox az yenilənmə işləri aparılıb."
ABŞ eyni zamanda İrana İsrail tərəfindən hücuma səbəb ola biləcək nüvə silahlarını inşa etməməsinə dair xəbərdarlıq edir. Güclü və müasir hərbi avadanlığa malik olmayan İran, analitiklərə görə, asimmetrik müharibə ilə üzləşə bilər. Kiçik gəmilər, mina və raket qurğuları ilə İran kiçik miqyaslı, ABŞ qüvvələrini vurub qaçmaq kimi hücumlar həyata keçirə bilər. Analitiklərin sözlərinə görə, ABŞ və ya İsrailin irimiqyaslı müharibəyə başlaması, İranın hərbi qüvvələrinin bir neçə gün ərzində məhvinə gətirib çıxarmaq iqtidarındadır. Müdafiə üzrə analitik Bryus Ridelin sözlərinə görə, ABŞ və ya İsraillə İran arasında hərbi gücü müqayisə etsək görərik ki, ABŞ və İsrail İrandan olduqca güclüdür.
Lakin o da faktdır ki, Rusiya yaranmış şəraitdə İranı daha açıq şəkildə müdafiə etməyə başlayır. Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, birtərəfli sanksiyalar məsələlərin həllinə kömək etmir. Onun sözlərinə görə, Rusiya İrana qarşı hərbi əməliyyat təhlükəsindən çox əndişələnir və bunun qarşısını almaq üçün əlindən gələni edir: "Mən hətta bunun nə zaman baş verəcəyi haqqında belə düşünmək istəmirəm, biz bunun baş verməməsi üçün hər şey edirik. Əməliyyatların nəticələri çox ağır olacaq. Biz bundan ciddi əndişələnirik".
Xatırladaq ki, bu günlərdə XİN rəhbəri İrandan Azərbaycana və oradan isə Rusiyaya böyük qaçqın axını olacağını qeyd edib: "Bu problemin heç də yeganə böyük hissəsi deyil. Bu əməliyyat asan gəzinti olmayacaq. Bütün nəticələri nəzərə almaq mümkün deyil. Bunun sünni-şiə qarşıdurmasını qızışdıracağına isə mənim heç bir şübhəm yoxdur. Ardınca isə zəncirvari reaksiya gəlir. Mən onun harda dayanacağını bilmirəm".
O da çox maraqlıdır ki, vəziyyəti ağır olan İran yaranmış durumdan düzgün nəticə çıxarmaq əvəzinə qonşu ölkələr, o cümlədən Azərbaycanla münasibətlərini gərginləşdirir. Cənubi Azərbaycanın tanınmış hüquq müdafiəçisi, politoloq Saleh Kamrani hesab edir ki, İranın açıq təxribatları bir daha onu göstərir ki, rejim Azərbaycandan əl çəkmək istəmir: "İran Azərbaycanın bölgədə güclənməsindən olduqca narahatdır və buranı öz sosial bazasına çevirmək üçün müxtəlif vasitələrə əl atmaqdadır.
Ölkənin media və xüsusi xidmət orqanları bu işin həyata keçməsi üçün geniş fəaliyyət ortaya qoyub. Son hadisələr göstərdi ki, İran rejimi açıq şəkildə Azərbaycana qarşı təxribatlar aparır və bundan da geri çəkilənə oxşamır".
Saleh Kamrani İran rejiminin bu yolla Azərbaycana təsir edə bilməyəcəyini qeyd edib: "Rejimin Azərbaycanı öz sosial poliqonuna çevirmək siyasəti fiaskoya məhkumdur. Bu siyasət uğursuz olmaqla yanaşı, gec-tez bumeranq kimi özünə qayıdacaq".